Məhkəmə qərarları › İş №2(002)-13/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-13/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-13/2022 20.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və Rəsulov Mahir Vaqif oğluna qarşı «kredit borcunun tutulması» tələbinə dair ilk iddiası; Cavabdeh "xxxx" ASC-yə qarşı «pul məbləğinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh və Rəsulov Mahir Vaqif oğluna qarşı «kredit borcunun tutulması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin «Rabitə» filialı ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2010-cu il tarixli 1564 saylı kredit müqaviləsinə əsasən 4.349 manat əsas borc, 3.688 manat 33 qəpik faiz və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh və Rəsulov Mahir Vaqif oğlundan müştərək qaydada tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli, 2(002)- 5963/2015 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh həmin məhkəmə əmrində qeyd olunan tələbə qarşı etiraz təqdim etmişdir. Məhkəmənin 27 iyul 2020 ci il tarixli, 2(002)-5963/2015 saylı qərardadı ilə etiraz təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli, 2(002)-5963/2015 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Cavabdeh "xxxx" ASC-yə qarşı «pul məbləğinin qaytarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilərək 3.368 manat 50 qəpik pul vəsaitinin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC-nin «Rabitə» filialı arasında bağlanmış 20 avqust 2010-cu il tarixli 1564 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 21 % olmaqla 8.800 manat kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinin şərtlərinə əsasən borclu alınmış krediti və ona hesablanmış faizi müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun filiala ödənilməsi öhdəliyini və digər öhdəlikləri öz üzərinə götürmiüşdür. Bu öhdəliklərin yerinə yetirilmədiyi və ya gecikdirildiyi halda, ona qarşı tətbiq edilə biləcək bir sıra cəza tədbirləri ilə xəbərdar edilmişdir. Belə ki, cavabdehin bankla bağladığı qeyd olunan kredit müqaviləsinin 2.7-ci bəndində ödənişlər vaxtında aparılmadığı halda ona hər gecikdirildiyi gün üçün kreditin əsas məbləğinin 0,1 % həcmində cərimə ödəyəcəyi nəzərdə tutulmuşdur. Bundan başqa, "xxxx" ASC-nin «Rabitə» filialı ilə Rəsulov Mahir Vaqif oğlu arasında bağlanmış 20 avqust 2010-cu il tarixli 210/07 saylı zaminlik müqaviləsinə əsasən adı çəkilən zamin öz üzərinə öhdəliklər götürmüşdür. Belə ki, həmin müqavilədə borcalanın kreditor (bank) qarşısındakı öhdəliklərinin vaxtında yerinə yetirilməsində zaminlə birgə və eyni dərəcədə məsuliyyətinin olması göstərilmişdir. Qeyd olunan kredit müqaviləsinin müddətinin 20 avqust 2013-cü il tarixdə başa çatmasına baxmayaraq borclu banka olan kredit borcunu və faizi tam şəkildə ödəməmişdir. Buna görə də, bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 05 oktyabr 2015-ci il tarixə borclunun banka 4.349 manat əsas borcu, 3.688 manat 33 qəpik faiz borcu qalmışdır. Kredit müqaviləsinin şərtlərinə normal əməl edilməsi ilə bağlı borcalana 06 oktyabr 2015-ci il tarixli 16/12061 saylı bildiriş məktubu göndərilsə də, o, müqavilə üzrə öhdəliklərini yerinə yetirmir. Cavabdehin (borcalanın) müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməməsi onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə dəlalət edir ki, bu da kreditora Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən borcun dərhal qaytarılmasını tələb etməsi hüququnu verir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məlum olduğu kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli əmri ilə ondan və Rəsulov Mahir Vaqif oğlundan müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 4.349 manat əsas borc, 3.688 manat 33 qəpik faiz olmaqla, cəmi 8.037 manat 33 qəpik pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr olunmuşdur. O, xx.xx.2020-ci il tarixdə həmin əmrə etiraz vermiş və iddia icraatına keçilmişdir. O, ilkin olaraq həmin tələbə qarşı etiraz təqdim etmiş və etirazda göstərdiyi halların sübutları məhkəməyə təqdim olunmuşdur. İşin faktiki halı ilə bağlı bildirir ki, o, 2010-cu il tarixdə "xxxx" ASC-dən kredit götürmüş və «Daewoo Nexia» markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil əldə olunmuş, həmin avtomobil borcun təminatı kimi banka girov qoyulmuşdur. Həmin avtomobili qohumu olan X1 üçün əldə olunmuş və onun tərəfindən dərhal qohumuna müvafiq etibarnamə verilmişdir. Aylıq kredit ödənişləri də qohumu tərəfindən ödənilmişdir. Lakin, 2011-ci ilin aprel ayında həmin şəxs mübahisəli avtomobildə cinayət hadisəsi törədərək gəlinlərini qətlə yetirmişdir. Bununla bağlı cinayət işi başlanmış və avtomobil müvafiq orqanlar tərəfindən maddi sübut olaraq götürülmüşdür. Bu gözlənilməz faciə ilə bağlı ağır psixoloji təsir altında olmuşdur və hadisədən təqribən iki ay sonra iddiaçı bankdan ona telefonla zəng olunaraq banka yaxınlaşması və avtomobili satıb kredit borcuna yönəltmələri üçün etibarnamə verməli olduğu bildirilmişdir. Qardaşı ilə (həyat yoldaşı qətlə yetirilən) banka yaxınlaşmış və avtomobilin kredit borcu əvəzinə götürülməsinə etiraz etməməsi barədə razılıq məktubuna imza etmişdir. Eyni zamanda bank əməkdaşları ilə birlikdə notariusa gedərək etibarnamə vermişdir. Etibarnaməni bir dəfə vermişdir və etibar etdiyi şəxs bankın istədiyi şəxs olmuşdur. Bundan sonra bank əməkdaşları tərəfindən ona artıq bir problem qalmadığı bildirilmişdir. Həmin tarixdən də o, dəfələrlə müxtəlif banklardan kredit götürmüşdür və hər dəfə ona heç bir banka kredit borcunun olmadığı bildirilmişdir. Kredit borcu olsa idi, heç bir bank ona kredit verməzdi. O da bu səbəbdən, rahat olmuşdur. 2020-ci ildə ona Qaradağ rayon İcra şöbəsindən zəng gələn zaman məlum olmuşdur ki, 2015-ci ildə hazırki mübahisəli kredit borcu ilə bağlı məhkəmə əmri mövcud olmuşdur. Yuxarıda qeyd etdiyi kimi, dərhal əmrə etiraz verərək bankdan hesabdan çıxarış və kredit bürosundan çıxarış əldə etmiş və görmüşdür ki, onun mübahisəli kredit üzrə borcu yoxdur. Dəfələrlə banka müraciət etmiş və ona dəqiq cavab verən olmamışdır, avtomobilin onlarda olmadığı bildirilmişdir. Xüsusi olaraq qeyd edir ki, hazırki iddia icraatı zamanı da bank tərəfindən məhkəməyə dəfələrlə avtomobilin bankda olmadığı bildirilsə də, sonuncu məhkəmə iclasında bankın məktubundan məlum olmuşdur ki, avtomobil bankdadır. Artıq borcun təminatı olan mübahisəli avtomobilin bankda olması halı mübahisəsizdir. DYP-nin müvafiq cavabından və əlavə etdiyi sübutlardan da göründüyü kimi, bank 2011-ci ildən əldə etdiyi həmin avtomobili bir neçə şəxsə vermiş və kredit ödənişləri də həmin şəxslər tərəfindən ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli avtomobil yuxarıda qeyd etdiyi X1 üçün alınmışdı və sonuncu tərəfindən idarə olunaraq kredit də sonuncu tərəfindən ödənilirdi. Lakin qeyd etdiyi hadisədən sonra həmin şəxsə qarşı cinayət işi başlanmış və nəticə olaraq 14 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi onun tərəfindən bankın istəyi ilə mübahisəli avtomobilə dair bütün səlahiyyətlər barədə bankın müəyyən etdiyi şəxsə etibarnamə vermiş, sonra isə iş materiallarına əlavə etdiyi sübutlardan da göründüyü kimi, bankın istəyi ilə avtomobil aşağıdakı şəxslərə verilmişdir: - xx.xx.2011-ci il tarixdə F.Babayevə 30 il müddətinə baş etibarnamə, həmçinin 3 il müddətinə sürmək üçün etibarnamə; - xx.xx.2011-ci il tarixdə İ.Nəsirova 30 il müddətinə baş etibarnamə, həmçinin 5 il müddətinə sürmək üçün etibarnamə; - xx.xx.2011-ci il tarixdə Ş.Kərimova 30 il müddətinə baş etibarnamə; - xx.xx.2011-ci il tarixdə R.Abdullayevə oğluna 30 il müddətinə baş etibarnamə, həmçinin 8 il müddətinə sürmək üçün etibarnamə; - xx.xx.2013-cü il tarixdə D.Vəliyevə 10 il müddətinə baş etibarnamə, həmçinin 6 il müddətinə sürmək üçün etibarnamə verilmişdir. Göründüyü kimi mübahisəli avtomobil son olaraq D.Vəliyevin istifadəsində olmuşdur və onun bildirdiyinə görə də, 2013-cü il ərzində müvafiq kredit borcu üzrə tərəfindən banka ödənişlər edilmiş, lakin tam ödəniş etmək imkanı olmamışdır. D.Vəliyev bildirir ki, 2013-cü ilin dekabr ayında bank əməkdaşları ona yaxınlaşaraq, avtomobilin girovlarında olduğunu, bu səbəbdən də axtarışla gəldiklərini və avtomobili onlara təhvil vermək məcburiyyətində olduğunu bildirmişlər. D.Vəliyev də öz növbəsində avtomobili bank əməkdaşlarına təhvil vermişdir. Yuxarıda göstərdiyi bütün əsaslardan mübahisəli avtomobilin 2013-cü ilin dekabr ayından banka olması tam şəkildə sübut olunur. Eyni zamanda iş üzrə təyin olunmuş və elektron qaydada işə yeni əlavə olunmuş ekspert rəyindən də görünür ki, 20 avqust 2010-cu il tarixli mübahisəli kredit borcu üzrə müqavilə müddətinə, yəni xx.xx.2013-cü il tarixədək cəmi borc 5.631 manat 50 qəpik təşkil edir. Həmin tarixə, yəni 2013-cü il tarixə girovda olan və bank tərəfindən Vəliyev Dəyanətdən təhvil götürülən mübahisəli 2010-cu il buraxılışlı «Daewoo Nexia» markalı avtomobilin dəyəri internet vasitəsi ilə apardıqları araşdırmalara əsasən 9.000 manat təşkil etmişdir. Ekspertin rəyi iş üzrə əsas götürüləcəyi halda avtomobilin 9.000 manat müəyyən etdikləri həmin dəyərindən ekspertin həmin tarixə müəyyən etdiyi 5.631,50 manat kredit borcu çıxıldığı zaman bankın ona 3.368,50 manat məbləğində borcu yaranır. Qanunvericiliyə və girov müqaviləsinin şərtlərinə əsasən hazırda həmin pulu tələb hüququ vardır. Doğrudur, etirazda da göstərdiyi kimi, bank tərəfindən ona 2020-ci il tarixdə təqdim edilmiş hesabdan çıxarışdan da görünür ki, mübahisəli kredit üzrə həmin tarixə onun banka borcu yoxdur. Məhkəmə ekspertizası təyin edərkən ekspert qarşısında ancaq müqavilə müddətinə mövcud olan əsas borc və faiz barədə sual qoyulduğu üçün iş üzrə qeyd etdiyi hal araşdırılmamış qalmışdır. Adətən iş üzrə təyin olunmuş ekspertizanın məqsədi hazırki tarixə olan borcun aydınlaşdırılmasına xidmət etməli olduğu halda, nədənsə ekspertdən ancaq müqavilə müddətinə olan borcun öyrənilməsi istənilmişdir. Hesab edir ki, gələcəkdə məhkəmə bu istiqamətdə də mütləq araşdırma aparmalıdır. Çünki, məhkəməyə kredit borcunun olmadığını göstərən hesabdan çıxarış və kredit reyestrindən çıxarış təqdim olunmuşdur və bunların hər ikisinə işə baxan məhkəmə tərəfindən qiymət verilməlidir. Hər iki sübutla, həm hesabdan çıxarışla, həm də kredit reyestrindən çıxarışla bağlı bildirir ki, həmin sübutlar işin digər halları ilə tam şəkildə tamamlanır. Belə ki, mübahisəli avtomobili etibarnamə ilə sonuncu olaraq istifadə edən Vəliyev Dəyanət avtomobili 2013-cü ilin dekabr ayında banka təhvil verdiyini bildirmiş və hesabdan çıxarışda da həmin ayda bank tərəfindən müvafiq borc silinmiş, eyni zamanda kredit reyestrinə bu barədə sənədlər əlavə olunmaqla məlumat verilmişdir. Göstərilənlər sübut edir ki, onun adına ilkin iddiaçıya olan heç bir kredit borcu yoxdur. Tam əksinə, iş materialları onu deməyə əsas verir ki, bankın ona ödəniləcək 3.368 manat 50 qəpik məbləğində borcu vardır. Hesab edir ki, ilk iddia tam əsassız hesab edilməklə rədd olunmalı, qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan və iş materialları ilə sübut olunduğundan təmin olunmalıdır. İddiaçının nümayəndəsi X2 öncəki məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh öncəki məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Rəsulov Mahir Vaqif oğlu öncəki məhkəmə iclasında ilk iddianı qəbul etmədi və izahatında bildirdi ki, 2013-cü ildə bankdan ona zəng etmişlər. Bank əməkdaşları ona bildirmişlər ki, avtomobil bankdadır və kreditə yönəldilir. O da telefonla razılıq vermişdir. O, bundan sonra həmin bankdan və digər banklardan kredit götürmüşdür və heç bir də adına sistemdə problemli müştəri kimi göstərilməmişdir. Məhkəmədən ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdeh M.Rəsulovun və Cavabdeh nümayəndəsinin izahatlarını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, şahid X3 ifadəsində bildirdi ki, qeyd olunan avtomobil bir neçə əl dəyişəndən sonra, onun tərəfindən təhvil alınmış, idarə olunmuş və banka ödənişlər edilmişdir. 2013-cü il ərzində müvafiq kredit borcu üzrə tərəfindən banka ödənişlər edilsə də, lakin tam ödəniş etmək imkanı olmamışdır. 2013-cü ilin dekabr ayında bank əməkdaşları ona yaxınlaşaraq, avtomobilin girovlarında olduğunu, bu səbəbdən də axtarışla gəldiklərini bildirmişlər. O, avtomobili həmin şəxslərə, yəni bankın əməkdaşlarına təhvil vermək məcburiyyətində qalmışdır. Bir daha qeyd edir ki, avtomobili bank əməkdaşlarına təhvil vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli, 1564 saylı müqavilədən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh minik avtomobili alınması üçün 36 ay müddətinə illik 21 % ödəmək şərti ilə 8.800 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli 9/6105 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2010-cu il tarixli, 1564 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinə, yəni xx.xx.2013-cü il tarixədək banka olan borcu aşağıdakı kimi müəyyən olunur: Əsas borc üzrə - 4.349,84 manat; Faiz üzrə - 1.281,66 manat. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Rəsulov Mahir Vaqif oğlu kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İlk iddia üzrə iddiaçı yuxarıda qeyd olunan sənədlərə istinad edərək, ilk iddia üzrə cavabdehlərdən müştərək qaydada 4.349 manat əsas borc, 3.688 manat 33 qəpik faizin tutulmasını tələb etmişdir. Lakin ekspert rəyindən göründüyü kimi, "xxxx" ASC-nin «Rabitə» filialı ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2010-cu il tarixli, 1564 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixədək banka 4.349,84 manat əsas borc, 1.281,66 manat faiz olmaqla, cəmi 5.631 manat 50 qəpik təşkil edir. Bu səbəbdən, ilk iddia qismən təmin edilməli, 4.349 manat əsas borc, 1.281,66 manat faiz olmaqla, cəmi 5.630 manat 66 qəpik pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Rəsulov Mahir Vaqif oğlundan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və Rəsulov Mahir Vaqif oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İlk iddia qalan hissədə rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı iddiasını onunla əsaslandırır ki, tərəflər arasında 20 avqust 2010-cu il tarixli 1053 saylı girov müqaviləsi bağlanmış, aldığı avtomobili banka girov qoymuş, avtomobil qohumu üçün onun adına alınmış, ödənişləri qohumu etmiş, qohumu cinayət əməli törətdiyindən məsuliyyətə cəlb olunmuş, ödənişlər yubandığından banka dəvət edilərək, avtomobili banka təhvil vermiş, borc avtomobillə əvəzləşdirilmiş, borcu silindiyindən kredit bürosunda adına "xxxx" ASC ilə bağladığı yuxarıdakı müqavilə üzrə aktiv borcu yoxdur. Məhkəmə qeyd edir ki, kredit bürosundan çıxarış şəxsin aktiv borcları ilə tanış olmaq üçün sənəd olsa da, hər hansı banka, bank olmayan kredit təşkilatına və s. real borcunun olub-olmamasını təsdiq edən maliyyə arayışını əvəz etmir. Kredit bürosundan çıxarış məlumatlandırıcı xarakter daşıyır, sübut yükü olan sənəd isə kassa mədaxil, məxaric orderləri, maliyyə arayışlarıdır. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə banka olan borcunu tam ödəməsinə dair kassa mədaxil orderləri, hesaba köçürmə ilə bağlı ödəniş tapşırıqları, yaxud maliyyə arayışı təqdim etməmişdir. Təqdim olunmuş ekspert rəyi ilə də müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə aktiv borcu mövcuddur. Məhkəmə işə tam, hərtərəfli və obyektiv baxılması üçün 22 dekabr 2021-ci il tarixli, 2(002)-917/2021 saylı qərardadı ilə avtomobilin likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza (qiymətləndirmə) təyin etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 12 may 2022-ci il tarixli, 15 saylı hesabatından görünür ki, aparılmış araşdırmalar və təhlillərə əsasən Cavabdeh məxsus «Daewoo Nexia» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12 may 2022-ci il tarixə likvid dəyəri 1.500 manat təşkil edir. Qiymətləndirmə xərci 200 manat təşkil edir. Girov qoyulmuş avtomobilin dəyəri ilə borc məbləği arasında olan fərqin qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olmasına dair qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdikləri ilə bağlı məhkəmə vurğulayır ki, bank tərəfindən borcun avtomobilə yönəldilməsi tələbi irəli sürülməmişdir. Belə olduğu təqdirdə, hazırda da, avtomobil girov müqaviləsi üzrə yüklülüyünü saxlayır və qarşılıqlı iddia üzrə iddiaçı yuxarıda məhkəmənin ekspert rəyinə əsasən müəyyən etdiyi ümumi borc məbləğini ödədikdən sonra, avtomobilin qaytarılmasını bankdan tələb edə, tələbi təmin edilmədiyi təqdirdə məhkəməyə müvafiq iddia ərizəsi verə bilər. Avtomobil ona təqdim edildiyi təqdirdə, avtomobildən təyinatı üzrə istifadə edə, yaxud avtomobili alğı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdirə bilər. Bu səbəbdən, qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. Qiymətləndirmə xərci 200 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 55 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, 4.349 manat əsas borc, 1.281,66 manat faiz olmaqla, cəmi 5.630 manat 66 qəpik pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Rəsulov Mahir Vaqif oğlundan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və Rəsulov Mahir Vaqif oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İlk iddia qalan hissədə rədd edilməlidir. Cavabdeh "xxxx" ASC-yə qarşı «pul məbləğinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qiymətləndirmə xərci 200 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 55 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. 4.349 manat əsas borc, 1.281,66 manat faiz olmaqla, cəmi 5.630 manat 66 qəpik pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Rəsulov Mahir Vaqif oğlundan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və Rəsulov Mahir Vaqif oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-yə qarşı «pul məbləğinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qiymətləndirmə xərci 200 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 55 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar