Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1243/2020 01.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşıkredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşıkredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı X3 xeyrinə 001R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 8955,53 ABŞ dolları məbləğində əsas borc, 9816,64 ABŞ dolları məbləğində faiz borcu və 9502,46 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 28274,64 ABŞ dolları (iyirmi səkkiz min iki yüz yetmiş dörd ABŞ dolları 64 sent) məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 01L000002979 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 120 ay müddətinə 150000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə aylıq 2.1667% ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 001R**********S saylı, xx.xx.2016-cı il tarixli 001R**********SA saylı, xx.xx.2016-cı il tarixli 001R**********SB saylı, xx.xx.2017-ci il tarixli 001R**********SC saylı sazişlərlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi və ona əsasən bağlanmış razılaşmalar üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6044,47 ABŞ dolları ödəmiş, onun 8955,53 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Göründüyü kimi aylıq faiz beş faizdən də aşağı hesablanmışdır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə hesablanmış faiz borcu 9816,64 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə hesablanmış cərimə 9502,46 ABŞ dolları təşkil edir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli 01L000002979 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit razılaşmasına əsasən Cavabdeh1 30 ay müddətinə aylıq 2,1667% ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 001R**********S saylı, xx.xx.2016-cı il tarixli 001R**********SA saylı, xx.xx.2016-cı il tarixli 001R**********SB saylı və xx.xx.2017-ci il tarixli 001R**********SC sazişlərin surətlərindən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 001S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 01L0000029 saylı kredit xətti müqaviləsi və həmin müqaviləyə əsasən kredit razılaşmaları üzrə Cavabdeh1 İddiaçı X4rşısında öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı X5 ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 01S000005580 saylı zaminlik müqaviləsindən və xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 01S000005580 saylı kredit xətti müqaviləsi və həmin müqaviləyə əsasən kredit razılaşmaları üzrə Cavabdeh1 İddiaçı X4rşısında öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı X5 ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh1 xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə banka 8955,53 ABŞ dolları məbləğində əsas borcu, 9816,64 ABŞ dolları məbləğində faiz borcu və 9502,46 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 28274,63 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, yazılı müqavilələrə əsasən cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı bank əsas borc və faiz borcunun ödənilməsi barədə iddia tələbi irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə müəyyən edir ki, iddia tələbi əsas borc və faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və borclunun maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə tərəflərin əmlak mənafelərini, ümumi borc məbləğini, cərimənin ABŞ dolları ilə hesablandığını nəzərə alaraq, kredit razılaşması üzrə cərimə tələbinin azaldılmasını və 50 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı X3 xeyrinə 001R********** saylı kredit razılaşması və ona dair əlavə sazişlər üzrə 8955,53 ABŞ dolları məbləğində əsas borc, 9816,64 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 18822,17 ABŞ dolları (on səkkiz min səkkiz yüz iyirmi iki ABŞ dolları on yeddi sent) məbləğində borc pul vəsaiti (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1243/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1243/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver