Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1122/2021 05.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 1500 (min beş yüz) manat, Cavabdeh2 1000 (min) manat məbləğində borc pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 2000 (iki min) manat, Cavabdeh2 1385 (min üç yüz səksən beş) manat məbləğində borc pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, onun 84 yaşı var, cavabdehlər qaynana və gəlin olmaqla qonşularıdır. Həmçinin Aynişa onun qaynının arvadı, Tünzalə isə Aynişanın gəlinidir. Cavabdeh1 oğlu və Cavabdeh2 həyat yoldaşı olan X2 törətdiyi cinayət əməli ilə bağlı problemləri olduğundan Cavabdeh1 bir qonşu və qohum kimi borc pul istəmiş, o da 21.02.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində kredit müqaviləsi bağlamaqla 1500 manat borc pul vermişdir. Müqavilənin şərtinə görə həmin pulu cavabdeh 21.01.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh2 əlavə olaraq 1000 manat borc pul vermişdir. Cavabdeh2 pulu qəbzlə götürmüş, Aynişa və Rusif də həmin qəbzə şahid kimi imza etmişlər, həmin vaxt bank kartı verilsə də, bank kartında heç bir məbləğ olmamışdır. Cavabdehlər hazırda müxtəlif bəhanələrlə həmin borcları ödəməkdən yayınırlar. Cavabdehlərin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, qeyd etməyi zəruri hesab edir ki, göstərdiyi borclardan əlavə olaraq Tünzaləyə 1185 manat borc pul vermiş, həmin borcdan 800 manat qaytarılmaqla 385 manat qalmışdır. Bundan başqa, Cavabdeh1 xahişi ilə onun oğluna 2020-ci ilin sentyabr ayının 08-də gəlinləri xəstə olduğundan xəstəxanaya aparmaq üçün 150 manat, oğlunun cəriməsini ödəmək üçün 100 manat borc pul vermiş, 2018-ci ildə qurban kəsmək üçün 250 manat dəyərində nisyə qoç vermiş, həmin borclara görə Aynişanın 500 manat borcu qalmışdır. Ona görə də Aynişadan 2000 manat, Tünzalədən isə 1385 manat borc pulun tutulmasını tələb edir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 imzası ilə təsdiq etdiyi qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı 1000 manat məbləğində borc pul almış və həmin pulu 2021-ci ilin mart ayına kimi qaytarmağı öz öhdəsinə götürmüşdür, Cavabdeh1 və X4 şahidlik etmişlər. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 21.01.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bəylərov X1 Aynişa Tehran qızına 1500 (min beş yüz) manat məbləğində borc pul vermiş, Cavabdeh1 həmin borcu 21 yanvar 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə və mülki iş üzrə sübutlara, o cümlədən notarial qaydada bağlanmış kredit müqaviləsinə və yazılı qəbzə əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçıdan 1500 manat məbləğində borc pul almış və həmin borcu 21 yanvar 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, digər Cavabdeh2 öz imzası ilə təsdiq etdiyi qəbzə əsasən iddiaçıdan 1000 manat məbləğində borc pul almış və həmin pulu 2021-ci ilin mart ayına kimi qaytarmağı öz öhdəsinə götürmüş, lakin hal-hazıradək həmin borc məbləğləri qaytarılmamışdır. Bu səbəbdən iddia tələbi cavabdehlər Cavabdeh1 1500 (min beş yüz) manat, Cavabdeh2 1000 (min) manat məbləğində borc pul vəsaitinin tutulması hissəsində əsaslıdır. Buna baxmayaraq, iddiaçı tərəf qalan (bir cavabdehdən 500 manat, digərindən 385 manat məbləğində) pul tələbi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir, ona görə də iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 1500 (min beş yüz) manat, Cavabdeh2 1000 (min) manat məbləğində borc pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1122/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1122/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver