Məhkəmə qərarları › İş №2(001)-989/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-989/2022

24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-989/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tərəflər arasında “X1” haqqında müqavilə imzalanmışdır. 30.07.2019-cu il tarixli 325-K saylı əmrlə cavabdeh administrator vəzifəsinə keçirilmişdir. 22.05.2020-ci i! tarixində öz ərizəsi əsasında 284-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 04.02.2020-ci il və 14.03.2020-ci il tarixində Oba-Qarayev 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 04.02.2020-ci il və 14.03.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə" dair Akta əsasən 2773,10 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 1336,33 manat güzəşt edilmiş və yekun olaraq cavabdehin cəmiyyət qarşısında 1436,77 manat borc təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. 18.02.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh iddiaya etirazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh işlədiyi dövrdə 3 aydan bir sayım aparılıb və onun əksiyi çıxmamış, lakin illik sayımda cəmi bir dəfə 60 manat əksiyi çıxmış və bu məbləğ də əmək haqqından tutulmuşdur. İddiaçı tərəfin tələb etdiyi məbləğ əsasızdır və haqq-hesab düzgün aparılmamaışdır. İddiaçı tərəfin haqq-hesabına əsasən meyvə-tərəvəz şöbəsində əksik çıxmışdır. Belə ki, yaş-təzə meyvə tərəvəz quruyur çəkisini itirir, həmçinin xarab olur və belə olan halda mədaxil çəkisi ilə satış çəkisində fərq yaranır, bu amil də malın satış qiymətinə təsir edir. Bu hal təbii haldır və meyvə-tərəvəz şöbəsində yaranmış fərq cavabdehdən tələb edilə bilməz. Cavabdeh tərəfindən iddiaçı tərəfə heç bir maddi ziyan vurulmamışdır. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin cavabdehə qarşı “maddi ziyan ödənilməsi tələbinə dair” iddia ərizəsinin əsası yoxdur və iddia müddəti ötürülməklə verildiyindən iddia müddəti tətbiq edilməli və rədd edilməlidir. Belə ki, 14.03.2020-ci il tarixdə “inventarizasiya nəticələrinə” dair akt tərtib edilmiş, ziyan vurulmasının məlum olması göstərilmiş və işəgötürən artıq həmin tarixdə hüququnun pozulmasını bilmişdir. İddia müddətinin axımı aktın tərtib edildiyi gündən başlanır. Həmçinin cavabdeh 2020-ci ilin may ayında işdən azad edilmişdir. İddiaçı tərəf 2021-ci ilin mart ayınadək iddia qaldırmalı olduğu halda iddia qaldırmamış və iddia müddətini ötürmüşdür. İddiaçı 23.02.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verdi, iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, işəgötürən olan iddiaçı ona maddi ziyanın vurulmasını 04.02.2020-ci il və 14.03.2020-ci il tarixli “İnventarizasiya nəticələrinə” dair Aktlara əsasən aşkar etmiş, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə 13.12.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 296.5-ci maddəsində iddia müddətindən deyil, kəsici müddətdən söhbət gedir. Bunları isə biribirindən fərqləndirmək lazımdır. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər isə iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Əmək Məcəllənin 296.5-ci maddəsi əmək mübahisəsinə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: - birincisi, şəxs hüququnun pozulduğunu nə vaxtdan bilib və bilməli idi; - ikincisi, həmin gündən hesablandıqda pozulmuş hüquqlarını hansı müddətdə mübahisələndirib. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də cavabdeh, müddətin tətbiqi barədə ərizə verməsə idi belə, iddiaçı cavabdehə qarşı ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkara çıxardığı gündən 1 il müddətində müraciət etmədiyinə görə, məhkəmə hazırkı mübahisəyə 1 illik kəsici müddəti tətbiq etməyə borcludur. Beləliklə, məhkəmə iddiaçının ona maddi ziyanın vurulmasını aşkara çıxardığı gündən 1 il müddətində məhkəməyə müraciət etmədiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar