Məhkəmə qərarları › İş №2(002)-1146/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1146/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1146/2022 24.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6838,3 manat əsas borc, 747,7 manat faiz borcu və 22,93 manat cərimə olmaqla, ümumilikdə cəmi 7608,93 manat borcun və 96,09 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.05.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh1 13 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq 13 may 2019-cu il tarixdə Cavabdeh2 ilə, 30 aprel 2021-ci il tarixdə Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 13 may 2020-ci il tarixli əlavə sazişə əsasən, kreditin müddəti 13 avqust 2021-ci il tarixədək, 28 oktyabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 13 noyabr 2021-ci il tarixədək, 30 aprel 2021-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 13 aprel 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc ödəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il martın 04dək Cavabdeh1 banka 13 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6838,3 manat əsas borc, 747,7 manat faiz borcu və 45,85 manat cərimə borcu olmaqla, ümumilikdə 7631,85 manat borcu vardır. Cavabdeh1 13 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka cərimə borcunun 45,85 manat təşkil etməsinə baxmayaraq, təqdim olunan maliyyə arayışı üzrə cərimə məbləğinin 50%-i, yəni 22,93 manat tələb olunur. "xxxx" İKB ASC hazırda İddiaçı ASC kimi fəaliyyət göstərir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, iddia ərizəsi verildikdən sonra cavabdeh əsas borcdan 200 manat ödəniş etmişdir. Hazırda iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, iddia ərizəsində göstərilən kredit müqaviləsi üzrə borc məbləğini pandemiya səbəbindən işsiz qalması və maddi çətinlikləri ilə əlaqədar ödəyə bilməmişdir. Hazırda tələb olunan borc məbləğini maddi imkanı olmadığı üçün birdəfəyə ödəmək imkanı yoxdur, hissə-hissə ödəyə bilər. Eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, iddia veriləndən sonra əsas borcdan 200 manat ödəniş etmişdir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə etiraz etmir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.05.2019-cu il tarixli, 23-MZ-1-0-916-19 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 28% olmaqla 24 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 13.05.2020-ci il, 28.10.2020-ci il, 30.04.2021-ci il tarixli əlavə sazişlərdən görünür ki, sonradan kredit müddəti artırılmışdır. İş materiallarında olan 13.05.2019-cu il tarixli, 23-MZ-1-0-916-19 saylı zaminlik müqaviləsindən və ona əlavələrdən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 30.04.2021-ci il tarixli, 23-MZ-1-0-916-19 saylı zaminlik müqaviləsindən və ona əlavələrdən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh3 oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh1 borcu ilə əlaqədar 04.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 13.05.2019-cu il tarixli, 23-MZ-1-0-916-19 saylı kredit müqaviləsi üzrə cavabdehin 04.03.2022-ci il tarixinə iddiaçı təşkilata 6838,3 manat əsas borc, 747,7 manat faiz borcu və 45,85 manat cərimə olmaqla, cəmi 7631,85 manat məbləğində borcu vardır. İş materiuallarında olan 27638 saylı 23.05.2022-ci il tarixli qəbzin surətindən görünür ki, kredit müqaviləsi üzrə 200 manat ödəniş edilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu, faiz borcunu və gecikməyə görə cərimə məbləğini iddiaçıya ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini qismən icra etmiş (o cümlədən iddia ərizəsi verildikdən sonra əsas borcdan 200 manat ödəniş etmiş), qalıq qalmış pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın kredit müqaviləsi üzrə əsas borcun tutulması tələbi 6638,3 manat həddində əsaslı hesab olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı bank müqavilənin ləğvi, faiz borcunun və cərimənin ödənilməsi barədə iddia tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 13.05.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6638,3 manat məbləğində əsas borc, 747,7 manat faiz borcu, 22,93 manat cərimə olmaqla, cəmi 7408,93 manat (yeddi min dörd yüz səkkiz manat doxsan üç qəpik) məbləğində borc pul vəsaiti və 93,56 manat (doxsan üç manat əlli altı qəpik) dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar