Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1347/2020 23.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə, Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə, Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərə görə ******* (bir milyon) manat, mənəvi zərərə görə ******* (bir milyon) manat pulun, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, 2000-ci ildə Bakı şəhərinə gəlmiş, 2007ci ildən rəsmi VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, böyük çətinliklərlə yaşadığı evi inşa etmişdir. Hazırda iddia ərizəsində göstərdiyi ünvanda 8 nəfər ailə tərkibi ilə birlikdə yaşayır. 2014-cü ilin payız aylarında yaşadığı fərdi evin qarşısında yeni ev inşa etdirmək üçün qonşuluqda yaşayan X6 usta kimi müraciət etmiş, tikinti işləri ilə bağlı qarşılıqlı razılığa gəldikdən sonra tikinti işlərinə başlamışlar. xx.xx.2017-ci il tarixdə tikintini başa çatdırdıqdan sonra ustalara qonaqlıq verməklə spirtli içki qəbul etmişlər. Daha sonra X3 qızı Zübeydə onun evinə gələrək atasının anasını döydüyünü bildirməklə kömək etməsini xahiş etmişdir. O, Əsgərgilə gəlmiş, lakin münaqişəyə heç bir aidiyyəti olmamışdır. Polislər isə qərəzli şəkildə, qanunsuz olaraq onu da Əsgərlə birlikdə Polis İdarəsinə aparmış, onu qarşı qanunsuz hərəkətlərə yol vermişlər. Əslində ərazi üzrə polis əməkdaşları və Polis İdarəsinin rəhbərliyi tərəfindən ona qarşı əvvəldən qərəzli münasibət olmuşdur, belə ki, 2016-cı ildə baş vermiş oğurluğa görə şikayət etdiyi şəxslər barəsində Polis İdarəsi tərəfindən heç bir tədbir görülmədiyinə görə yazdığı şikayətlər səbəbindən həmin əməkdaşlar onu daim hədələmiş, onun üçün problem yaratmağa çalışmışlar. Ona görə də Əsgərlə bağlı baş vermiş hadisəyə görə onu şərləyərək, barəsində Azərbaycan Respublikası CM-nin 221.1, 315.1 maddələri ilə cinayət işi qaldırılmış, daha sonra prokurorluqda bununla bağlı araşdırma getmiş, CM-nin 315.1-ci madddəsi üzrə cinayət təqibinə xitam verilmiş, lakin heç bir əsas olmadan CM-nin 221.2.2 maddəsi ilə barəsində cinayət işinin istintaqı aparılmışdır. Təxminən bir ay sonra onu məhkəməyə çağırmışlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov heç bir araşdırma aparmadan, qanunsuz olaraq onu l (bir) il müddətinə azadlıqdan məhrum etmişdir. O, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(002)- 152/2017 saylı hökmündən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-1581/2017-ci il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(010)-304/2018 saylı Qərarı əsasında cəzasının çəkilməmiş 4 ay 28 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, şikayəti xx.xx.2018-ci il tarixli Qərarla qismən təmin edilmiş, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, apellyasiya şikayəti yenidən təmin edilməmiş, sonuncu qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-951/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)- 46/19 saylı Qərarı ləğv edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx.xx.2019-cu il tarixli, 1(103)-1303/2019 saylı bəraət hökmü verilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(002)-152/2017 saylı hökmü ləğv edilərək, CM-nin 221.2.2ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Qaradağ rayon polis idarəsinin, prokurorluğunun və məhkəməsinin səhvi ucbatından bir ilini itirmişdir. Bundan başqa onun himayəsində olan yetkinlik yaşına çatmamış beş uşağı, himayəsində olan qardaşı uşaqları, ailənin digər üzvləri böyük stress yaşamış və ailəni dolandıracaq başqa şəxs olmadığından maddi problemlərlə üzləşmişlər, cinayət məsuliyyətinə cəlb edildikdən sonra onun işgüzar nüfuzu zədələnmiş və artıq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. Hal-hazırda işsizdir, ailəsi ağır maddi çətinliklər yaşayır. Özünə məxsus avtomobilləri etibarnamə əsasında satmaq məcburiyyətində qalmışdır. Həmçinin, hüquqi yardıma görə vəkillərə 15 min manata yaxın pul xərcləmişdir. Bundan əlavə, həbsdə olduğu dövrdə onun xeyrinə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Qeyd olunanlara əsasən bildirir ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsi və prokurorluğunun səhvi nəticəsində ona xeyli miqdarda maddi və mənəvi zərər dəymişdir. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq, onların səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla yanaşı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia ərizəsinə dair yazılı etirazı məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı yazılı etirazında göstərmişdir ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı fərdi əmək fəaliyyəti ilə məşğul olmasını qeyd etsə də onun vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı, habelə ayda konkret qazancı barədə sübutlar təqdim edilməmişdir. Halbuki, Cinayət Prossesual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiya verilməklə tam həcmdə ödənilməlidir. İddiaçı isə ərizəsində heç bir əsaslandırma və sübut göstərmədən maddi ziyana görə ******* manat kompensasiya ödənilməsini tələb edir. İddiaçı həmçinin mənəvi ziyanın ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi iddiaçının həbsinə səbəb müvafiq orqanlar və şəxslər olmuşdur. Maliyyə Nazirliyi iddiaçının cinayət işi üzrə təqsirli bilinməsi, daha sonra isə digər mərhələlərin heç birində faktiki olaraq iştirak etməmişdir. Belə olan halda Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulması sübut olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən, Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddia tələbində Maliyyə Nazirliyinin cavabdeh qismində göstərilməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar göstərilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göstərilənlər nəzərə alınaraq, iddaçı İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi xahiş edilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin etirazını və iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(002)-152/2017 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması və hökm qanuni qüvvəyə minənədək Bakı İstantaq Təcridxanasında saxlanılması hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1303/2019 saylı hökmünün surətindən görünür ki, apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair xx xxxxxx 2017-ci il tarixli hökmünün ləğv edilməsi, İddiaçı təqsiri sübuta yetirilmədiyindən, əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona bəraət verilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(010)- 304/2018 saylı qərarının surətindən görünür ki, məhkum İddiaçı azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş 04 (dörd) ay 28 (iyirmi səkkiz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerinin dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı barəsində olan 1(002)- 152/2017 saylı cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1303/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən kassasiya şikayəti və ya protesti verilməmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş X7 xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, əri X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür, onun ölümündən sonra övladları xx.xx.2001-ci il təvəllüdlü X12 və xx.xx.2004-cü il təvəllüdlü oğlu X15 İddiaçı himayəsindədir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-570/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(061)-89/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Axundov Əlövsət Məcid oğlundan 29500 manat məbləğində pulun və dövlət rüsumu kimi 30 manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, əmlakının oğurlanması faktına görə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri prokurorunun müavini, baş ədliyyə müşaviri Mehman Qocayev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqın aparılması üçün Cavabdeh1-nin İŞ-nə göndərilmiş və istintaqın davam etdirilməsi İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Azər Məmmədzadəyə tapşırılmışdır. İş materiallarında olan İddiaçı ilə “xxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi istiqamətində hüquqi yardım göstərilməsi üçün tərəflər arasında 1000 (min) manat məbləğində xidmət haqqı razılaşdırılmışdır. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İV No 894558 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı xüsusi mülkiyyətində olan **-UG-*** dövlət qeydiyyat nişanlı TOYOTA LAND CRUİSER MİNİK markalı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2020-ci il tarixədək X5 etibarnamə vermişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İV No 284298 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı xüsusi mülkiyyətində olan **-SZ-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik markalı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2019-cu il tarixədək X1 etibarnamə vermişdir. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum edilmiş, iddiaçı faktiki olaraq 7 aydan artıq həbsdə olmuş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1303/2019 saylı hökmü ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilərək iddiaçıya bəraət verilmişdir. İddiaçı hazırda bəraət hökmünə istinad etməklə maddi və mənəvi ziyanın ödənilməsini tələb etməkdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101.1-ci bəndinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən, Nazirlik qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir. Məhkəmə iclasında mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən müəyyən edildi ki, iddiaçı tələb etdiyi maddi zərər barədə hər hansı mötəbər sübut təqdim etməmişdir (o cümlədən hüquqi yardım barədə xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödəniş barədə hər hansı qəbz, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı məruz qaldığı maddi zərərin məbləği barədə hər hansı hesabat sənədi məhkəməyə təqdim edilməmişdir; həmçinin avtomobillərin müddətli etibarnamələr əsasında başqa şəxslərin sahibliyinə verilməsi onların məhkumluqla əlaqədar satıldığını müəyyən etməyə əsas vermir; Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(061)-89/2017 saylı qətnaməsi ilə bağlı iddiaçının həbsdə olduğu dövrdə əleyhinə yaranmış hüquqi vəziyyət isə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-570/2019 saylı qətnaməsi ilə artıq düzəldilmişdir), ona görə də mülki iddianın maddi zərər barədə hissəsi sübuta yetirilmədiyindən əsassız hesab olunaraq təmin edilməməlidir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, mənəvi ziyan barədə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iddiaçının nəticədə bəraət aldığı cinayət işi üzrə bir müddət həbsdə qalmaqla hüquqlarının məhdudlaşdırıldığı, bununla da özünün və ailəsinin mənəvi iztirab və sarsıntı keçirdiyi aşkardır. Bununla yanaşı, işin halları və ziyanın dövlət büdcəsi vəsaiti hesabına ödənildiyi nəzərə alınmaqla, mənəvi ziyan məbləğinin 3000 manat həddində müəyyən edilməsi ağlabatan və ədalətli hesab olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, qeyd olunan məbləğ yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən iddiaçıya cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarının 7-ci bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına İddiaçı mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul və 0,05 manat (beş qəpik) dövlət rüsumu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1347/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1347/2020
23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver