Məhkəmə qərarları › İş №2(002)-1119/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1119/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1119/2021 06.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-92/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2006-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175(yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-92/2019 saylı qətnaməsi ilə Qaradağ rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(002)-3116/2018 saylı qətnaməsi ləğv edilmiş, xx.xx.2006-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130(yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən kifayət qədər vaxt keçmiş, uşağın tələbatı artmışdır.Həmçinin uşaq üç yaşına çatdığına görə ona əlavə ödənilən 30 manat pul da kəsilmişdir Cavabdehin alimenti də vaxtlı-vaxtından ödəmir, problemlər yaradır. Hazırda bir uşağın yaşayış miniumumu 175 manat müəyyən edilmişdir. Cavabdeh müəyyən gəlirə malik olsa da uşağına heç bir maddi yardım göstərməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o özü də gözəllik salonunda çalışır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı qəbul etmir. Əlavə olaraq qeyd etdi ki, 450 manat əmək haqqı alır, X1 başqa daha iki uşağı da var. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş icra vərəqəsinin surətindən görünür ki , Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-92/2019 saylı qətnaməsi ilə, Qaradağ rayon məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli 2(002)-3116/2018 saylı qətnaməsi ləğv edilmiş, xx.xx.2006-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130(yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ № 817677 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin xx.xx.2006-cu il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİİ № 592785 və AZ-İV № 199766 seriyalı doğum haqqında şəhadətnamələrinin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, cavabdehin xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018ci il təvəllüdlü X5 adlı daha iki yetkinlik yaşına çatmayan uşaqları vardır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki,tərəflərin bir övladlarının olması, uşağın iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını, uşağın əsaslı mənafeyini, uşağı saxlamanın hər iki valideynin borcu omasının, cavabdehin digər nikahından 2 azyaşlı uşağınin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşağa görə 150 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (130 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, cavabdehin himayəsində daha 2 azyaşlı uşağının da olmasını, uşağı saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apelyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-92/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 150 (yüz əlli) manat sabit pul miqdarında aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apelyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-92/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh oğlundan İddiaçı xeyrinə xx.xx.2006-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar