Məhkəmə qərarları › İş №2(002)-1142/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1142/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1142/2020 07.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşıkredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı X6 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşıkredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1137,28 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1126,71 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 166,56 ABŞ dolları fazi borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1268,39 ABŞ dolları cərimənin, cəmi 3698,94 ABŞ dolları (üç min altı yüz doxsan səkkiz ABŞ dolları 94 sent) borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ləğv prosesində olan İddiaçı X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC-nin “Səbail” filialı tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 29% ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh2 kredit üzrə banka olan əsas borcu 1137,27 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcu 1126,71 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış faiz borcu 166,56 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə 1268,39 ABŞ dolları olmaqla, cəmi 3698,94 ABŞ dolları təşkil edir. İddiaçı X6 tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kredit üzrə 620,34 ABŞ dolları kompensasiya kimi silinmişdir, hazırda borc iddia ərizəsində qeyd olunduğu kimidir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı X3 “Səbail” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsi əsasında Cavabdeh2 illik faiz dərəcəsi 29% olmaqla 24 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zəmanət müqaviləsindən görünür ki, İddiaçı X6 ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı X4rşısında öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı X6 ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından, hesabdan çıxarışlardan görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə banka 1137 ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixinə 1126,71 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi illik 5 faiz hesablanmaqla 166,56 ABŞ dolları faiz borcu, 1268,39 manat cərimə olmaqla, cəmi 3698,94 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh2 iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc, faiz borcu, habelə müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini, cərimənin ABŞ dolları ilə hesablandığını nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 50 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1137,28 ABŞ dolları məbləğində əsas borc, 1126,71 ABŞ dolları faiz borcu, 166,56 ABŞ dolları məbləğində müqavilə müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2480,55 ABŞ dolları (iki min dörd yüz səksən ABŞ dolalrı əlli beş sent) məbləğində borc pul vəsaiti (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar