Məhkəmə qərarları › İş №2(002)-1316/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1316/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1316/2022 26.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 oktyabr 2012-ci il təvəllüdlü X3 və 08 avqust 2014-cü il təvəvllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq,ondan hər ay hər uşağa görə 200 manat olmala cəmi 400 manat sabit pul məbləğində alimentin artırılaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28.08.2015-ci il tarixli, 2(002)-4200/2015 saylı qətnaməsi ilə pozulmuş birgə nikahdan olan övladları 17 oktyabr 2012-ci il təvəllüdlü X3 və 08 avqust 2014-cü il təvəvllüdlü X2 onun himayəsində saxlanması və uşaqların saxlanması üçün cəmi 216 manat məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir.Övladları yanında yaşayır.Onsuz da,uşaqların ehtiyacı demək olar ki,təkbaşına ödəmək məcburiyyətindədir.Bu isə onun üçün çox çətindir.Uşaqlar böyüdükcə onların tələbatları artır.Hər ay borc-xərc də olsa uşaqların saxlanmasına 700 manatdan çox pul xərcləyir.Cavabdeh övladlarını saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat aliment tutulmalıdır.Ona görə də qeyd eidlən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında cavabdehin əvvəl iş yeri olduğunu əmək haqqından aliment tutulduğunu, lakin hazrda isə işi yoxdur, ona görə də orta əmək haqqına uyğun olaraq 240 manat aliment aldığını,özünün keçən ilin mart ayından işlədiyini və 400 manat maaş aldığını, lakin həm evin xərci, həm iki uşağın xərcinin ödənilməsində çətinlik çəkdiyini, cavabdeh heç bir ata kimi bilmirik uşaqları nə yeyir, nə içir, bütün yükün onun üstündə olduğunu bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, əvvəl işləyirdi, hazırda isə işsizdir, hər aya ancaq 300 manat aliment ödəyə biləcəyini, taksi sürücüsü kimi işlədiyini, rəsmi iş yerinin olmadığını, əvvəl yaxşı işi var idi, əmək haqqı yüksək alırdı, ondan da alimnet tutulurdu indi isə heç bir yerdə işləmir, həmin alimenti necə ödəsin, bu halın nəzərə alnaraq, iddia tələbini qismən təmin eidlməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31.08.2016-ci il tarixli 2(002)-5127/2016 saylı qətnaməsinin surətindən görünür ki, 17 oktyabr 2012-ci il təvəllüdlü X3 və 08 avqust 2014-cü il təvəvllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 iyul 2016-cı il tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsi əsasında həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə Cavabdeh qazancının(başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İndiki halda cavabdehin maddi vəziyyətində dəyişiklik baş vermiş, hazırda cavabdeh rəsmi iş yeri və qazanca malik deyildir. Bu halda, məhkəmə hesab edir ki, qeyd edilən hal cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən hazırki mülki iş üzrə alimentin miqdarı dəyişdirilərək, aylıq sabit pul məbləği şəklində müəyyən edilməlidir. Həmçinin, məhkəmə tutulacaq alimnetin məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, iddiaçı hər uşağa görə 200 amant məbləğində aliment təyin edilməsini tələb etsə də, uşaqların hər birinin aylıq xərcinin qeyd edilən məbləğdə olması halı ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə etiraz edilsə də, etirazın əsaslarına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün aylıq alimnetin məbləği qnaunvericiliklə müəyyən eidlmiş yaşayış minimumunun məbləği əsas götürülməklə müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, hazırki iş iddianın qiymətini (bir il ərzində ödəməmənin məcmusu) nəzərə alaraq, habelə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 66,32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 17 oktyabr 2012-ci il təvəllüdlü X3 və 08 avqust 2014-cü il təvəvllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31.08.2016-cı il tarixli 2(002)-5127/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 66,32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17 oktyabr 2012-ci il təvəllüdlü X3 və 08 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31.08.2016-cı il tarixli 2(002)- 5127/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə ödənilməli olan 66,32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar