Məhkəmə qərarları › İş №2(002)-1366/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1366/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1366/2021 06.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 27 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2473,58 manat məbləğində əsas borcun, 842,88 manat faiz borcunun, 21,93 manat məbləğində cərimənin, ümumilikdə 3338,39 manat məbləğində borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh 27 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 24 faizlə 48 ay müddətinə 3400 manat kredit götürmüşdür. Cavabdehin 15.03.2021-ci il tarixədək iddiaçı təşkilata 27 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2473,58 manat məbləğində əsas borcu, 842,88 manat faiz borcu, 21,93 manat məbləğində cərimə, ümumilikdə 3338,39 manat məbləğində borcu vardır. Lakin borclu müqavilənin şərtlərini dəfələrlə pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Sonuncu dəfə ödəniş 14.10.2019-cu tarixdə aparılmışdır. “xxxx” İKB ASC hazırda İddiaçı ASC kimi fəaliyyət göstərir. Qeyd olunanlara əsasən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7-ci, 185.5-ci maddələrinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.02.2019-cu il tarixli, 6-Y-3-0-682-19 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “xxxx” İKB ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh illik 24% olmaqla 48 ay müddətinə 3400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdehnın İddiaçı ASC-yə olan borcu ilə əlaqədar 15.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27.02.2019-cu il tarixli, 6-Y-3-0-682-19 saylı kredit müqaviləsi üzrə cavabdehin 15.03.2021-ci il tarixinə iddiaçı təşkilata 2473,58 manat məbləğində əsas borcu, 842,88 manat faiz borcu, 21,93 manat məbləğində cərimə, ümumilikdə 3338,39 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu, faiz borcunu və gecikməyə görə cərimə məbləğini iddiaçıya ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də müqavilənin ləğvi, əsas borc, faiz borcu və cərimə tələbləri barədə iddia əsaslı hesab olunmalıdır. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “xxxx” İKB ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 27.02.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin, Cavabdeh 27.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2473,58 manat əsas borc, 842,88 manat faiz borcu, 21,93 manat cərimə olmaqla, ümumilikdə 3338,39 manat borc pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar