Məhkəmə qərarları › İş №2(001)-998/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-998/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-998/2021 08.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2013-cü il tarixli təminatlı kredit müqaviləsinə əsasən 2.400,06 manat əsas, 1.212,01 manat cərimə, müqavilənin bitdiyi tarixdən 23.10.2020-ci il tarixinə kimi gecikdirimiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla 612,48 manat məbləğində faiz, ümumilikdə 4.224,55 manat pulun, 30 manat dövlət rüsumunun və ipoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev prospekti, 84/2 ünvanında yerləşən ümumi sahəsi 49.49 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan binaya tutma yönəldikdə və o satıldıqdan sonra həmin binanın boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(001)-998/2021 saylı qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş, iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. "xxxx" MMC-nin hesabatı 07 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Bundan sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC 15.04.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)-998/2021 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. Əmlakın qiymətləndirilməsi ekspertizasını həyata keçirən "xxxx" MMC məhkəmənin dəftərxanası vasitəsilə şikayətlə məhkəməyə müraciət edərək, qeyd edilən qərardadda "xxxx" MMC-nin göstərdiyi ekspert xidməti üzrə xidmət haqqının tutulmadığını bildirərək, mülki işin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi və ekspertiza xərcini təşkil edən 300 manat məbləğində pul vəsaitinin tutulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(001)-998/2021 saylı qərardadı ilə "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)-998/2021 saylı qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Eyni zamanda cavabdehin mülki işə iştirakı olmadan mahiyyəti üzrə baxılması tələbini ifadə edən ərizəsi, vəsatəti və sair sənədlər məhkəməyə daxil olmamışdır. Məhkəmə, iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsini, habelə cavabdehin işə mahiyyəti üzrə baxımasını tələb etməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının MPM-in 170-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsini geri götürə bilər. MPM-in 170-ci və 259.0.11-cı maddələrinin əlaqəli izahına görə bu əsasla ərizənin baxılmamış saxlanılması ərizə icraata qəbul ediləndən sonra işə mahiyyəti üzrə baxılana kimi mümkündür. iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğun olsa da cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyə haqlıdır. İddia ərizəsinin qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması barədə iddiaçının ərizəsi hələ özü-özlüyündə həmin iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olmur. Bu halda iddia ərizəsinin baxılmamış saxlanılması cavabdehin ona münasibətindən asılıdır. Belə ki, yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi onun davranışının passiv formasıdır və mülki işin materiallarında onun belə tələbinin olduğunu təsdiq edən sübutun (işə mahiyyətçə baxılması tələbini ifadə edən ərizənin, vəsatətin, məhkəmə iclası protokoluna imzasının və s.) olmaması vəziyyəti cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirmək üçün kifayətdir. Beləliklə, məhkəmə, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətini, habelə cavabdehin buna etiraz etməməsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Eyni zamanda, məhkəmə o halı da nəzərə alır ki, iddiaçı iddia üzrə həmçinin, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə tələb irəli sürmüşdür. Bu tələbə uyğun olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(001)-998/2021 saylı qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Həmin qərardadın icrası qaydasında "xxxx" MMC tərəfindən aparılmış ekspert tədqiqatının nəticələrinə dair hesabat tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. İddiaçının işin baxılmamış saxlanılması barədə ərizəsi isə məhkəməyə bu hesabatdan sonra daxil olmuşdur. Nəticə etibarı ilə "xxxx" MMC məhkəmənin qeyd edilən qərardadını icra etmiş, lakin onun göstərdiyi bu xidmətinin dəyərini təşkil edən 300 manat məbləğində pul (xidmət haqqı) ona ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ bərabər hissələrdə, yəni hər birindən 150 manat olmaqla, tərəflərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 150 (bir yüz əlli) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 150 (bir yüz əlli) manat hissəsi isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar