Məhkəmə qərarları › İş №2(002)-1022/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1022/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1022/2023 26.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3590 manat pulun və 67 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh xx.xx.2019-cu il tarixdə ondan 3130 manat dəyərində xrustal qablar, xx.xx.2019-cu il tarixdə 2206 manat, xx.xx.2019-cu il tarixdə 2134 manat dəyərində ev əşyaları və xrustal alaraq, ona cəmi 7470 manat məbləğində borcu yaranmışdır. Cavabdeh göstərilən tarixlərdə aldığı əşyalara görə ayrılıqda hər ay 150 manat ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Həmin malların bir hissəsinin pulunu ala bilsə də, cavabdehin ona 3590 manat borcu qalmışdır. Bu səbəbdən o, Nərimanov RPİ-nin 16-cı polis bölməsinə müraciət etmiş, lakin polis bölməsi ərizə mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməsini tövsiyə etmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən qeyd olunan əşyaları həmin tarixlərdə almışdır. Lakin onkoloji xəstəliyi ilə əlaqədar ödənişləri tam icra edə bilməmişdir. Ona qarşı irəli sürülən iddia tələbi ilə qismən razılaşır. Belə ki, onun iddiaçıya cəmi 3090 manat məbləğində ödənilməmiş borcu vardır. İddiaçı özü onda olan qəbzdə 3090 manat borcun qaldığını təsdiq etmişdir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin olunmasına etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Komitənin elektron məlumat sistemində olan məlumata görə müraciətdə adı qeyd olunan Ağdam rayonundan məcburi köçkün Əliyeva X2 rayonu, Qobu Park 3 yaşayış kompleksi, bina 34, mənzil 58 ünvanında məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 07918583a saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nə iddiaçının ünvanladığı ərizə araşdırılması üçün aidiyyatı üzrə xx.xx.2020ci il tarixdə 16-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Zamil Əliheydərovun icraatına daxil olmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ərizədə heç bir inzibati xəta pozuntusu qeydə alınmamışdır və ərizənin xüsusatları mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıdan dəyəri 2206 manat olan əşya almış və ayda 150 manat hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıdan dəyəri 2134 manat olan əşya almış və ayda 150 manat hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı imzası ilə təsdiq edilmiş qəbzin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 3090 manat borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçıdan aldığı əşyaların dəyərini hissə-hissə ödəmək barədə öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin pul öhdəliklərini qismən icra etməmişdir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş, iddiaçının öz imzası ilə təsdiq etdiyi yazıla qəbzin surətinə və cavabdehin etirafına əsasən müəyyən edilmişdir ki, cavabdehin 3090 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddia tələbi üzrə qalan borc məbləği barədə isə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda, mülki iş üzrə sübutlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 3090 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3090 (üç min doxsan) manat məbləğində borc pul vəsaiti və 50,9 manat (əlli manat doxsan qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar