Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-100/2025 07.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Lada Granta 21902-544- A1” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi 1240 (min iki yüz qırx) manat pulun və ödənilmiş 32,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh 29 iyul 2024-cü il tarixdə, saat 15:33 radələrində Chevrolet Cruze markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində İddiaçı mülkiyyətində olan “Lada Granta 21902-544-A1” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus avtomobilə 1240 manat maddi ziyan dəymişdir. Ziyanın məbləği qiymətləndirmə aktı ilə təsdiq edilmişdir. Cavabdehin törətdiyi inzibati xətaya görə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri DYPİ tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hadisəyə görə cavabdeh təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra cavabdeh avtomobilə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində heç bir addım atmamış və bu günə kimi iddiaçının avtomobili istifadəyə yararsız vəziyyətdə qalmışdır. Hesab edir ki, yol nəqliyyat hadisəsinə görə təqsirli olan cavabdehdən maddi ziyanın əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri və ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “LADA GRANTA 21902-544-A1” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdir. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 29 iyul 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Chevrolet Cruze minik markalı, 77-KC-34 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 40 manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan AD 187253 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2017-ci ildən xx.xx.2027-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan “AvtoServis” şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “LADA GRANTA 21902-544-A1” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin həcmi 1240 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli, 9/8121 nömrəli ekspert rəyindən görünür ki, nəzərə hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, Babək prospektində yerləşən avtohissələr satışı bazarında (5-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Lada Granta 21902-544-A1” minik markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1200 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 29 iyul 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh təqsirli bilinmiş, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyan barədə iddia tələbi ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək qismən, 1200 manat həddində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 1200 (min iki yüz) manat məbləğində pul və 31,35 manat (otuz bir manat otuz beş qəpik) dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçındən 2 (iki) manat, Cavabdeh 48 (qırx səkkiz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı:X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-100/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-100/2025
07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver