Məhkəmə qərarları › İş №2(002)-112/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-112/2022

03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-112/2022 03.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 650 manat, mənəvi ziyana görə 5000 manat olmaqla, cəmi 5650 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Abbasov X3 ərazisində özəl yer götürərək diş həkimi kimi fəaliyyət göstərir. O, dişləri ağrıdığı üçün 2020-ci ilin avqust ayında cavabdehə alt və üst dişlərini düzəltmək üçün müraciət etmişdir. Cavabdeh ilk növbədə onun üst dişlərini düzəltmiş və buna görə o, cavabdehə 650 manat pul vermişdir. Üst dişlərini qoyduqdan bir müddət sonra onda narahatlıq yaranmış, ağız boşluğu şişmiş və dişləri ona ağrı verməyə başlamışdır. Hal-hazırda da o, diş ağrılarından əziyyət çəkir. Cavabdehin gördüyü keyfiyyətsiz işin nəticəsində həm maddi, həm də mənəvi əziyyət çəkir. Dəfələrlə həkimdən verdiyi pulu geri istəmişdir ki, başqa həkimə müraciət etsin, lakin cavabdeh pulu verməmişdir. Cavabdehin təqsiri ucbatından ona ziyan dəymişdir. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, həqiqətən iddiaçı ona dişlərini düzəltdirmək üçün müraciət etmiş və aralarında olan razılığa əsasən ilk növbədə üst çənə dişlərini düzəltmişdir, buna görə iddiaçı ona 650 manat pul vermişdir. Lakin sonradan iddiaçı dişlərində narahatlıq hiss etdiyini bildirmiş, alt çənə dişlərini ona düzəltdirmək istəmədiyini qeyd edərək verdiyi pulu geri tələb etmişdir. Lakin o, gördüyü işi tibbi standartlara uyğun icra etmişdir, onun gördüyü işdə hər hansı həkim səhvi yoxdur. O, yalnız üst çənədə işləmişdir, iddiaçının problemi isə alt çənə ilə bağlıdır. Qeyd olunanlara əsasən, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 tərəfindən verilmiş 886/KEŞ saylı 23.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda üst çənədə 11,12,13,14,21,22,23cü dişləri yonulmuş və metal keramika ilə bərpa olunmuşdur. Vizual müayinə zamanı xəstənin ağız boşluğunda hər hansı bir patoloji dəyişiklik müşahidə edilmir. Aşağı çənədə progenik vəziyyət olduğu üçün alt və üst çənənin ortopedik konstruksiyaya ehtiyacı vardır. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 tərəfindən verilmiş 11/KEŞ saylı 09.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda üst çənədə 11,12,13,14,21,22,23cü dişlərin yonulduğu və metal keramika ilə bərpa olunduğu müəyyən edilmişdir. Vizual müayinə zamanı xəstənin ağız boşluğunda hər hansı bir patoloji dəyişiklik müşahidə edilmir. Qeyd olunanları nəzərə alaraq, üst çənədə aparılmış stomatoloji manipulyasiya taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı aşağı çənə nahiyyəsində progenik vəziyyət olduğu üçün alt və üst çənənin ortopedik konstruksiyaya ehtiyacı vardır. Beləliklə, mülki iş üzrə sübutlara, o cümlədən ekspert rəylərinə əsasən məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh tərəfindən görülən işlərin üst çənədə aparıldığı tərəflər arasında mübahisəsizdir, cavabdeh tərəfindən üst çənədə aparılmış həmin işlər isə ekspert rəylərinə görə tibbi baxımdan düzgün icra edilmişdir. Belə olan halda, cavabdehin gördüyü işlərdə hər hansı qüsur və həkim səhvi müəyyən edilmədiyindən, bununla da cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu və cavabdehin təqsiri sübuta yetirilmədiyindən, iddia tələbinin maddi zərər barədə hissəsi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması, cavabdehin təqsirli olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar