Məhkəmə qərarları › İş №2(002)-1182/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1182/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1182/2022 16.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 05 sentyabr 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əmək haqqının hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(002)-3066/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulaması 05 sentyabr 2017-ci il tarixdə doğulmuş X1 onun himayəsinə verilməsi,05 sentyabr 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir.Cavabdeh hərbiçidir,onda olan məlumata görə Sərhəd Xidmətində gizir rübtəsi ilə xidmət edir,kifayət qədər əmək haqqı alır.Əmək haqqı daimidir.Ona görə də alimentin cavabdehin əmək haqqısına yönəldilməsini istəyir.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,öz izahatında iddia tələbini müdaifə etdiyini bildirərək, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli 2(002)-3066/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 29 iyul 2017-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 1954 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun,05 sentyabr 2017-ci il təvəllüdlü X3 iddiaçı X4 ilə qalsın, 05 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 noyabr 2019cu il tarixdən başlayaraq,Cavabdeh X2 xeyrinə hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsnin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, müvafiq məhkəmə qətnaməsi əsasında həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 120 manat məbləğində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının izahatı, cavabdehin özünün verdiyi məlumat əsasında və digər sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh hazırda rəsmi iş yeri və aylıq qazanca (gəlirə) malikdir. Bu halda, məhkəmə cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsi halını, hazırda rəsmi iş yeri və aylıq qazanca malik olması halını,bu halın isə uşağın mənafeyinə (təminat səviyyəsinə) əhəmiyyətli dərəcədə təsir etməsini halını əsas götürərək, hər bir halda uşağın üstün mənafeyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 43,16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd olunan halları nəzərə alaraq, uşağın üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, 05 sentyabr 2017-ci il təvəllüdlü X3, yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli 2(002)-3066/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay bir uşağa görə qazancının və başqagəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı qızının xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 43,16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli 2(002)-3066/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı qızının xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 43,16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar