Məhkəmə qərarları › İş №2(002)-1111/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1111/2023

25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1111/2023 25.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Hacıməmməd oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Hacıməmməd oğluna qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İş materiallarında olan xx.xx.2010-ci il tarixdə verilmiş AZ-İİ 392465 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 xx.xx.2009-ci il tarixdə doğulmuşdur. X2, atası Cavabdeh Hacıməmməd oğludur.

2. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 874676 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. X2, atası Cavabdeh Hacıməmməd oğludur.

3. İşdə olan, Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş X9 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikahın pozulması xx.xx.2012-ci il tarixdə qeyd edilmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(002)-1194/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 09 fevral 2018-ci il tarixdən başlayaraq hər ay xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşaq üçün 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə verilmiş 088560№-li vəsiqənin surətindən görünür ki, X11 18 yaşadək İİ qrup əlildir.

6. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərində X1 Gömrük Hospitalında həkim müayinələrindən keçmişdir.

7. Azərbaycan Respublikası ƏƏSMN X19 254 nömrəli fərdi reabilitasiya kartasından çıxarışdan görünür ki, X5 beyin yarımkürəsinin inkişafdan qalması, ürək qüsuru kliniki diaqnozu qoyulmuşdur.

İddia tələbi

8. İddiaçı Cavabdeh Hacıməmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(002)-1194/2018 saylı qətnaməsi ilə 03 yanvar 2007-ci il təvəllüdlü X11 və 12 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Hacıməmməd oğlundan hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində tutulan alimentin miqdarının artırılaraq, həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Hacıməmməd oğlundan hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o iş üzrə Cavabdeh Hacıməmməd oğlu ilə 03 sentyabr 2005-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Onların rəsmi nikahdan 03 yanvar 2007-ci il təvəllüdlü X11 və 12 dekabr 2009-cu il təvəllüdlü X7 doğulub. Cavabdehlə ailə münasibətlərinin pozulduğu üçün Cavabdeh Hacıməmməd oğlu ona qarşı "nikahın pozulması" tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(002)-1639/2011 nömrəli qətaməsi ilə nikahı pozulmuş, 03 yanvar 2007-ci il tarixdə anadan olmuş X11 və 12 dekabr 2009-cu ildə anadan olmuş X3 onun himayəsində qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat, cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qərara alınmışdır. Aliment məbləğinin artırılması tələbi ilə onun tərəfindən Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(002)-1194/2018 nömrəli qətnamə iddia təmin edilmiş aliment məbləği artırılaraq Cavabdeh Hacıməmməd oğlundan 09 fevral 2018-ci ildən başlayaraq hər ay xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla, iki uşağa görə cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq ona ödəbilməsi qət edilmişdir. Aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(002)-1194/2018 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Hacıməmməd oğlundan hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində tutulan alimentin miqdarı artırılaraq, 03 yanvar 2007-ci il təvəllüdlü X11 və 12 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Hacıməmməd oğlundan hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılması zəruridir. Eyni zamanda bildirmək istəyir ki, o işləmir və kirayədə qalır. Övladlarından 03 yanvar 2007-ci il təvəllüdlü X11 anadangəlmə sol beyin yarımkürəsinin inkişafdan qalması, sağ tərəfli hemipares, anadangəlmə ürək qüsurlu olması diaqnozu qoyulmuş və əlilik almışdır. Digər övladı 12 dekabr 2009-cu il təvəllüdlü X4 gözü zəifdir, həmçinin uşağın ayaqları düzdür. Hər iki uşağın müalicəsin, qidasına və təhsilinin ehtiyaclarını tək ödəyə bilmir. Bu problemlər ilə əlaqədar olaraq maddi sıxıntıları çoxdur və uşaqların tələbatını maddi cəhətdan qarşılaya bilmir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 75.1, 22.1, 78.1, 78.2,-ci maddəsi, Azərbaycan Respublikasında 2023-cü il üçün “X13” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. 11.İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verib iddia tələbini müdafiə edərək uşaqların xəstə olduğunu, kirayə yaşadığını, uşaqlarının müayinə və müalicələrinə xərc tələb edildiyini, uşaqlara baxmaqda çətinlik çəkdiyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Cavabdeh Hacıməmməd oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək məhkəmə tərəfindən əvvəllər təyin edilmiş alimenti hər ay mütəmadi ödədiyini, sürücü işlədiyini, sabit gəlirinin olmadığını, iddiaçı ilə nikahının pozulmasından sonra yenidən ailə qurduğunu və həmin nikahdan bir övladının olduğunu, hər üç uşağın və ailəsinin saxlanmasında çətinlik çəkdiyini, hazırkı alimentdən yalnız iki uşağa görə 50 manat artıq ödəyə biləcəyini bildirmiş və alimentin miqdarı artırılarkən onun maddi vəziyyətinin də nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyası

14. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

“Uşaq hüquqları haqqında” Konvensiya

16. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

17. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

18. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

19. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

20. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

23. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

24. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

31. İddia qismən əsaslıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 154 manat olmaqla hər ay 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşaqların gündəlik xərcinin artmasın, xəstə olmasını, yaşayış minimumu məbləğinin artmasını əsas götürərək, alimentin artırılması tələbi irəli sürmüşdür.

33. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, indiki halda aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətində hər hansı mənfi dəyişikliyin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti hər ay mütəmadi ödəyərək, heç bir etirazını bildirməmişdir. Məhkəmə onu da qeyd edir ki, yalnız yaşayış minimumu məbləğinin artması halı alimentin miqdarının artırılması üçün mütləq əsas qismində çıxış etməsə də, tərəflərin birgə nikahından doğulmuş uşaqların hər gün artan xərcləri, uşaqların səhhəti və digər əsaslar birlikdə qiymətləndirildikdə aliment miqdarının artırılması üçün əsasların yaranması aydın olur.

34. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

35. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

36. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

37. Məhkəmə 2023-cü il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğunu və uşağın üstün mənafeyini, uşağın təminat səviyyəsini əsas götürərək, uşaqların əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, bu fərqin uşağın təminat səviyyəsinə əhəmiyyətli dərəcədə təsirinin olması halını, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla qismən təmin edilməlidir.

38. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların üstün mənafeyini əsas götürərək hesab edir ki, hər uşağa 200 manat olmaqla, hər ay 400 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə uşaqlarla valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən cavabdehin ailə və maddi vəziyyətini, başqa nikahdan ailəsinin və övladının olmasını, iddiaçının uşaqlara görə əlavə xərclərlə bağlı tələbinin olmamasını, eyni zamanda uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alır.

Məhkəmə xərcləri

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

40. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

52. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

53. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

54. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırkı iş üzrə ödənilməli olan 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə

55. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş ödənilməli olan 68 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir

56. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(002)-1194/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh Hacıməmməd oğlundan hər ay bir uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının azad edildiyi 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar