Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1069/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Maraqlı şəxs qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı ******************** hesab nömrəsi (X1 məxsus) və **********0903192100 hesab nömrəsinə (Cavabdeh məxsus) müxtəlif vaxtlarda cəmi 6000 manat məbləğində ödəniş etmişdir.
2. Cavabdeh etibar edilmişi etibaretmə qaydasında İddiaçı adına verdiyi 17 avqust 2022-ci il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamədən görünür ki, Ford Escape markalı, 1FMYU92225KB68656 BAN nömrəli, buraxılış ili 2004, BA105866 dövlət qeydiyyat nömrəli avtomobili idarə etmək səlahiyyəti 1 il 5 ay 30 gün müddətinə sonuncuya verilmişdir.
İddia tələbi
3. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12544 manat məbləğində pulun və 127.63 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, özünə avtomobil almaq qərarına gəlmiş və tanışı olan Cavabdeh ilə görüşmüş və Tofiqin istifadəsində olan Maraqlı şəxs məxsus FORD Escape minik markalı 99BL341 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ona satmaq barədə razılığa gəlmişdirlər. Həmin razılaşmaya əsasən o Cavabdeh ilkin olaraq 6400 manat nağd pul vermişdir, bu faktı şahid qismində onunla bir yerdə olan şəxs təsdiq edir. Qalan 6000 manat pulu isə bir il ərzində ödəməli idi. Həmin tarixdə avtomobil ona təhvil verilmiş və həmçinin adına etibarnamə verilmişdir. O üzərinə düşən öhdəlikləri yerinə yetirərək, Cavabdeh tərəfindən ona verilmiş bank kartlarına 6000 manat pulu hissə-hissə göndərmişdir. Lakin hazırda cavabdeh avtomobili onun mülkiyyətinə keçirilməsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, əlavə olaraq ona avtomobili idarə etmək üçün verilmiş etibarnamə ləğv olunmuşdur. Cavabdehlə əlaqə saxlayaraq, avtomobili adına keçirilməsini və ya verdiyi pulunu geri qaytarmağını tələb etsə də, cavabdeh pulu aldığını etiraf etmiş, lakin qaytarmamışdır. Cavabdeh nə avtomobili adına rəsmiləşdirmir, nə də pulunu geri qaytarmır. Bundan başqa, avtomobili alarkən Cavabdeh yol hərəkəti qaydalarını pozduğu üçün inzibati cərimələr var. Cəmi 144 manat məbləğində cərimələr də onun tərəfindən ödənilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091.1, 1093.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 78.1, 95.1, 200, 203.1-ci maddələrinə istinad etmişdir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, səs yazıları, şahidləri və qəbzlərlə avtomobil alqı-satqısı üçün 12400 manat ödəniş etdiyi təsdiqini tapır. O avtomobil alqı-satqısı barədə cavabdehlə razılığa gəlmişdir. Avtomobilin 6400 manat ilkin ödənişini edəndən sonra cavabdeh həmin avotomobili ona vermiş, razılaşmışlar ki, qalan 6000 manat müxtəlif vaxtlarda cavabdehə ödənildikdən sonra mülkiyyət hüququ İddiaçı keçiriləcəkdir. Maşının pulunu ödəyib qurtardıqdan sonra isə cavabdeh və üçüncü şəxs nəinki maşını onun mülkiyyətinə keçirməmiş, hətta onun adına verilmiş etibarnamə ləğv edilmişdir. Avtomobili hal-hazırda idarə edə bilmir, maşın üçün 12400 manat ödənişinin ona qaytarılmasını xahiş edir. Həmin məbləğ ödənildikdən sonra avtomobili üçüncü şəxsə və ya cavabdehə qaytarmağa razıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş edir.
8. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmənin hazırlıq iclasında iştirak edərək bildirdi ki, o, avtomobil alqı-satqısı ilə məşğuldur. Allahverdini tanımır, Tofiqi isə tanıyır. Maşını Tofiqə vermişdim, o da Allahverdiyə vermişdir. Tofiq pulu tam ödədikdən sonra maşını Tofiqin adına keçirəcəkdilər, lakin Tofiqin onlara 12000 borcu olduğu və pulu vermədiyi üçün Tofiqə verdikləri etibarnaməni ləğv etmişlər, Allahverdi ilə onların alış-verişinin olmamışdır. Üçüncü şəxs əlavə olaraq, sözügedən avotomobilin onun mülkiyyətində olduğunu və həmin avtomobili geri götürəcəyini bildirdi.
Prosesin digər iştirakçılarının ifadələri
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, iddiaçını tanıyır, İddiaçı Cavabdeh 6400 manat pulu onun yanında vermişdir. Həmin pulun “Xutor” ərazisində, Ford Escape markalı avtomobilin alqı-satqısı məqsədilə Cavabdeh 6400 manat ilkin ödəniş kimi verildiyini və qarşılığında cavabdeh tərəfindən iddiaçıya avtomobili idarə etmək üçün etibarnamə verildiyini bildirdi.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
12. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır
13. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
14. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
15. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
16. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
17. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
18. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
19. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
20. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
21. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
22. 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
23. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
26. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
28. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
29. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
36. İddia qismən əsaslıdır.
37. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında avtomobilin alqı-satqısı barədə “etibarnamə yolu ilə” şifahi müqavilə bağlandığını, avtomobilin razılaşdıqları dəyərini ödədikdən sonra onun mülkiyyətinə keçirilmədiyini iddia edərək, cavabdehin mənimsədiyi pul vəsaitinin qaytarılmasını tələb edir.
38. Məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
39. İddiaçı cavabdehə “Ford Escape” minik markalı, 99BL341 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin müqabilində ilkin ödəniş olaraq 6400 manat pul verməsi faktını təsdiq etmək üçün sübut qismində şahid ifadəsi və telefon danışıqları, «WhatsApp» proqram təminatındakı yazışmaları (iş materiallarına DVD RW diskində əlavə edilmişdir), qalan 6000 manat pul vəsaitinin isə “Milliön” elektron ödəmə sistemi vasitəsilə Cavabdeh və sonuncunun anası X2 göndərilməsi barədə qəbzləri təqdim etmişdir.
40. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş diskə əlavə olunmuş sübutlara qiymət verərək qeyd edir ki, həmin telefon danışıqları və «Whatsapp» yazışmaları birbaşa hüquqi mübahisənin tərəfləri (iddiaçı və cavabdeh) arasında və mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir.
41. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
42. Məhkəmə şahid ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin şəxs 6400 manatın Cavabdeh avtomobilin alqı-satqısı niyyəti ilə verilməsinin birbaşa şahidi olduğu və hadisə ilə bağlı dolğun, digər sübutlarla uyğunluq təşkil edən ifadə verdiyi üçün həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir.
43. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən plenum qərarındakı mövqeyi nəzərə alıb, iş materiallarına əlavə edilmiş diskdə olan «Whatsapp» yazışması, telefon danışıqları, şahid ifadəsi və qəbzlərə (cəmi 6000 manat məbləğ təşkil edir) birlikdə qiymət verərək, işin hallarını nəzərə alıb hesab edir ki, iddiaçı “Ford Escape” minik markalı avtomobili almaq məqsədilə Cavabdeh cəmi 12400 manat məbləğində pul vəsaitini verməsini təsdiq etməklə bağlı üzərinə düşən sübutetmə yükünü icra etmişdir.
44. Lakin işin mübahisəsiz halıdır ki, həmin avtomobil iddiaçının mülkiyyətinə keçirilməməklə, iddiaçının adına verilmiş “nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamə də ləğv edilmişdir. Belə olan halda, iddiaçının məhrum olduqlarını geri tələb etməsinin qanuni əsaslarını müəyyən etmək məqsədilə məhkəmə ilk növbədə tərəflər arasında müqavilənin mövcud olub-olmaması, etibarlı olub-olmaması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsində etibarnaməyə anlayış verilmişdir: Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.
46. Göründüyü kimi, etibarnamə digər şəxsə müvəqqəti səlahiyyət verilməsi üçün nəzərdə tutulub. Ancaq qanunvericilikdə avtomobilin alqı-satqısının etibarnamə verilməsi ilə rəsmiləşdirilməsi kimi prosedur nəzərdə tutulmayıb. Etibarnamə ilə avtomobil alınan zaman alıcı ilə avtomobil sahibi arasında faktiki alqı-satqı olsa da, qanuni olaraq alıcı avtomobilin mülkiyyətçisi hesab olunmur.
47. Avtomobillərin şifahi alqı-satıqısı zamanı iki şəxsin davranışı belə nəticə çıxarmağa imkan verir ki, onların arasında alqı-satqı barədə razılaşdırılmış iradə ifadəsi mövcuddur. Belə ki, bu şəxslərdən biri avtomobili digər şəxsə təhvil verərək avtomobilin bazar dəyərini (pulu) ondan qəbul edir (bir tərəfin davranışı), digər şəxs isə avtomobili təhvil alaraq avtomobilin bazar dəyərini (pulu) həmin şəxsə ödəyir (digər tərəfin davranışı). Göründüyü kimi, alqı-satıq əqdi mövcuddur.
48. Lakin məhkəmə qeyd edir ki, tərəflər arasındakı həmin əqd etibarsız əqd olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
49. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
50. Beləliklə, məhkəmə müəyyən edir ki, tərəflər arasındakı əqd etibarsız əqd olmuşdur. Etibarsız əqdlər iki yerə bölünür: mübahisələndirilən əqdlər və əhmiyyətsiz əqdlər. Mübahisələndirilən əqdin etibarsızlığının tanınması üçün qətnamə tələb olunur, əhəmiyyətsiz əqdin etibarsızlığının tanınması üçün qətnamə tələb olunmur (Mülki Məcəllə maddə 337.3). Tərəflər arasındakı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə birtərəfli əqddir, yazılı formadadır, başqa əqdi (alqı-satqı əqdini) pərdələdiyinə görə yalan əqd kimi əhəmiyyətsizdir (Mülki Məcəllə maddə 340.2). İkinci əqd (avtomobilin şifahi alqı-satqı əqdi) ikitərəflidir və əhəmiyyətsizdir, çünki qanunvericilikdə (yəni NK-nin xx.xx.1999-cu il tarixli, 39 №-li qərarı ilə təsdiq edilmiş Əsasnamədə) müəyyən edilmiş formaya əməl edilmədən şifahi formada bağlandığına görə etibarsızdır (Mülki Məcəllə maddə 329.1).
51. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, ikinci əqdin (alqı-satqı) etibarsız sayılması üçün “etibarsız sayılma barədə” iddia ərizəsi verilməsinə və qətnamə qəbul edilməsinə ehtiyac yoxdur, çünki o, əhəmiyyətsiz əqd kimi etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllə maddə 337.3) Tərəflər arasında alqı-satqı əqdinin yazılı olmaması onun “etibarsız əqd” kimi mövcud olmaması demək deyil.
52. Məhkəmə onu da qeyd edir ki, hazırkı halda cavabdeh avtomobilin mülkiyyətçisi olmadığından (etibar edilmişi etibarnamə əsasında satdığı üçün), tərəflər arasındakı əqdin etibarsız olması nəticəsində restitusiyanın (Mülki Məcəllə 337.5-ci maddəsinə əsasən restitusiya) hazırkı mübahisəyə tətbiqi mümkün deyil. Belə ki, restitusiya zamanı etibarsız əqd üzrə satıcı avtomobili geri tələb edə bilər, pulu isə əks tərəfə qaytarmalıdır, alıcı pulu geri tələb edə bilər, avtomobili isə əks tərəfə qaytarmalıdır.
53. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanma halı baş verdiyindən iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən məhrum olduqlarının qaytarılmasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 1091ci maddəsinə görə, əsassız varlanma üçün şərtlər ondan ibarətdir ki, 1) borclu əmlak əldə etsin 2) həmin əmlak kreditorun əlakı hesabına əldə edilsin 3) bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın.
54. Cavabdehin 12400 manat əldə etməsi yuxarıda qeyd edildiyi kimi sübuta yetirilmişdir. Əldə edilən pul vəsaiti əmlak xarakterlidir və həmin əmlak iddiaçının hesabına əldə edilmişdir. İddiaçının həmin pul vəsaitini cavabdehə verməsinin məqsədi avtomobil əldə etmək olmuş, cavabdeh tərəfindən bu gözlənti qarşılanmamışdır. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur, odur ki, cavabdeh tərəfindən həmin məbləğin qaytarılması barədə iddiaçının tələbi əsaslıdır.
55. Məhkəmə iddia tələbinin 144 manat cərimə ödənişlərinin qaytarılması hissəsində münasibətdə isə qeyd edir ki, iddiaçı həmin cərimələrin ona aid olmadığını, əvvəldən avtomobili istifadə edən şəxslər tərəfindən törədilmiş yol hərəkət qaydaları pozuntularına görə yaranan cərimə borcu olduğunu, həmin cərimələrin ödənilməsinin avtomobilin ona verilməsi şərti kimi irəli sürüldüyünü qeyd etsə də, işə əlavə edilmiş cərimə ödənişləri barədə qəbzlərdə ödənişlərin iddiaçı tərəfindən aparılmasını təsdiq edən məlumat yoxdur. Bu səbəbdən, məhkəmə həmin hissədə iddianı əsassız hesab edir.
Məhkəmə xərcləri
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 127,63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, iddiaçının ödədiyi dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan 127,20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
58. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12400 manat məbləğində pul vəsaiti və ödənilmiş 127.20 dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
59. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 12400 (on iki min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 127.20 (yüz iyirimi yeddi manat iyirmi qəpik) dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova