Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1390/2020 21.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxx” X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” X1 Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İMEİ kodu **********72048 olan Samsung Galaxy A30 markalı telefon üçün 354 manat ödənilməmiş əsas borc, 106 manat cərimə, LG LED markalı televizor üçün 1548 manat ödənilməmiş əsas borc, 232 manat cərimə, ümumilikdə 2240 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2270 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı “xxxxxxxxxxx” X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, cavabdeh tərəf iddiaçı «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Samsung Galaxy A30 markalı telefon, LG LED markalı televizor almış və nəticədə 2240 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 531 manat (09 ay x 59 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A30 markalı telefon və alqı-satqı qiyməti 1653 manat (18 ay x 86 manat + 105 manat ilkin ödəniş) LG LED markalı televizor üçün ümumilikdə 2240 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Cavabdeh 531 manat dəyərində Samsung Galaxy A30 markalı telefonu ilkin ödəniş 0 manat olmaqla, 9 ay müddətinə hər ay 59 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Cavabdeh 1653 manat dəyərində LG LED markalı televizoru ilkin ödəniş 105 manat olmaqla, 18 ay müddətinə hər ay 86 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-ci il tarixli müqavilə üzrə cavabdehin 354 manat məbləğində ödənilməmiş əsas borc, 106 manat cərimə olmaqla, cəmi 460 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehin 1548 manat məbləğində ödənilməmiş əsas borc, 232 manat cərimə olmaqla, cəmi 1780 manat, ümumilikdə 2240 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, “xxxxxxxxxxx” X2 ilə Cavabdeh qızı arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan müqavilələr üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin pul öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı “xxxxxxxxxxx” X1 əşyaların dəyərindən ödənilməmiş qalan hissəni tələb etməsi tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə dəbbə pulu hissəsində qismən əsassızdır. Belə ki, müqavilələrdə dəbbə pulunun hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə dəbbə pulu tələbinin azaldılmasını və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 354 manat ödənilməmiş əsas borc, 30 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1548 manat ödənilməmiş əsas borc, 100 manat cərimə və 27 manat dövlət rüsumu olmaqla, cəmi 2059 (iki min əlli doqquz) manat məbləğində pul tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin, İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1390/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1390/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver