Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1135/2021 18.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5400 manat məbləğində borcun, həmin məbləğə hesablanmış əldən çıxmış fayda hesab edilməli olan 1296 manat məbləğində vəsaitin, mənəvi zərərin əvəzi olaraq 2400 manatın, ümumilikdə 9096 (doqquz min doxsan altı) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, 2019-cu ilin may-iyul aylarında tanıdığı Cavabdeh komputer proqramları və müxtəlif proqramlar yazaraq yüksək gəlir əldə etmək məqsədi ilə ümumilikdə 5400 manat pul vermiş, cavabdeh isə pulu indiyədək geri qaytarmamışdır. Belə ki, təxminən 2019-cu ilin may ayında iş yoldaşı Həsənov Yavər onun Məhəmməd adlı tanışının olmasını, Məhəmmədin yüksək texnologiyalar üzrə fitri istedada malik olmasını və komputer proqramlarını mükəmməl bilməsini, lakin əlində pul olmadığına görə iş qura bilmədiyini demiş, onunla birlikdə iş qursalar yaxşı gəlir əldə edəcəklərini bildirmişdir. Həmin vaxtlar o, Yavərin iştirakı ilə Məhəmmədlə görüşdükdə Məhəmməd birlikdə işə başlamaq üçün 5000 manat məbləğində pul lazım olduğunu demişdir. Təxminən 2019-cu ilin iyun ayının əvvəllərində o, Yavərin iştirakı ilə “28 Mall” ticarət mərkəzinin yaxınlığında cavabdehə 2400 manat pul vermişdir. Həmin pulla cavabdeh müəyyən avadanlıqlar almış, ofis kirayəsini və digər xərcləri ödəmişdir. Təxminən bir ay işlədikdən sonra cavabdeh ona müraciət edərək, gəlir əldə edilməsi üçün ən azı 3000 manat əlavə pul lazım olduğunu söyləmişdir. Bunun müqabilində o, 3000 manata bərabər olan 1800 ABŞ dollarını cavabdehə borc kimi vermişdir. Lakin bundan sonra cavabdeh vədinə əməl etməmiş, ondan gizlənməyə başlamış və tutduğu ofis bağlanmışdır. O, fasilələrlə bir neçə dəfə Məhəmmədlə görüşdükdə Məhəmməd satacağı əşyaların olduğunu bildirmiş və həmin əşyaları satdıqdan sonra pulunu ödəyəcəyini vəd etmiş, lakin hər dəfə onu aldatmışdır. Dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə müracət etsə də, müraciətləri cavabsız qalmış, cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Polisə müraciət etsə də, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbədən o, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən borcun qaytarılmaması ona kifayət qədər maddi və mənəvi ziyan vurmuşdur. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, təxminən 2019-cu ilin may ayında tanıdığı Yavər adlı şəxs onun komputer mütəxəssisi olduğunu bilərək onunla müxtəlif proqramların komputerə quraşdırılması ilə maraqlandıqda, o, Yavərə maddi imkanı olarsa bu işə görə yaxşı qazanc əldə edə biləcəyini söyləmişdir. Yavər ona şərik tapacağını və həmin şəxslə birgə şərikli iş görmələrini təklif etdikdə, onunla razılaşmışdır. Bir neçə gündən sonra Yavər onu Mahir adlı şəxslə tanış etmiş və Mahir onunla söhbətindən sonra əlində yalnız 2400 manat olduğunu bildirmiş, həmin pulla 800 manatlıq avadanlıq almış, ofisləri üçün ayı 400 manata kirayə yer tutmuş, işçinin əmək haqqı və kommunal xərclər ödənilmişdir. Mahir və Yavər razılaşmalarına görə işin sistemini qurmaq üçün müştərilər cəlb etməli olduqları halda, bir qədər tənbəllik etmiş və işləməmişlər. Nəhayət o, əgər qısa müddətə pul tapmasalar işlərinin pozulacağını bildirdikdən iki gün sonra Mahir ona 3000 manat borc pul tapacağını demiş, bir qədər sonra həmin pulu ona vermiş, oradaca həm Yavər, həm də Mahirə hər birinə 100 manat vermişdir. Bir qədər sonra Mahir və Yavər onunla birgə işləməkdən imtina etmişlər, Mahir ödədiyi 5400 manatın hamısını geri tələb etmişdir. O isə Mahirin şərik kimi xərclədiyi pulu geri tələb etməsinə etiraz etmiş, yalnız sonradan verilmiş 2800 manatı qaytara biləcəyini demiş, Mahir isə razılaşmamışdır. Hazırda 2800 manat pulun və onda qalmış avadanlıqların dəyəri olan 800 manatın hissə-hissə qaytarılmasına razıdır. Belə ki, maddi vəziyyəti ağırdır, Vətən Müharibəsində könüllü olaraq döyüşmüş və uzun müddət işləyə bilməmişdir. Qalan hissədə iddia tələblərini əsassız hesab edir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, həqiqətən tərəflər arasında iş münasibətləri onun vasitəsi ilə qurulmuşdur. Belə ki, o və Mahir əvvəl işlədikləri işdən çıxaraq qazanc əldə etmək məqsədilə Məhəmmədlə birgə işləmək qərarına gəlmişlər. Mahir ilk dəfə Məhəmmədə 2400 manat pul vermişdir. Məhəmməd həmin pulun hesabına 800 manata müəyyən avadanlıqlar almış, ofis tutmuş, digər xərclər çəkmişdir. Daha sonra Məhəmməd 3000 manat pul lazım olduğunu demiş, Mahir də həmin məbləğə bərabər olan 1800 ABŞ dolları pulu Məhəmmədə borc kimi vermiş, Məhəmməd həmin puldan ona və Mahirə hər birinə 100 manat vermiş, qalan məbləği qaytarmamışdır. Əslində Məhəmməd qəbz yazaraq aldığı pulu qaytaracağını qeyd etmiş, lakin həmin qəbz sonradan itmişdir. Məhkəmə, tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan 05.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən göstərilən faktda cinayət hadisəsi müəyyən edilmədiyindən fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 22.05.2019-cu il tarixli mənzillərin kirayə verilməsi haqqında müqavilənin surətindən görünür ki, X1 Məhəmməd Elçin oğluna Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 78, 27 saylı üç otaqlı mənzili aylıq 400 manata kirayə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, şahidin ifadəsinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçı cavabdehə birgə fəaliyyət üçün 2400 manat pul vermiş, həmin puldan 800 manata avadanlıqlar alınmış, sonradan həmin avadanlıqlar cavabdehdə qalmış, qalan məbləğ isə birgə fəaliyyət üçün zəruri olan ofis kirayəsi və digər xərclər üçün sərf edilmişdir. Daha sonra isə iddiaçı tərəfindən borc qismində cavabdehə faktiki olaraq 2800 (3000-200) manat borc pul verilmiş, cavabdeh isə həmin borcu indiyə kimi qaytarmamışdır. Ona görə də məhkəmə müəyyən edir ki, pul tələbi 2800+800=3600 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, qalan hissədə isə hər hansı mötəbər sübut təqdim edilmədiyindən və tərəflər birgə fəaliyyət üçün xərclər barədə riskləri birgə daşıdıqlarından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan əlavə, məhkəmə müəyyən edir ki, iddiaçı tərəf 1296 manat məbləğində maddi zərərə məruz qalması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə maddi ziyan barədə iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassızdır. Belə ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul və 12 (on iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1135/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1135/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver