Məhkəmə qərarları › İş №2(002)-1165/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1165/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1165/2022 17.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 1500 manat və zamin olduğu İbrahimli İbrahimin ona borclu olduğu 2500 manat,ümumilikdə 4000 manat məbləğində pulun cavabdehdən tutularaq ona geri ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı 17,06.1966-cı il təvəllüdlüyəm. ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatmdadır və həmin ünvanda yerləşən mənzildə daimi (faktiki) olaraq yaşayır. O əvvəldən tanıdığı və hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh ehtiyacı olduğundan ona 1500 (min beş yüz) manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borc pulu ona hissə-hissə qaytaracağını söz vermişdi. Bundan əlavə ümumi tanışılığı olan İbrahimli İbrahim də ondan 2500 (iki min beş yüz) manat borc pul almışdır. Lakin, o da sözünə əməl etməyərək bu günədək borcunu qaytarmamışdır. Hazırkı iddia ərizəsinə görə Cavabdeh isə İbrahimli İbrahimə zamin duraraq borcunu qaytarmadığı halda həmin 2500 (iki min beş yüz) manatı İbrahimin əvəzinə özünün qaytaracağına söz vermişdi. Lakin cavabdeh şəxs və onun zamin qaldığı İbrahimli İbrahim də ona olan borclarını ödəmədikləri üçün onlarla yazılı sənəd üzərində müqavilə bağlamağa məcbur oldu. Cavabdeh ona olan 1500 (min beş yüz) manat məbləğində borcunun 6 ay ərzində, İbrahimli İbrahimi isə ona olan 2500 (iki min beş yüz) manat pul borclunun 1 il ərzində qaytaracaqalanna söz verdikləri barədə onlarla yazılı sənəd üzərində müqavilə bağlamışlar. Bunu hazırki iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyim sözü gedən yazılı sənədin surəti ilə təsdiq edirəm. Cavabdeh İbrahimli İbrahimin borcuna zamin qaldığı üçün İbrahim borcunu ona qaytarmadığndan, zamin olaraq 2500 (iki min beş yüz) manat pul vəsaitini cavabdeh olaraq Cavabdeh tələb etmək məcburiyyətində qalmışdır. Bu səbəblə hazırki iddia ərizəsinə görə o cavabdehdən özünün ona olan 1500 (min beş yüz) manat borcundan əlavə, əvəzinə zamin qaldığı İbrahimli İbrahimin ona olan 2500 (iki min beş yüz) manat borcu da, ümumilikdə 4000 (dörd min) manat pul borcunu cavabdeh olaraq Cavabdeh tələb etmək məcburiyyətində qalmışdır. Borc verdiyi vaxtdan mütəmadi olaraq cavabdeh şəxslə əlaqə saxlayaraq ondan borc məbləğini ödəməsini tələb etmişdir. O isə ondan əlavə vaxt verməyini istəmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək süni süründürməçiliyə yol vermiş və borc məbləğini ödəməkdən boyun qaçırmışdır. Belə ki, bu günədək cavabdehdən pulun ödənilməsini tələb etsə də, onun tərəfindən pulun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qanunsuz hərəkətləri üzündən ondan aldığı 4000 (dörd min) manat pul məbləğində maddi ziyan dəymişdir.Göstərilən səbəbdən maddi vəziyyəti pisləşib.Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,cavabdehin işlədiyini, hər dəfə onunla danışanda pulunu qaytarcağını desə də, qaytarmadığını, keçən iclasda da söz verdi ki, bu iclasa gələcək ancaq işdə olduğundan gəlmədiyini dediyini, özünü də borcunu etiraf etdiyini, pulun qaytarılmasını istədiyini, 1500 manatı cavabdehin özünə veridyini, 2500 manatı isə dostuna veidyini ancaq cavabdeh zamin durduğundan bütün pulları ondan istədiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə məlumat verərək, işdə olduğundan məhkəmə baxış iclasında iştirak edə bilmədiyini, iddia tələbini 1500 manat hissəsində qəbul etdiyini, iddiaçıya 1500 manat borcunun olduğunu, 2500 manat pulun isə ona deyil, başqa şəsə verildiyini, ona görə də həmin pulu o şəxsdən tələb etməli olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh 4000 manat məbləğində borcunun olduğunu, həmin borcun qaytarılmaısnı tələb etmiş, əks halda məhkəməyə mürcaiət etməsi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə tədqiq edilmiş iddiaçının izahatı, cavabdehin məlumatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanılmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 1500 manat məbləğində borc pul vəsaiti verilmiş, cavabdeh isə həmin pulu 6 ay müddətində qayatrmağı öhdəsinə götürmüşdür. Bu halı hər iki tərəf təsdiq etmişdir.Cavabdeh hazırda iddiaçı qarşısında 1500 manat məbləğində borc öhdəliyinin olduğunu qəbul etmiş, 2500 manat məbləğində olan hissədə qəbul etməmiş, 2500 manat pulun başqa şəxsə verildiyini, ona verilmədiyini, o hissədə həmin şəxsdən tələb etməli olduğunu qeyd etmişdir.Həmçinin, iddiaçı özü də iddia tələbində qeyd eidlmiş 2500 manat məbləğində pulun cavabdehə deyil, digər şəxsə borc verdiyini bildirmişdir. Deməli, cavabdehin iddiaçı arşısında 1500 manat məbləğində borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin borcunu qəbul etdiyi və borc öhdəliyinin yaranmasının aşkar olduğu hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 60 manat məbləğində dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar