Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-114/2021 28.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı «X2» MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı «X2» MMC-nin Cavabdeh qarşı iddiaçının əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X2» MMC Cavabdeh qarşı iddiaçının əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9124 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, “X2” MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. 15.01,2019-cu il tarixli 017-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba-Salyan 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 11172 (yüz on bir min yetmiş iki) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 2048 (iki min qırx səkkiz) manat güzəşt edilmiş, qalıq borc 9124 (doqquz min yüz iyirmi dörd) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X1 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X2» MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddiaçıya müəyyən məbləğdə borcunun olduğunu etiraf etsə də iddiaçının göstərdiyi həcmdə borcu olduğunu inkar etmişdir. Belə ki, o yağ məhsulunu iddiaçıya tam təhvil vermiş, lakin təhvil-təslim aktında xeyli çatışmazlıqların olmasından dolayı ona imza etməmişdir. Bu çatışmazlıqların da bir qismi ilə razılaşsa da, ümumi olaraq razı olmamışdır.Aktda qeyd olunan malların təhvil-təslim olunmasına görə özünün məsuliyyət daşıdığını, bu barədə məlumatının olduğunu, lakin atda qeyd olunan bütün çatışmazlıqlarla razı olmadığını bildirdi. Qeyd olunan halların nəzərə alınaradan məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinin surətindən görünür ki, «X2» MMC ilə Cavabdeh arasında xx xxxxxxxx 2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Cəmiyyətin Oba-Salyan 6 mağazasına administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən Cavabdeh tərəfindən vurulmuş yekun ziyanın məbləği 11172 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş «X2» MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 11172 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 11172 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 2048 manat güzəşt edilməklə 9124 manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, «X2» pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 9/3856 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”larda Malların inventarizasiyasında olan məlumatların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh “X2” MMC-yə olan çatışmazlığı 9124.40 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194.1-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin a və b bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda və işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci ildə əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə əsasən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, işə başlanma tarixi xx.xx.2017-ci il tarix kimi qeyd olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu tarixli 017-K saylı əmr əsasında Cavabdeh öz razılığı əsasında adminstrator vəzifəsinə keçirilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləinin 199-200-cü maddələrinə əsasən X1 haqqında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən işçinin ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işin layiqincə yerinə yetriilməsini X1 ilə öz üzərinə götürdüyünü və bundan irəli gələn vəzifələr daşıdığı öz əksini tapmışdır. İşəgötürən qismində çıxış edən iddiaçı işçinin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğunu, işçiyə təhvil verilmiş malların siyahısının faktiki yoxlanılması zamanı, habelə inventarizasiya nəticələrinə əsasən malların sayında əksikgəlmə halının baş verdiyini, bunun nəticəsində işəgötüərən maddi ziyan vurulduğunu əsas gətirərək, işçi qismində çıxış edən cavabdehə qarşı belə bir tələb irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli aktivlər üzrə müvafiq inventarizasiya nəticələrinə dair mühasibat-uçot sənədlərinə əsasən əksikgəlmə məbləği 11172 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, iddiaçı qeyd olunan məbləğdən 2048 manat məbləğinin cavabdehə güzəşt edildiyini, qalıq borc qismində 9124 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, o, iddia tələbini onun hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması hissəsində qəbul etdiyini, həqiqətən çatışmazlıqların mövcud olduğunu, ümumi olaraq iddiaçıya zərər yetirdiyini etiraf etsə də, vurulmuş ziyanın məbləği ilə razı olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə araşdırması zamanı müvafiq ekspertiza təyin edilmiş, nəticə etibarilə həmin ekspert rəyi ilə müvafiq akt məlumatlarına əsasən cavabdehin iddiaçı qarşısında olan vurulmuş ziyan qismində malların çatışmazlığının məbləği 9124.40 manat təşkil etdiyi təsbit edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının iddia tələbində cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın məbləği 9124 manat məbləğində müəyyən edilmişdir. Bu halda, məhkəmə iş üzrə müvafiq ekspert rəyini və digər sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halının aşkar olunmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyanın məbləği məhz iddia tələbi həcmində müəyyən eidlməlidir. Həmçinin, iş materialarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, ekspert rəyini və digər sübutları əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçı “X2” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9124 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X2” MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X2” MMC-nin əmlakına vurulmuş ziyanın əvəzi olaraq ödənilməmiş 9124 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X2” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-114/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-114/2021
28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver