Məhkəmə qərarları › İş №2(002)-1216/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1216/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1216/2021 07.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx“ ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx“ ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 1377.93 AZN əsas, 342.95 AZN faiz, cəmi 1720.88 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx“ ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair sadələşdirilmiş icraatın iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı «xxxx» KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış 15.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25 % ödəmək şərti ilə 1426 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizdə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onun faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 06.03.2021-ci il tarixinə “xxxx” KB ASC-yə 1377.93 AZN əsas, 342.95 AZN faiz, cəmi 1720.88 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianı qismən qəbul edərək, borcunun olduğunu, lakin ödənişlər etdiyini, ona 800 manat borcunun qaldığını bildirdiklərini, ümumilikdə borcunu qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 15.02.2020-ci il tarixli 204nkMDK/20 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, “xxxx” KB ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, 25 faiz dərəcəsi ilə, 1426 AZN məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 06.03.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın 204nkMDK/20 saylı kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 1377.93 AZN əsas, 342.95 AZN faiz, cəmi 1720.88 AZN məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 22.10.2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, Cavabdehnın “xxxx” KB ASC-yə olan borcunu 3 iş günü ərzində ödəməyi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 15.02.2020-ci il tarixli 204nkMDK/20 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor 1426 AZN məbləğində krediti borcalana 25 % dərəcəsi ilə verməyi ,borcalan isə 23 ay hər ay 77 AZN , 24-cü ay 54 AZN cəmi 1825 AZN ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 24 ay müddətinə, 25 faiz dərəcəsi ilə, 1426 AZN məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, cavabdeh məhkəmə iclasında iddiaçı bank qarşısında borcunun olduğunu qəbul etdiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Bu halda, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış əsas borc, faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 15.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1377,93 manat əsas borc, 342,95 manat faiz borcu olmaqla, cəmi 1720,88 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1377,93 manat əsas borc, 342,95 manat faiz borcu olmaqla, cəmi 1720,88 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar