Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1336/2021 24.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair ilk, Cavabdeh2 İddiaçı QSC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilərək, həmin müqavilənin Cavabdeh2 ilə bağlanmış hesab olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçıQSC-nin xeyrinə 3359.59 manat məbləğində kredit borcu, 2.89 manat məbləğində faiz borcu və 335.97 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3689 manat borcun və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi və Cavabdeh2 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı QSC arasında bağlanmış 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin Cavabdeh2 ilə bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 29.12.2019-ci il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən oulnmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3359,59 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri gecikdirmiş, kredit müqaviləsi üzrə 04.02.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Hazırda onun iddiaçıya 3359.59 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12.02.2021-ci il tarixə 8 gün üçün hesablanmış faiz borcu kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği 335.97 manat təşkil edir. Qarşılıqlı iddia ərizəsi onunla onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə onun arasında bağlanılmış 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinə imza edərkən həmin müqavilənin kredit müqaviləsi olduğunu bilməmiş, müqavilənin şərtləri ümumiyyətlə ona izah edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia qismən təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinə əsasında illik faiz dərəcəsi 1 % olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytatrmaq şərti ilə 3359.59 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsinin surətindən görünür ki, kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 29 dekabr 2019cu il tarixli, 004G**********01 saylı zaminlik müqaviləsi əsasında kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 18.03.2021-ci il tarixli, 7839 saylı maliyyə arayışının surətindən görünür ki,”AccessBank” QSC-nin müştərisi olan Cavabdeh1 004A********** saylı 29.12.2019-cu il tarixli kredit razılaşması üzrə əsas borcu 3698.45 manat təşkil edir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən cavabdehlərə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onlar tərəfindən lazımi qaydada icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilərək, 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinə xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004A********** saylı kredit razılaşması üzrə 3359,59 manat məbləğində kredit borcu, 2,89 manat məbləğində faiz borcu və 20.00 manat məbləğində cərimə olmaqla, cəmi 3382.48 manat borc və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq ödənilməlidir. Qalan hissədə ilk iddia tələbi təmin edilə bilməz. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cərimə pulunun tutulmasına dair tələb irəli sürərkən, cərimə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20,00 manat məbləğində cərimə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 20,00 manat məbləğində cərimə pulunun tutulması İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə dəymiş real zərəri kompensasiya edir. Məhkəmə qarşılıqlı iddianın həlli ilə bağlı bildirir ki, tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” qanuni və etibarlı olduğundan Cavabdeh2 müqavilənin etibarsız hesab edilməsi və müqavilənin digər cavabdehlə bağlanmış hesab edilməsi tələbləri əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Cavabdeh yuxarıda qeyd edilən dəlillərini bildirsə də, onları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan və cavabdeh tərəfindən etibarsız hesab edilməsi tələb olunan 29.12.2019cu il tarixli, 004A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 həmin müqaviləni imzalayaraq müqavilədə ifadə edilmiş şərtlə, yəni Bank kredit məbləğini Kredit alana ödədi, kredit alan isə həmin məbləği bütünlükdə qəbul etdi şərti ilə razılaşmışdır. Göründüyü kimi, kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, cavabdehin isə həmin ödənişi qəbul etməsi “Kredit müqaviləsində” açıq və aydın ifadə olunmuşdur. Cavabdeh2 isə bu halın əksini təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh “Kredit müqaviləsinin” bağlanmasında iştirak etmiş və müqavilənin məzmunundan məlumatlı olmuşdur. “Kredit müqaviləsi” 29.12.2019-cu ildə bağlanmışdır. Bu baxımdan da hesab edilməlidir ki, qarşılıqlı iddiada ifadə edilmiş müqavilənin etibarsız hesab edilməsi və müqavilənin Cavabdeh2 ilə bağlanmış hesab olunması barədə Cavabdeh2 tələbləri təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinə xitam verilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004A********** saylı kredit razılaşması üzrə 3359,59 manat məbləğində kredit borcu, 2,89 manat məbləğində faiz borcu və 20.00 manat məbləğində cərimə olmaqla, cəmi 3382.48 manat borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1336/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1336/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver