Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1297/2022 03.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 oğlu izahat verərək bildirdi ki, iddiaçı onun qızıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2551/2016 saylı, 02 iyun 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 05 sentyabr 2015-ci il təvəllüdlü X2 anası Məcidova (Əliyeva) Sevinc Nizami qızının yanında saxlanılmasının müəyyən edilməsi, 07 aprel 2016-cı il tarixindən başlayaraq 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq Məcidova (Əliyeva) Sevinc Nizami qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-7106/2016 saylı, 28 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, Cavabdeh 04 oktyabr 2016-cı il tarixdən başlayaraq 05 sentyabr 2015-ci ildə doğulmuş X2 üç yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh 07 aprel 2016-cı il tarixdən başlayaraq hər ay 117 manat, 04 oktyabr 2016-cı il tarixdən əlavə olaraq 50 manat ödəməli olduğu halda, alimenti kəsrlə ödəmişdir, hazırda 4000 manatdan çox borcu qalmışdır. İddiaçı özü işləmir, ona görə uşağın artan tələbatlarını təkbaşına ödəyə bilmir. Əgər cavabdeh aliment vaxtında ödəsəydi, artırma üçün müraciət etməzdi, vaxtında ödəmədiyinə görə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, hazırda cavabdehin səhhətini və maddi vəziyyətini nəzərə alaraq, uşağa görə 170 manat məbləğində alimentin tutulmasına razıdır. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qismən etiraz edir. Belə ki, işsizliyi və səhhəti ilə əlaqədar üç min manatdan çox aliment borcu vardır. Hazırda diz oynağı xəstəliyi ilə bağlı gəzə bilmir, cərrahi əməliyyat olunmalıdır, faktiki əmək qabiliyyəti yoxdur, həmçinin ikinci dəfə ailə qurmuşdur, maddi vəziyyəti olduqca ağırdır. Əlilliyin təyini üçün müraciət etmişdir, hazırda müraciətinə baxılmaqdadır. Buna baxmayaraq, uşağın mənafeyi üçün hər ay 170 manat aliment ödəməyə razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin olunmasına etiraz etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2551/2016 saylı, 02 iyun 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə Məcidova (Əliyeva) Sevinc Nizami qızı arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 05 sentyabr 2015-ci il təvəllüdlü X2 anası Məcidova (Əliyeva) Sevinc Nizami qızının yanında saxlanılmasının müəyyən edilməsi, 07 aprel 2016-cı il tarixindən başlayaraq 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq Məcidova (Əliyeva) Sevinc Nizami qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-7106/2016 saylı, 28 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 04 oktyabr 2016-cı il tarixdən başlayaraq 05 sentyabr 2015-ci ildə doğulmuş X2 üç yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 04.04.2022-ci il tarixli məşğulluq haqqında arayışın surətindən görünür ki, Cavabdeh 08.04.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır. İş materiallarında olan X3 tərəfindən verilmiş 02.05.2022-ci il tarixli arayışın və XT seriyalı Amb nömrəli epikrizin surətlərindən görünür ki, Cavabdeh kəskin ACL yırtığı, medial meniskus yırtığı, kəskin ağrı sindromu, yerişin kəskin pozulması diaqnozu qoyulmuş, sağ diz oynağında açıq cərrahiyyə əməliyyatı məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri və yuxarıda qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın mənafeyi, eyni zamanda cavabdehin səhhətinin vəziyyəti və yerişinin kəskin pozulması səbəbindən əmək qabiliyyətinin məhdudluğu, işaxtaran kimi qeydiyyatda olması, onun gəlirləri barədə konkret sübutların təqdim edilməməsi, habelə tərəflərin izahatlarında göstərdiyi hallar və onların hazırda 170 manat alimentə dair qarşılıqlı razılığı nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, 05 sentyabr 2015-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11.04.2022-ci il tarixindən başlayaraq 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1297/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1297/2022
03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver