Məhkəmə qərarları › İş №2(002)-1176/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1176/2023

15.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1176/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı ("xxxx" ASC və Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı ("xxxx" ASC və Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2023-cü il tarixli 8İ-608 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2023-cü il tarixdə icra qeydi tərtib edilərək ondan və Cavabdeh3 cəmi 17.573 manat 64 qəpik pulun tutulması qərara alınmışdır. Həmin borc uzrə o, əsas borclu deyil, müqavilə üzrə o, zamin olmuşdur. Əsas borclu Cavabdeh3dur və puldan da qismən ödənişlər etmişdir. O, xüsusi təyinatlı qüvvələrin giziri olmuşdur, Vətən Müharibəsində iştirak edərək ağır dərəcədə yaralanmışdır. 2 qrup əlildir. Hazırda da müalicələri davam edir. Ailəlidir. 2 övladı var. Aldığı təqaüd müalicəsinə bəs etmir. Ailəsini isə valideynlərinin köməkliyi ilə saxlayır. Cavabdeh3 da hərbiçi olmuş və iş yoldaşı olduğu üçün sonuncuya zamin duraraq kredit götürmüşdür. Müharibədən sonra o, ağır formada yaralandığından işdən çıxmaq məcburiyyətində qalmışdır. Cavabdeh3 götürdüyü krediti vaxtlı vaxtında ödəməyə söz versə də, müharibədən sonra işdən çıxdığından ödənişlərində geçikmələr olmuşdur. Bank tərəfindən heçi bir güzəşt edilməmiş, əsassız olaraq məbləğ şişirdilmişdir. İcra qeydində də məbləğin hansı hissəsinin əsas borc, hansı hissəsinin faiz borcu olması qeyd edilməmişdir. Belə ki, müharibə başlayanda müharibə iştirakçılarının banklarda olan borcları dondurulmuş və faizlərin silinməsi nəzərdə tutulmuşdur. Lakin hazırda əsassız olaraq faiz borcları da hesablanmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin həmin qanunun tələbi pozulmuş, ona bu barədə heç bir bildiriş gəlməmişdir. Yalnız aldığı təqüddən tutulma aparıldıqdan sonra mesaj vasitəsilə bank hesabından pul çıxılandan sonra ona məlumat gəlmişdir. Əsas borcun, faiz borcunun ayrı-ayrılıqda göstərilməməsi həmin borc barədə mübahisə yaradır. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Borc məbləği barədə mübahisə olması və icra qeydindən əvvəl ona bildiriş göndərilməməsi icra qeydinin ləğv edilməsi üçün əsasdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Notariat Ofisi tərəfindən icra qeydi verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə və üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçının nümayəndəsinin və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 25 yanvar 2023-cü il tarixli 8İ-608 reyestr saylı icra qeydindən görünür ki, Bakı şəhəri 45 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi vermişdir. İcra qeydinə əsasən 17.548 manat 64 qəpik pul vəsaiti və ödənilmiş 25 manat dövlət rüsumu Cavabdeh3 və İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra qeydinin verilməsinə əsas olmuş notariat icra qeydi haqqında ərizədən görünür ki, tələbkar "xxxx" ASC tərəfindən icra qeydinin verilməsi üçün zəruri olan bütün məlumatlar ərizədə öz əksini tapmışdır. Eləcə də, kredit müqaviləsinin tarixi, nömrəsi, ödənilməmiş əsas borc məbləği (11.276 manat 31 qəpik), faiz (6.271 manat 93 qəpik), borcluya ünvanlanmış bildirişin tarixi (xx.xx.2022-ci il) və s. müfəssəl şəkildə qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən "xxxx" ASC-nin borcluya göndərdiyi («Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən) 30 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, müvafiq bildiriş borclunun ünvanına çatdırılmışdır. Bu isə öz növbəsində, bildirişin borclu tərəfindən qəbul edilməsi hesab edilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. İşin faktiki hallarından göründüyü kimi, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Yuxarıda qeyd olunan "xxxx" ASC-nin borcluya göndərdiyi («Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən) 30 dekabr 2022-ci il tarixli bildirişdən göründüyü kimi, bank mövcud qanunvericiliyə ciddi şəkildə riayət etmiş, borcluya notariat orqanına müraciət etməmişdən öncə borcun 20 gün ərzində könüllü şəkildə ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə notariat orqanına icra qeydi verilməsi üçün müraciət olunacağı borcunun nəzərinə çatdırılmışdır. İddiaçı iddia ərizəsində borc müqaviləsi üzrə borcun mübahisəli olduğunu bildirsə də, borc məbləği iddiaçı tərəfindən aidiyyatı məhkəmədə mübahisələndirilməmişdir. Eləcə də, məhkəmə işə obyektiv, qərəzsiz, hərtərəfli baxılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli 9/3267 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan Maliyyə arayışındakı göstərilən məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə Cavabdeh3 "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: Əsas borc üzrə – 11.276 manat 11 qəpik; Faiz üzrə – 6.272 manat 02 qəpik. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, kredit müqaviləsi üzrə borcludan və zaminlik müqaviləsinə əsasən zamindən müştərək qaydada tutulması qeyd edilən borc məlumdur, əsas borc və faiz məhkəmə qaydasında mübahisələndirilməmişdir, icra qeydi qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Nümayəndə şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı ("xxxx" ASC və Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Lakin ekspertiza xərci olan 100 manat iddia təmin edilmədiyindən İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı ("xxxx" ASC və Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar