Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-107/2023 18.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 və cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğvi və icra qeydi aparılmış tələbin mübahisələndirilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğvi və icra qeydi aparılmış tələbin mübahisələndirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən tərtib olunaraq reyestrə 8İ-6791 nömrəsi ilə qeyd olunmaqla informasiya sisteminə daxil edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi və İddiaçı 2020/00759 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-yə 9244 manat əsas, 2766,87 manat faiz, 9 manat cərimə olmaqla, cəmi 12019,87 manat (on iki min on doqquz manat səksən yeddi qəpik) borcunun olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 izahat verərək bildirdi ki, o, iddiaçının oğludur, atası ağır şəkər xəstəsidir, özü isə sümük xəstəliyindən əziyyət çəkir. xx.xx.2020-ci il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında 2020/00759 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsi ilə cavabdeh "xxxx" MMC tərəfindən 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə faiz dərəcəsi illik 32%, faktiki illik faiz dərəcəsi 43,31% olmaqla İddiaçı 15000 (on beş min) manat məbləğində kreditin verilməsi, İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə müqavilə məbləğinin 13%-i həcmində birdəfəlik komisyon haqqının ödənilməsi, o cümlədən müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 61,52 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilin (çıxarış: seriya RX №1460650, reyestr nömrəsi **********35-05101-093048, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipotekaya qoyulması rəsmiləşdirilmişdir. Öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli notarial qaydada ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən 8İ-6791 nömrəsi ilə informasiya sisteminə daxil edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi daxil olmuşdur. İcra qeydi ilə İddiaçı 2020/00759 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 14510,50 manat əsas, 5654,74 manat faiz, 8940 manat cərimə olmaqla, ümumilikdə 29105,24 manat borcunun olduğu bildirilir. Əvvəla, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisi borcun ödənilməsi barədə İddiaçı yazılı bildiriş göndərməmiş, borclu hesab edilən İddiaçı hüquqlarını pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək, həmin kredit müqaviləsi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Göstərilənlərə əsasən hesab edir ki, mübahisələndirilən icra qeydi ləğv olunmalı və icra qeydi aparılmış tələb məhkəmə qaydasında mübahisələndirilməlidir. Digər tərəfdən, cavabdeh "xxxx" MMC-yə sual olunur ki, 14510 manat əsas, 5654.74 manat faiz, 8940 manat cərimə borcunu haradan hesablayıb? Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hesablanmış əsas, faiz və cərimə borcları tamamilə əsassızdır, həqiqəti əks etdirmir və şişirdilmiş məbləğdən başqa bir şey deyil. Ekspert rəyi də bu halları bir daha təsdiq edir. Əslində İddiaçı 9244 manat əsas, 2766,87 manat faiz, 9 manat cərimə olmaqla, ümumilikdə 12019,87 manat borcu vardır. Bunu onunla əsaslandırır ki, İddiaçı ödəniş terminalları vasitəsilə cavabdeh "xxxx" MMC-nin əməkdaşı Əliyev Rəşadın plastik kart hesabına vaxtaşırı olaraq kredit ödənişlərini təmin etməsi üçün müəyyən məbləğlərdə pul köçürmüşdür. Beləliklə, şərh olunanlar əsasında bir daha qeyd edir ki, icra qeydi Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuş, icra qeydi aparılmış tələb düzgün hesablanmamış, həqiqətə uyğun deyil və həddindən ziyadə şişirdilmişdir. Odur ki, hesab edir ki, cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən tərtib olunmuş icra qeydi ləğv edilməli və İddiaçı 2020/00759 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-yə 9244 manat əsas, 2766,87 manat faiz, 9 cərimə olmaqla, cəmi 12019,87 manat borcunun olduğu müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, icra qeydi qanunamüvafiq qaydada verilmiş, icra qeydində əks olunan borc məbləği düzgün hesablanmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 9/8087 nömrəli ekspert rəyində qeyd olunan məbləğlərlə razılaşmır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ünvan 2 ünvanlayaraq, mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən İddiaçı 36 ay müddətinə illik 32%, faktiki illik faiz dərəcəsi 43,31% ilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 220/00759-İP saylı ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında borcalan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1, 9 nömrəli mənzili 28 fevral 2020ci il tarixli 2020/00759 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Cavabdeh1 16 avqust 2022-ci il tarixli icra qeydinə əsasən, “X10 Kredit Təşkilatı” MMC X6 tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1, 9 nömrəli mənzilə tutma yönəldilməlidir (öhdəliyi müəyyən edən 2020/00759 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 14510,50 manat əsas borc, 5654,74 manat faiz borcu, 8940 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 29105,24 manat təşkil edir). İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra sənədi üzrə borclu İddiaçı 29105,24 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli, tələb ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1, 9 nömrəli mənzilə yönəldilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Cavabdeh1 6791 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 543 saylı maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MMC-nə 23 iyun 2022-ci il tarixə 14510,50 manat məbləğində əsas borc, 5654,74 manat məbləğində faiz borcu, 8940 manat məbləğində cərimə olmaqla, cəmi 29105,24 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 467 saylı bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı bildiriş göndərilmiş və kredit öhdəliyi qısa zamanda icra edilmədiyi halda, bu bildirişin göndərildiyi gündən 5 (beş) gün sonra ipoteka predmetinə məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 542 saylı məktubun surətindən görünür ki, "xxxx" MMC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ərizə ilə Notariat Ofisinə müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 9/8087 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatlarına, tərəflər arasında bağlanmış 2020/00759 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı 23 iyun 2022-ci il tarixinə olan ödənişləri nəzərə alınmaqla "xxxx" MMC-yə olan cəmi borcu 18312,74 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 14443 manat, faiz borcu üzrə 3869,74 manat təşkil edir. İş materiallarında BOKT tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana 2020/00759 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli Qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş” Formasına əsasən, bildirişin 4-cü bəndində qeyd olunmalıdır: Borc 20 gün müddətində ödənilmədiyi halda ”Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Beləliklə, məhkəmə iclasında izahatlara, yazılı sübutlara, ekspert rəyinə əsasən müəyyən edildi ki, tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2022-ci il tarixli 467 saylı bildiriş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş” Formasına uyğun olmamış və həmin bildirişdə borcun 20 gün müddətində ödənilmədiyi halda icra qeydinin aparılacağı barədə xəbərdarlıq qanunamüvafiq qaydada dəqiq əks olunmamışdır. Digər tərəfdən, 23 iyun 2022-ci il tarixə kredit borcunun icra qeydinin verilməsinə əsas olan sənədlərdə düzgün hesablanmadığı və nəticədə icra qeydində göstərilən məbləğin düzgün olmadığı ekspert rəyi ilə müəyyən edilmişdir. Eyni zamanda, ekspert rəyi ilə həmin tarixə borcun iddia tələbində göstəriləndən də fərqli olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddia tələbi icra qeydinin ləğvi hissəsində əsaslı, qalan hissədə əsassız hesab olunmalıdır. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci İddiaçı və cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən reyestrdə 8İ-6791 nömrəsi ilə qeyd edilmiş 16 avqust 2022-ci il tarixli icra qeydi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 50 (əlli) manat, cavabdeh "xxxx" MMC-dən 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X3, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ**********0000003944, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-107/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-107/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver