Məhkəmə qərarları › İş №2(002)-1096/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1096/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1096/2021 05.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakları ilə İddiaçı “İddiaçı“ ASC (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı“ Asc (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icrat üzrə mülki iş ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cəmi 958.18(doqquz yüz əlli səkkiz manat on səkkiz qəpik) manat- bundan 394,27(üç yüz doxsan dörd manat iyirmi yeddi qəpik) manat əsas, 211,49(iki yüz on bir manat, qırx doqquz qəpik) manat faiz, 313,77(üç yüz on üç manat yetmiş yeddi) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,65 (otuz səkkiz manat, altmış beş qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30(otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan “İddiaçı“ASC-nin hesabına ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıASC (ləğv prosesindədir) iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 118904/18042016 №-li 18 aprel 2016-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 30(otuz) ay müddətinə illik 25(iyirmi beş) faiz dərəcəsi ilə 4450(dörd mi dörd yüz əlli) manat məbləğində kredit verilmişdir.Cavabdeh1 kredit verilərkən Cavabdeh2, Cavabdeh3 ilə Bank arasında 18 aprel 2016-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə, habelə **********243 saylı 21.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Borcun gecikdirilməsiini təsdiq edən maliyyə arayışından göründüyüy kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir.Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 11.12.2020-ci il tarixə kredit üzrə borcu cəmi 958.18(doqquz yüz əlli səkkiz manat on səkkiz qəpik) manat- bundan 394,27(üç yüz doxsan dörd manat iyirmi yeddi qəpik) manat əsas, 211,49(iki yüz on bir manat, qırx doqquz qəpik) manat faiz, 313,77(üç yüz on üç manat yetmiş yeddi) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,65 (otuz səkkiz manat, altmış beş qəpik) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında əsas borcla razı olduğunu bildirərək, məhkəmədən cərimə borcunun isə azaldılmasını xahış etmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasından bağlanmış 118904/18042016 №-li 18 aprel 2016-ci il tarixli kredit muqaviləsinin surətindən görünür ki iddiaçı “İddiaçı ” ASC (ləğv prosesindədir) Cavabdeh1 30(otuz) ay müddətinə illik 25(iyirmi beş) faiz dərəcəsi ilə 4450(dörd min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 18 aprel 2016-ci il tarixli Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 118904/18042016 №-li 18 aprel 2016-ci il tarixli kredit müqaviləsinin əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 illik 25(iyirmi beş) faiz dərəcəsi ilə 4450(dörd min dörd yüz əlli) manatı iddiaçıya 30(otuz) ay müddətində hər ay 201,16 manat ödəməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 118904/18042016 №-li 18 aprel 2016-ci il tarixli kredit müqaviləsinə görə 11.12.2020-ci il tarixə qədər borcu aşağıdakı kimidir:-cəmi 958.18(doqquz yüz əlli səkkiz manat on səkkiz qəpik) manat- bundan 394,27(üç yüz doxsan dörd manat iyirmi yeddi qəpik) manat əsas, 211,49(iki yüz on bir manat, qırx doqquz qəpik) manat faiz, 313,77(üç yüz on üç manat yetmiş yeddi) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,65 (otuz səkkiz manat, altmış beş qəpik) manat faiz borcu yaranmışdır İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, “İddiaçı ” ASC (ləğv prosesindədir) pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi”. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 18 aprel 2016-ci il tarixli məxaric orderindən görünür ki, 4450 manat Cavabdeh1 hesabına köçürülmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının Cavabdeh1 qarşı həmin kredit müqaviləsinin lazımınca icra edilməməsi ilə əlaqədar iddia tələbi əsas borc, faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış borc hissəsində tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid olan hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 18 aprel 2016-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, 18 aprel 2016-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə “İddiaçı ” ASC arasında 18 aprel 2016-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış və onlar kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun qüvvədə olma müddəti qeyd olunmamış, kredit müqaviləsində isə kredit borcunun qaytarılması müddəti 30 ay nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından üç ildən çox müddət keçmişdir bu səbəbdən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid olan hissədə təmin edilə bilməz. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 18 aprel 2016-ci il tarixli kredit müqavilə üzrə 10(on) manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 10(on) manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30( otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçı “İddiaçı“ ASC-nin (ləğv prosesindədir) xeyrinə 394(üç yüz doxsan dörd) manat 27(iyirmi yeddi) qəpik əsas, 211(iki yüz on bir) manat, 49(qırx doqquz) qəpik faiz, 10(on) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38(otuz səkkiz) manat, 65(altmış beş) qəpik faiz borcu və iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat dövlət rüsumu olmaqla cəmi isə 684(altı yüz səksən dörd) manat 41(qırx bir) qəpik borcu tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı “İddiaçı“ ASC-nin (ləğv prosesindədir) xeyrinə 394(üç yüz doxsan dörd) manat 27(iyirmi yeddi) qəpik əsas, 211(iki yüz on bir) manat, 49(qırx doqquz) qəpik faiz, 10(on) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38(otuz səkkiz) manat, 65(altmış beş) qəpik faiz borcu və iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat dövlət rüsumu olmaqla cəmi isə 684(altı yüz səksən dörd) manat 41(qırx bir) qəpik pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar