Məhkəmə qərarları › İş №2(002)-1036/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1036/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1036/2023 06.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1992-ci il təvəllüdlü Cavabdeh 01 iyun 2021-ci il tarixli, AYK5990836 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2560 (iki min beş yüz altmış) manat əsas borc, müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat faiz borcu və 51 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3111 (üç min yüz on bir) manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-1063/2023 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki iş üzrə Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında müddəti 12 ay olmaqla 01 iyun 2021-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3579 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 2560 manat borcu qalıb.Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir.Belə ki,cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 5376 (beş min üç yüz yetmiş altı) manat faiz borcu yaranmışdır (2560 manat x 210 gün x 1%-5376 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 500 manat məbləğində tələb edir.Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 01 iyun 2021-ci il tarixli, AYK5990836 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2560 (iki min beş yüz altımış) manat əsas borc, müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat faiz borcu və 51 manat bir)məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3111 (üç min yüz on manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən-təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında 01 iyun 2021-ci il tarixli, AYK5990836 saylı tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 3579 manat olan məişət avadanlığı almışdır. Cavabdeh 507 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində hər ay 256 manat ödəniş etməli idi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixə maliyyə arayışına əsasən müqaviləyə müvafiq olaraq cavabdehin müqavilə 2560 manat borc yaranmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəminin mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqavilələrə əsasən 2560 manat əsas borc, 500 manat cərimə, cəmi 3060 manat pul borcu hesablanmışdır. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 01 iyun 2021-ci il tarixli müqavilə üzrə 100 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 100 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 51 manat məbləğində məbləğində dövlət rüsumu ödənilmişdir.Hal-hazırda iddia tələbi qismən-təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş və tələb olunan 51 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq-46,6 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə 2560 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 2660 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 46,6 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə 2560(iki min beş yüz altmış) manat əsas borc, 100(yüz) manat cərimə olmaqla, cəmi 2660(iki min altı yüz altmış) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 46(qırx alt) manat, 60(altmış) qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar