Məhkəmə qərarları › İş №2(002)-1143/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1143/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1143/2021 08.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh2 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, MFNPU-3280 saylı kredit müqaviləsinə əsasən illik 22 % dərəcəsi olmaqla 30 ay müddətinə 8.000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3, 2.4-cü bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 23 noyabr 2018-ci tarixdə İddiaçı ASC-nin Mərkəz filial ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 23 noyabr 2018-ci il tarixli, MFNPU- 3280 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 23 noyabr 2018-ci il tarixli, MFNPU-3280 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit ödənilməsinə dair öhdəliyin vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, MFNPU-3280 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəli əsasında hər ayın 23-dən gec olmayaraq hər ay 349,07 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 23 noyabr 2018-ci il tarixli, MFNPU-3280 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2564,72 manat, faiz borcuna görə 264,78 manat, cəmi 2829,5 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 noyabr 2018-ci il tarixli, MFNPU-3280 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2564,72 manat, faiz borcuna görə 264.78 manat, cəmi 2829,5 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 noyabr 2018-ci il tarixli, MFNPU-3280 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-dən 30 ay müddətinə illik 22 % dərəcəsi ilə 8.000 manat məbləğində kredit götürmüşdür. İş materialında olan 23.11.2018-ci il tarixli, MFNPU-3280 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə 2564 manat 72 qəpik əsas borc, 264 manat 78 qəpik faiz borcu olmaqla, cəmi 2829 manat 5 qəpik borcunun olduğu qeyd edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 27.01.2021-ci il tarixli xəbərdarlıq məktublarından (bildirişdən) görünür ki, qeyd olunan müddət ərzində banka olan borc məbləği ödənilmədiyi halda, bununla bağlı müvafiq olaraq məhkəmədə iddia qaldırılacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin iddiası təmin edilməli, 23 noyabr 2018-ci il tarixli MFNPU- 3280 saylı kredit müqaviləsi üzrə 2564 manat 72 qəpik əsas borc, 264 manat 78 qəpik faiz borcu olmaqla, cəmi 2829 manat 5 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. 23 noyabr 2018-ci il tarixli, MFNPU-3280 saylı kredit müqaviləsi üzrə 2564 manat 72 qəpik əsas borc, 264 manat 78 qəpik faiz borcu olmaqla, cəmi 2829 manat 5 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar