Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1281/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-1093/2022 saylı qətnaməsi ilə tutulan alimentin və uşağın müalicəsi üçün əlavə xərcin miqdarının artırılaraq Cavabdeh hər ay uşağın saxlanması üçün 235 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün əlavə olaraq hər ay 250 manat sabit pul məbləğində əlavə xərcin tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarında xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Xasiyyətləri tutmadığı üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-1093/2022 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması və həmçinin 70 manat sabit pul məbləğində uşağın müalicəsi üçün pulun tutulması qət edilmişdir. 2024-cü ildə uşaqların minimum yaşayış səviyyəsi 235 manat məbləğində müəyyən edilmişdir. Həmçinin bildirmək istəyir ki, yetkinlik yaşına çatmayan uşaq X5 daun sindromu xəstəliyindən əziyyət çəkir. Belə xəstəlikdən əziyyət çəkən, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisəsi kimi 289 saylı orta məktəb nəzərdə tutulmuşdur. Bildirmək istəyir ki, iddiaçı hal-hazırda Bakı şəhəri Sahil qəsəbəsində yaşayır. Həmin 289 saylı orta məktəb iddiaçının yaşayış yerindən xeyli uzaqda yerləşir, X5 ictimai nəqliyyatdan istifadə edərkən kənar şəxslərə maneçiliklər yaratdığı üçün iddiaçı hər dəfə uşağı taksi xidmətindən istifadə etməklə məktəbə aparır. Bu da hər dəfə 15 manat xərc deməkdir. İddiaçının maddi imkanı yaxşı olmadığı üçün artıq uşağı dərsdən evə gətirəndə məcbur olub işdən iki saat əvvəl çıxır ki, uşağı ictimai nəqliyyat vasitəsilə evə gətirsin. Bunun nəticəsində də hər gün iki saat işdən tez çıxdığına görə əmək haqqından tutulmalar olur. X5 daun sindromundan əziyyət çəkdiyi üçün onun müalicəsinə və müayinəsinə hər ay xeyli miqdarda vəsait sərf olunur. Ümumilikdə isə uşağın məktəbə nəqliyyat vasitəsilə aparılıb gətirilməsinə, müayinə və müalicəsinə hər ay minimum 500-600 manat məbləğində əlavə xərc sərf olunur. Cavabdeh əmək qabiliyyətlidir, lakin onun hazırda ödədiyi məbləğlər uşağın saxlanması, müalicəsi, artan tələbatlarının ödənilməsi üçün kifayət etmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1093/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1675/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, xx.xx.2013-cü il təvəllüdlü X2 müalicəsi üçün Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(002)-1797/2017 saylı qətnaməsi ilə əlavə xərcə görə təyin edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh uşağın müalicəsi üçün əlavə olaraq hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 Həkim Psixiatr Komissiyası tərəfindən verilmiş 1/3807 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X4 yüngül kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu ilə daun sindromu diaqnozu qoyulmuşdur. İş materiallarına həmçinin xx.xx.2013-cü il təvəllüdlü X2 müayinəsi, müalicəsi ilə bağlı tibbi sənədlər əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın yaşı, mənafeyi, səhhəti, daun sindromu xəstəliyindən əziyyət çəkməsi, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, 2024-cü il üçün uşaqlara görə yaşayış minimumu norması, əvvəl təyin edilmiş alimentin müvafiq ilin yaşayış minimumu həddində müəyyən edilməsi və uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanması zərurəti, eyni zamanda əmək qabiliyyətli cavabdehin qazancı barədə konkret sübutların təqdim edilməməsi nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1093/22 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, habelə uşağın müalicəsi üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində əlavə xərcin tutularaq İddiaçı ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1093/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment, habelə uşağın müalicəsi üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1281/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1281/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver