Məhkəmə qərarları › İş №2(002)-135/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-135/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-135/2021 26.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə avtomibilə vurulmuş maddi zərərə görə 2753 manat, iddia ərizəsi üzrə 30 manat dövlət rüsumu, hüquqi xidmət haqqı olaraq 300 manat olmaqla, ümumilikdə 3083 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə saat 21.35 radələrində idarə etdiyi “Nissan Patrol” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, S,Ələsgərova küçəsi ilə hərəkət edərkən kiçik dəniz küçəsi ilə kəsişməyə çatdıqda, həmin küçə ilə hərəkət edən İddiaçı məxsus, X1 idarə etdiyi “Kia Optima” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək onunla toqquşmuşdur. Hadisə nəticəsində bədən xəsarəti alan olmamış “Kia Optima” markalı, **- LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı həmin tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol əsasında xx.xx.2020-ci il tarixdə TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Kia Optima” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 7753 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyanın məbləği hadisədən sonra “X2” LTD MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli qüsur aktı (preyskurant) ilə müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsində təqsirkar olan Cavabdeh idarə etdiyi “Nissan Patrol” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın 5000 manatı sığorta təşkilatı tərəfindən İddiaçı kart hesabına ödənilmişdir. Vurulmuş ziyanın qalan 2753 manat hissəsinin ödənilməsi üçün yol-nəqliyyat hadisəsində təqsirkar olan Cavabdeh müraciət etsə də, sonuncu həmin məbləği ödəməkdən imtina etmişdir. Bu səbəbdən ümumilikdə 7753 manat məbləğ zərər çəkən şəxs İddiaçı tərəfindən ödənilmiş və “Kia Optima” markalı avtomaşın təmir edilərək ona təhvil verilmişdir. Hal-hazıradək vurulmuş maddi ziyanın qalıq qalan və İddiaçı tərəfindən ödənilməmiş hissəsi - 2753 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib, onun təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, Bakı şəhər DYP-nin inzibati xəta haqqında inzibati xəta haqqında iş üzrə qəbul etdiyi İXP ******* seriyalı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə saat 21.35 radələrində idarə etdiyi “Nissan Patrol” markalı, **-NE- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, S,Ələsgərova küçəsi ilə hərəkət edərkən kiçik dəniz küçəsi ilə kəsişməyə çatdıqda, həmin küçə ilə hərəkət edən İddiaçı məxsus, X1 idarə etdiyi “Kia Optima” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək onunla toqquşmuşdur. İddiaçıya məxsus avtomobil qəza nəticəsində istismara yararsız vəziyyətə düşmüş, bununla da, iddiaçıya maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı həmin tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol əsasında xx.xx.2020-ci il tarixdə TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. xx xxxx 2020-ci il tarixdə “Nissan Patrol” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat məbləğində maddi ziyanın vurulması müəyyən edilmiş, həmin məbləğ “xxxx” ASC tərəfindən İddiaçı kart hesabına ödənilmişdir. xx xxxx 2020-ci il tarixdə “X2” LTD MMC tərəfindən verilmiş qüsur aktından isə görünür ki, İddiaçı məxsus Kia Optima” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7753.00 manat (3898,0 manat məbləğində dəyişilməli hissələr + 2672,0 manat məbləğində təmir-bərpa işləri + 1183.00 manat ƏDV) məbləğində ziyan dəymiş, göstərilmiş hüquqi xidmətə görə “BHM VA Partnyorları vəkil bürosuna” 300.00 manat ödəniş etmişdir. İddiaçının ödənilməsini tələb etdiyi maddi zərərin məbləğinin real olub-olmamasını araşdırmaq üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Həmin ekspertiza tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/5033 №-li rəydən görünür ki, dəyişilməli hissələrin dəyəri yeni hissələrin qiyməti ilə hesablandıqda iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə salınması üçün 6570,00 manat (3898,0 manat məbləğində dəyişilməli hissələr + 2672,0 manat məbləğində təmir-bərpa işləri) vəsait tələb olunur. Göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh sahibliyində olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə onun idarə etdiyi avtomobil iddiaçıya məxsus avtomobil ilə toqquşmuşdur. Bununla da cavabdeh mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddia əsaslıdır; cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini, ekspertin rəyində göstərilən məbləğdə ödəməlidir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MPM-in 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsinin mənasına görə, vəkillərin göstərdikləri kömək (hüquqi yardım) üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.6). Məhkəmə, cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı bildirir ki, “BHM və partnyorları” Vəkil bürosunun xx.xx.2020-ci il tarixli “Mədaxil qəbzindən” müəyyən edilir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 300 manat məbləğində pul ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 2753 manat, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu, hüquqi xidmət haqqı olaraq 300 manat olmaqla, ümumilikdə 3083 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh aid edilməli, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241- 244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2753 manat, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu, hüquqi xidmət haqqı olaraq 300 manat olmaqla, ümumilikdə 3083 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh aid edilsin, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar