Məhkəmə qərarları › İş №2(002)-1335/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1335/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1335/2024 16.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1351/2023 saylı, 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanması üçün təyin olunmuş 154 manat sabit pul məbləğində alimentin miqdarının artırılsaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə nikahları pozulmuşdur. Birgə nikagdan xx.xx.2010-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1351/2023 saylı, 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən artıq müəyyən müddət keçməklə ödəmələrin miqdarını müəyyənləşdirilən hallar dəyişdirilməklə hazırda bir uşağın yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavadeh uşağına könüllü olaraq başqa heç bir yardım göstərmir, o isə ödənilən 154 manat alimentlə uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır və bizneslə məşğuldur. Onun kifayət qədər gəliri olmaqla, maddi vəziyyəti yaxşıdır. Belə olan halda ərizə təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1351/2023 saylı, 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/12/2024-00050 nömrəli “İlkin medeiasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görnür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(002)- 1351/2023 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1258/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyi edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Belə ki, Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması üçün aşağıdakı əsaslardan biri olmalıdır: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa; - valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyilsə, çətinlik törədirsə və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozursa. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmçinin AM-nin 112.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, aliment verməyə borclu olan valideynin daimi qazancı və ya sair gəliri, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması iddiaçının və uşağın marağına uyğun olduğu müəyyən edilmədiyindən, uşağın saxlanması üçün müəyyən olunan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində tutulmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sabit pul məbləğinin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşaqların tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə ki, valideynlərin hər biri uşaqlarını saxlamağa borclu olduğuna görə iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddaçı cavabdehin daha artıq vəsaitə malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı Qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması) ilə bağlı olduğundan, dəyişdirilmiş məbləğdə aliment qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112.1.3-cü, 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(002)- 1351/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindikdən sonra aparılsın. İş üzrə ödənilməli olan 48 manat 20 qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar