Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1272/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Mediasiya Təşkilatında tərtib edilmiş 26 aprel 2022-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə birgə nikahlarından doğulmuş 05 sentyabr 2014-cü il təvəllüdlü X2 və 15 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər ay bir uşağa 200 manat olmaqla, iki uşağa görə cəmi 400 manat razılaşdırılmış alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 05 sentyabr 2014-cü il təvəllüdlü X2 və 15 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 235 manat, iki uşağa görə cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 5 saylı Mediasiya Təşkilatında tərtib edilmiş 26 aprel 2022-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə birgə nikahlarından doğulmuş 05 sentyabr 2014-cu il təvəllüdlü X2 və 15 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər ay bir uşağa 200 manat olmaqla, iki uşağa gora cəmi 400 manat aliment ödəməyə razılaşmışdır. Uşaqlar orta məktəbdə oxuyurlar və günddəlik tələbatları getdikcə artır. Cavabdeh isə alimentdən başqa uşaqlarına heç bir maddi yardım etmir. O, uşaqların tələbatını ödəməkdə çətinliklər çəkir. Hazırda bir uşağın yaşayış munimumu 235 manat müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, rəsmi şəkildə işlədiyi Boşşelf-də müqavilə müddəti bitir, işini itirmək təhlükəsi var. Yəni əmək müqaviləsinin müddəti uzadılmaya bilər. Bundan başqa, ikinci dəfə ailə həyatı qurmuşdur, həmin nikahdan övladının doğulmasını gözləyir. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(002)-1224/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair ilk iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2013-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 1251 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 2 uşaqlarının olması, tərəflər arasında olan nikahın pozulması, eləcə də hazırki iş üzrə iddiaçının cavabdehə qarşı «aliment» tələbinə dair qarşılıqlı iddiasının (tərəflər arasında mediasiya prosesi zamanı alimentin tutulmasına dair barışıq sazişi bağlandığından) təmin edilməməsinə dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiası hazırda məhkəməyə aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, məhkəmənin aliment tutulmasına dair qanun qüvvəsini almış qətnaməsi mövcud deyil və mahiyyət etibarı ilə hazırki iddia tələbi alimentin tutulması səpkilidir. İş materiallarına əlavə olunmuş «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» xx.xx.2024-cü il tarixli MŞB/6-00148 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixə saat 15:30-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə həmin sessiyada iştirak etməmişdir. İddiaçı tərəfindən həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərc və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, uşaqların saxlanılması xərclərinin qarşılanması yalnız bir valideynin deyil, hər iki valideynin vəzifəsidir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması xərclərinin yalnız bir valideyndən tutulması ədalətli deyil. Hazırki iş üzrə tərəflərin övladları 2014-cü və 2016-cı il təvəllüdlü olmaqla, körpə deyillər və iddiaçının əmək fəaliyyəti ilə məşğul olmaq imkanı mövcuddur. Bu səbəbdən, yuxarıda qeyd olunanlar, həmçinin cavabdehin hazırki maddi durumu və ailə vəziyyəti nəzərə alınmaqla, iddia qismən təmin edilməli, aliment məqbul həddə tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 sentyabr 2014-cü il təvəllüdlü X2 və 15 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə mahiyyət etibarı ilə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edilən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Qətnamə dərhal icra olunmalıdır. Ödənilmiş 73 manat 28 qəpik manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 sentyabr 2014-cü il təvəllüdlü X2 və 15 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə mahiyyət etibarı ilə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edilən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Ödənilmiş 73 manat 28 qəpik dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1272/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1272/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver