Məhkəmə qərarları › İş №2(002)-13/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-13/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-13/2023 13.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 3.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.030 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4 e saylı evin 4 saylı mənzili ona məxsus olmaqla, həmin mənzildə yaşayır. Həmin ünvanda yuxarı mərtəbədə olan 7 saylı mənzildə isə cavabdehlər bir ailə üzvü olaraq yaşayırlar. Cavabdehlərə məxsus mənzildən 1994-cü il tarixdən hal-hazıradək onu evinə şaxtadan çirkab su axıdılması nəticəsində ona məxsus mənzilin hamamı, sanitar qovşağı, mətbəxin tavanı yararsız hala düşməklə tamamilə sıradan çıxarılmışdır. Həmçinin suyun axması nəticəsində lampalara, elektrik naqillərinə də ciddi ziyan dəymişdir. Mənzilin təmirə ehtiyacı vardır. Bu barədə dəfələrlə cavabdehlərə məlumat versə də, lakin heç bir nəticəsi olmamışdır. Hətta bu barədə MKİS-ə də şikayət etmişdir, MKİS nümayəndələri gələrək vəziyyətlə tanış olmuşlar və bu barədə akt tərtib etmişlər. Cavabdehlərin mənzilindən onun mənzilinə su axması nəticəsində bərbad olan hissələrin təmiri üçün 3.000 manat məbləğində pul lazımdır. Bundan başqa, o, evinin sıradan çıxan hissələrini təmir etdirsə də, yenə də cavabdehlərin mənzilindən su axması nəticəsində eyni vəziyyət yaranacaqdır. Cavabdehlərə bu barədə bildirsə də, sonuncular buna laqeydlik etməklə, düzəltmək fikrində deyillər. Ona görə də, iddia ərizəsi ilə məhəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı öncəki məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 öncəki məhkəmə iclaslarında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının mənzilinə su sızmasının mənbəyi onların yaşadığı mənzil deyil. Onlar öz mənzillərinə də su sızır və iddiaçının yaşadığı narahatçılıqları onlar da yaşayır, mənzilləri yararsız hala düşür. O da istəyir ki, həm öz mənzillərinə, həm də iddiaçının mənzilinə su sızmanın mənbəyi bəlli olsun, mənzillərə və ümumiyyətlə binaya ziyan dəyməsinin qarşısı alınsın. O da, digər cavabdeh də, iddiaçının mənzilinə su sızması ilə bağlı heç bir təqsirli hərəkət və ya hərəkətsizliyə yol verməmişlər. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 öncəki məhkəmə iclaslarında iddia tələbini qəbul etmədi, Cavabdeh1 izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4e saylı evin 4 saylı mənzilinin iddiaçının, həmin evin 7 saylı mənzilinin cavabdeh X1 mülkiyyətində olması işin mübahisəsiz hallarıdır (qeydiyyat vəsiqəsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iş materiallarına əlavə olunmuşdur). İddiaçı 17 may 2019-cu il tarixdə tərtib edilmiş və ərazi üzrə 123 saylı MKİS-in rəisi, mühasibi və mühəndisi tərəfindən imzalanaraq təsdiq edilmiş aktı məhkəməyə təqdim edərək (iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut qismində) bildirmişdir ki, mənzilinin həmin aktda qeyd olunan durumda olmasına səbəb üst mərtəbədə yerləşən, cavabdehlərin yaşadığı mənzildən suyun sızmasıdır. Həmin aktın məzmunundan göründüyü kimi, iddiaçının mənzilində olan vəziyyət binanın digər mərtəbələrində olan mənzillərdə də müşahidə olunur. İşə tam və obyektiv şəkildə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 sentyabr 2019-ci il tarixli 2(002)-2229/2019 saylı qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin edilərək, ekspert qarşısında cavablandırılması zəruri suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 114 saylı rəyindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4e saylı evin 4 saylı mənzilində su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 560 manat məbləğində olduğu müəyyən edilmişdir (qərardadın birinci sualı üzrə). Cavabdehin mənzilində olan kommunikasiya xətlərinin gözlə görünən hissəsində hər hansı bir qüsurun olmaması, iddiaçının mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində su sızma nəticəsində mövcud olan müxtəlif həcmdə qüsurların, eynilə cavabdehin mənzilində də olması səbəbindən, İddiaçı məxsus olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4e saylı evin 4 saylı mənzilinə axıdılan suyun, dəqiqliklə həmin evin 7 saylı mənzilindən axıdılıb-axıdılmamasını müəyyən etmək mümkün deyil (qərardadın ikinci sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Bundan sonra, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(002)-83/2020 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək, ekspert qarşısında cavablandırılması zəruri suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2021-ci il tarixli, 10/2324 saylı rəyindən görünür ki, tədqiq olunan 4 saylı mənzildə, su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 560 manat məbləğində olduğu müəyyən edilmişdir (qərardadın birinci sualı üzrə). Cavabdehin mənzilində olan kommunikasiya xətlərinin gözlə görünən hissəsində hər hansı bir qüsurun olmaması, iddiaçının mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində su sızma nəticəsində mövcud olan müxtəlif həcmdə qüsurların, eynilə cavabdehin mənzilində də olması səbəbindən, İddiaçı məxsus olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4e saylı evin 4 saylı mənzilinə axıdılan suyun texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının mənzilinə 4 saylı mənzilin üst mərtəbəsində yerləşən mənzildən suyun axıdılması istisna edilmir (qərardadın ikinci sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, ekspert rəyləri ilə iddiaçının mənzilinə su sızmanın cavabdehlərin yaşadığı mənzillə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddiaçıya, eləcə də cavabdehlərə izah edilməlidir ki, onlar öz mənzillərinə su sızma mənbəyini müəyyən etdikləri təqdirdə, su sızma halında təqsirli hərəkət və ya hərəkətsizliyə yol vermiş şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar