Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1043/2022 26.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Akim oğlu ilə 2017-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Bu münasibətlərindən onların 03 dekabr 2017-ci il təvəllüdlü X6 adlı bir uşaqları doğulmuşdur. Cavabdeh uşağı ilə maraqlanmadığı üçün uşağın saxlanması üçün ondan aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli qətnaməsi ilə X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Aim oğlundan hər ay sabit pul məbləğində 154 manat aliment, uşağın 3 yaşına çatanadək 50 manat və xəstəliyi ilə əlaqədar əlavə xərc kimi 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin hazırda “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimum haqqında” Qanunla yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edildiyi nəzərə alınaraq hesab edir ki, bu məbləğin cavabdehdən tutulması onun maddi və sosial vəziyyəti baxımdan da ədalətlidir. Buna görə də cavabdehdən tutulan aliment məbləği dəyişdirilərək hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, 03 dekabr 2017-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək 193 manat məbləğində müəyyən edilməsi və cavabdehdən hər ay sabit məbləğində tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Azərnaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 dekabr 2017-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək 200 manat məbləğində müəyyən edilməsi və cavabdehdən hər ay sabit məbləğində tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh öncəki məhkəmə iclasında iddianı qəbul edib onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2(002)-3374/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasının qismən təmin edilməsi, 03 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20.09.2018-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 154 manat sabit pul məbləğində, 03.12.2017-ci il təvəllüdlü X3 3 yaşına çatanadək 20.09.2018-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində alimentin, 03.12.2017-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar əlavə xərc kimi 20.09.2018-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 fevral 2021-cu il tarixli, AZ-l seriyalı, 375620 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikaha 30 may 2019-cu il tarixdə xitam verilmiş, Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 03 oktyabr 2019-cu ilin 221 №-li qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, onların həmin nikahdan 1 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022 ci-il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 03.12.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2(002)-3374/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh X2 İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilsin. 03.12.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2(002)-3374/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh X2 İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1043/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1043/2022
26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver