Məhkəmə qərarları › İş №2(002)-102/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-102/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-102/2021 02.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi X3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ov oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4890.03 ABŞ dolları əsas; 3680.61 ABŞ dolları faiz; 2794.42 ABŞ dolları cərimə borcu olmaqla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1104.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12470.01 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı» ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 11-MZ-1-0-1093-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehə illik 26% tətbiq edilməklə, 18 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 müqavilə üzrə İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşlər. xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 borcu aşağıdakı kimidir: - 4890.03 ABŞ dolları əsas; 3680.61 ABŞ dolları faiz; 2794.42 ABŞ dolları cərimə borcu olmaqla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1104.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12470.01 ABŞ dolları. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. AR MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul etdi. Cərimə borcunun azaldılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi X5 məhkəmə iclasında ekspert rəyi ilə əsas borc hissəsində razı olmadıqlarını bildirdi və qeyd etdi ki ekspert rəyində əsas borc hesablanarkən kompensasiya nəzərə alınmamışdır. Faiz borcu hissəsində ekspertiza rəyi ilə razı olduqlarını bildirdi. Cərimə borcunun azaldılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 11-MZ-1-0-1093-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehə illik 26% tətbiq edilməklə, 18 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 müqavilə üzrə İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 borcu aşağıdakı kimidir: - 4890.03 ABŞ dolları əsas; 3680.61 ABŞ dolları faiz; 2794.42 ABŞ dolları cərimə borcu olmaqla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1104.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12470.01 ABŞ dolları. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli 11-MZ-1-0-1093-14 saylı müqaviləyə 1 saylı əlavədən-ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 aylıq 875.58 manat (sonuncu ay 875.56 manat) məbləğində iddiaçıya ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 hesabına 12750 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli 11-MZ-1-0-1093-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, Müqavilənin 1.2.6-cı bəndində göstərilmiş 18 ay sözləri 26 ay sözləri ilə əvəz edilmiş və kreditin müddəti 26 ay hesab edilmişdir. Müqavilənin 1.2.8-ci bəndində göstərilmiş xx.xx.2016 sözləri xx.xx.2017 sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi xx.xx.2017 hesab edilmişdir. Müqavilənin 1.2.11-ci bəndində göstərilmiş 28 faiz sözləri 26 faiz hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli 11-MZ-1-0-1093-14 saylı müqaviləyə 1 saylı əlavədən-ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 aylıq ilk ay 877.23 manat, 632.21 manat (sonuncu ay 632.24 manat) məbləğində iddiaçıya ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Xəbərdarlıqdan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlərdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/5211 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 11-MZ-1-0-1093-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2017-ci il tarixə : əsas borc üzrə - 7392.56 ABŞ dolları, faiz borcu üzrə - 2242.21 ABŞ dolları kimi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqavilənin lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən, əsas borc, xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc hissəsində tam, faiz borcu və cərimə borcu hissəsində qismən (ekspert rəyi nəzərə alınmaqla) təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 11-MZ-1-0-1093-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehə illik 26% tətbiq edilməklə, 18 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 müqavilə üzrə İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşlər. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, AR MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə 50 (əlli) ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 50 (əlli) ABŞ dolları məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ov oğlundan müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli müqavilə üzrə 4890 (dörd min səkkiz yüz doxsan) ABŞ dolları 03 (üç) sent əsas; 2242 (iki min iki yüz qırx iki) ABŞ dolları 41 (qırx bir) sent faiz; 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1104 (min yüz dörd) ABŞ dolları 95 (doxsan beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8287 (səkkiz min iki yüz səksən yeddi) ABŞ dolları 39 (otuz doqquz) sent məbləğində borc (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalı, 50 (əlli) manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ov oğlundan müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli müqavilə üzrə 4890 (dörd min səkkiz yüz doxsan) ABŞ dolları 03 (üç) sent əsas; 2242 (iki min iki yüz qırx iki) ABŞ dolları 41 (qırx bir) sent faiz; 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1104 (min yüz dörd) ABŞ dolları 95 (doxsan beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8287 (səkkiz min iki yüz səksən yeddi) ABŞ dolları 39 (otuz doqquz) sent məbləğində borc (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. 50 (əlli) manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar