Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-998/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 11 yanvar 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Əliyeva X3 Elnur Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 04 yanvar 2011-ci il təvəllüdlü X4 və 10 avqust 2014cü il təvəllüdlü X5 adlı uşaqlarının saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 28 iyun 2018ci il tarixli, 2(064)-150/2018 saylı qətnaməsinə əsasən, iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları və uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Hazırda 240 manat aliment uşaqların ehtiyaclarını ödəməyə kifayət etmir. 2023-cü il üçün ölkə ərazisindəki yaşayış minimumunun həddinə əsaslanmaqla, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə həm yaşayış yeri üzrə poçt vasitəsilə, həm də mobil telefonuna “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “SMS bildiriş” xidməti vasitəsilə bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(064)- 150/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında saxlanması, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını, cavabdehin etirazını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənləri nəzərə alan məhkəmənin qənaətinə görə alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, yaşlarını, normal, yəni qida rasionalarına uyğun qidalanmalarını, geyimləri və s. ilə bağlı xərclərin mövcudluğunu və iddia tələbini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyindən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləği hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən olunması qanunvericiliyin tələblərinə, eləcə də uşaqların üstün maraqlarına uyğundur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, uşaqların saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı həy ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində müəyyən edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalı, qətnamə bu hissədə dərhal icra edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(064)-150/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 04 yanvar 2011-ci il təvəllüdlü X4 və 10 avqust 2014-cü il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 11 yanvar 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-998/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-998/2024
11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver