Məhkəmə qərarları › İş №2(002)-1187/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1187/2022

30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1187/2022 30.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdeh1 və Cavabdeh2 ASC-ə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 ASC-ə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh "xxxx" ASC tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın,həmçinin əldən çıxmış faydanın-gəlirin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.1.1 və 150.1.2-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə eidlməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.1 və 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində, 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində, 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən eidlmiş forma və məzmuna aid tələblərə riayət eidlmədən tərtib edilmişdir. Belə ki, iddia ərziəsində qeyd eidlmiş cavabdehlərdən biri (Cavabdeh1) qismində vəfat etmiş şəxs şəxs qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyində vəfat etmiş şəxsə qarşı iddia tələbinin irəli sürülməsinə yol verilməsinə dair müddəa qeyd edilməmiş, bundan əlavə mülki prosessual qanunvericiliyin tələbinə əsasən proses iştirakçısı prosessual hüquq qabiliyyətinə malik olmalıdır (fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Bundan əlavə , hazırki mülki iş üzrə iddia tələbi mahiyyətcə qiymətləndirilən iddia tələbinə aid olduğu halda, iddia ərizəsində cavabdehə qarşı yönələn tələb qeyri-müəyyən şəkildə, ümumi şəkildə ifadə edilmişdir. Halbuki, mülki prosessual qnaunvericiliyin tələbinə əsasən hər bir cavabdehə qarşı yönələn tələb dəqiq şəkildə qeyd edilməlidir.Həmçinin, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi mahiyyətcə qiymətləndirilən iddia tələbinə aid olduğundan və iddia ərizəsində iddianın qiyməti qeyd edilmədiyindən, hazırki mülki iş üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilib-ödənilməməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə qeyd eidlən halları əsas götürərək hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi forma və məzmuna uyğun tərtib edilmədiyindən (cavabdeh qismində vəfat etmiş şəxs qeyd edildiyindən, cavabdehə yönələn tələb qeyri-müəyyən şəkildə qeyd edildiyindən), habelə qanunvericiliklə müəyyən eidlmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən, iddia ərizəsi ona əlavə eidlmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 ASC-ə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar