Məhkəmə qərarları › İş №2(002)-1304/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1304/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1304/2022 01.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, tərcüməçi X10, iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 və cavabdeh X6 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh X7 qarşı müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icra edilməsi və təhsil haqqı borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X7 qarşı müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icra edilməsi və təhsil haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən müqaviləyə əsasən istifadə edilmiş xidmətlərə görə 11722 manat məbləğində təhsil haqqının və məhkəmə xərcləri ilə bağlı 125,17 manatın, ümumilikdə 11847,17 manat ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 9322 manat məbləğində təhsil haqqının və 113,22 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X17 izahat verərək bildirdi ki, "xxxx" MMC (bundan sonra MTK) və X11 arasında onun övladı X2 2020/2021-ci tədris ilində MTK-da təhsil alması üçün 19.08.2020-ci il tarixli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə 31120 nömrəli müqavilə bağlanmışdır. 19.08.2020-ci il tarixli, 31120 nömrəli müqaviləyə əsasən cavabdeh S.Kayıkçıoğlu təhsil haqqını müqavilədə göstərilən qaydada vaxtında ödəməyi, həmçinin müqavilədə göstərilən digər vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, təhsil haqqının məbləği və ödəniş qaydası müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də əks olunur. Əlavə 1-ə əsasən A.S.Kayıkçıoğlunun təhsil aldığı İngilis dilli Beynəlxalq proqram üzrə bölmədə təhsil haqqının məbləği 14000 (on dörd min) manat məbləğində müəyyən edilmişdir. Covid-19 pandemiyasının yayılması ilə əlaqədar olaraq MTK tərəfindən təhsil haqqının ödənilməsində güzəştlər sistemi tətbiq edilmiş və A.S.Kayıkçıoğluna da təhsil haqqının ödənilməsi üçün 2275 (iki min iki yüz yetmiş beş) manat məbləğində güzəşt tətbiq edilmişdir. Edilən güzəştlərdən sonra A.S.Kayıkçıoğlunun yekun təhsil haqqı borcu 11722 (on bir min yeddi yüz iyirmi iki) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə bu şərti pozaraq qeyd olunan yekun təhsil haqqı borcunu ödəməmişdir, lakin onun övladı həmin tədris ilində təhsil xidmətlərindən istifadə etmişdir. 30 iyun 2021-ci il tarixində müqavilənin müddəti bitmiş və yeni 2021/2022-ci tədris ilində A.S.Kayıkçıoğlu MTK-da təhsilini davam etdirməmişdir. Təhsil xidmətlərinin göstərilməsinə və müqavilənin müddətinin bitməsinə baxmayaraq, həmin ödəniş valideyn tərəfindən yenə də edilməmişdir. 22 noyabr 2021-ci il tarixində şagirdin anası X8 oğlunun MTK-da təhsilinin dayandırılması haqqında ərizə yazaraq MTK rəhbərliyinə müraciət etmiş və MTK tərəfindən şagirdin məktəbdən çıxması ilə əlaqədar olan zəruri tədbirlər həyata keçirilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən, müqaviləyə hər hansı səbəbdən xitam verilməsi müqaviləyə xitam verilən günədək tərəfləri bu müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir. Müqavilənin 8.1-ci bəndinə əsasən, bu müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranan bütün mübahisələr və fikir ayrılıqları qarşılıqlı razılıqla həll olunur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehə bir neçə dəfə xəbərdarlıq edilmiş, məktub göndərilmişdir. Məktub göndərildikdən sonra S.Kayıkçıoğlu MTK ilə əlaqə saxlamış və MTK rəhbərliyi ilə görüşün təşkil edilməsini xahiş etmişdir. Onun xahişi nəzərə alınaraq, görüş təşkil edilmişdirCavabdehKayıkçıoğlu övladının təhsil haqqının ödənilməməsi səbəbindən dərsə buraxılmadığı günlərin təhsil haqqından çıxılaraq borcunun yenidən hesablanmasını xahiş etmişdir. Lakin ona izah edilmişdir ki, müqavilənin 2.8-ci bəndinə əsasən, şagird hər hansı səbəbdən (üzrlü və ya üzrsüz) dərsdə iştirak etmirsə, bu müddət üzrə təhsil haqqı geri qaytarılmır. Həmçinin, müqaviləyə əsasən ödəniş həyata keçirilmirsə, MTK şagirdi məktəbə buraxmamaq hüququna malikdir. Bununla əlaqədar, S.Kayıkçıoğlunun elektron ünvanına MTK tərəfindən bir daha məktub göndərilmişdir. Lakin S.Kayıkçıoğlu bundan sonra MTK ilə əlaqə saxlamamış və təhsil haqqı borcunu ödəməmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda MTK rəhbərliyi cavabdehə bir qədər də güzəşt edərək təhsil haqqı borcunu 2400 manat azaltmışdır, bu barədə məhkəməyə ərizə ilə müraciət edilmişdir. Qeyd olunanlara əsasən, hazırda iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh X11 izahat verərək bildirdi ki, təhsil haqqı borcuna görə övladı müəyyən günlərdə dərslərə buraxılmamışdır, ona görə də iddia ərizəsində göstərilən məbləğə hazırlıq iclasında qismən etiraz etmişdir. Hazırda isə iddiaçı tərəfin tələb etdiyi təhsil haqqı borcunu qəbul edir, lakin eyni zamanda bildirir ki, tələb olunan məbləği birdəfəyə ödəməyə maddi imkanı yoxdur, gələcəkdə icra mərhələsində hissə-hissə ödəyə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə X11 arasında bağlanmış 19.08.2020-ci il tarixli müqavilədən görünür ki, X3 2020/2021-ci tədris ilində MTK-da təhsil alması üçün MTK ilə X11 arasında 31120 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən, “şagird” hər hansı bir səbəbdən (üzrlü və ya üzrsüz) dərslərdə iştirak etmirsə, bu müddət üzrə təhsil haqqı geri qaytarılmır. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən, “məktəb” təhsil haqqının bu müqavilədə göstərilən qaydada ödənilməsini tələb etmək; 3.2.3cü bəndinə əsasən, təhsil haqqı “valideyn” tərəfindən gecikdirildikdə 7 (yeddi) təqvim günü öncədən xəbərdarlıq etməklə xidmət haqqı tam ödənilənədək öz öhdəliklərinin icrasını dayandırmaq (şagirdin məktəbə davamiyyətini saxlamaq) və ya bu müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, təhsil haqqını bu müqavilədə gösərilən qaydada tam və vaxtında ödəmək valideynin vəzifələrinə daxildir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, bu müqaviləyə hər hansı səbəbdən xitam verilməsi müqaviləyə xitam verilən günədək tərəfləri bu müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir. İş materiallarında olan təhsil xidmətlərinin göstərilməsi barədə müqaviləyə 1 saylı əlavədən görünür ki, A.S.Kayıkçıoğlunun təhsil aldığı İngilis dilli Beynəlxalq proqram üzrə bölmədə təhsil haqqının məbləği 2020/2021-ci tədris ilində 14000 (on dörd min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 01.02.2022-ci il tarixli məktubun surətindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı, 01.02.1974-cü il təvəllüdlü Süleyman Kayıkçıoğlu sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin şagirdi X3 valideyni X12 tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 22.11.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X1 X14 "xxxx" MMC-də təhsilinin dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Maliyyə şöbəsinin təhsil haqqı ödənişlərinə dair arayışından görünür ki, X3 2020/2021 tədris ilində təhsil haqqı üzrə 2275 manat məbləğində güzəşt edilməklə 11722 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" MMC-nin 2020/2021-ci tədris ili üçün inkişaf dinamikası üzrə hesabatlarından görünür ki, şagird X21 birinci və ikinci yarımildə həmin məktəbdə təhsil almış, onun davamiyyət və qiymətləndirmə göstəriciləri həmin hesabatlarda göstərilmişdir. Beləliklə, məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflər arasında müqaviləyə əsasən razılaşdırılmış təhsil haqqının cavabdehdən tutulması barədə hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh tərəf müqavilə şərtlərinə əsasən təhsil haqqının ödənilməsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci bəndinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsinə əsasən, özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir. Həmin Qanunun 40.4-cü maddəsinə əsasən, özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 9322 manat məbləğində təhsil haqqı və 113,22 manat dövlət rüsumu olmaqla, cəmi 9435,22 manat (doqquz min dörd yüz otuz beş manat iyirmi iki qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar