Məhkəmə qərarları › İş №2(002)-1400/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1400/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1400/2021 18.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 09.04.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən DS4 aksesuar, modem üçün 180.5 manat məbləğində ödənilməmiş hissə, 18.5 manat cərimə, 10.04.2020-ci il tarixli müqaviləyə əsasən Canon markalı printer üçün 360 manat məbləğində ödənilməmiş hissə, 36 manat cərimə, cəmi 595 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 625 manat pulun tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış 09.04.2020-ci il tarixli, 20216677 №-li olan alğı-satqı müqaviləsinə əsasən, ona ümumi qiyməti 191.5 manat (6 ay x 30 manat + 11.5 manat ilkin ödəniş) dəyərində olan DS4 aksesuar, modem satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin ödəniş 11.5 manat etməklə, məbləği hissə-hissə ödəmək şərti ilə 6 aya, hər ay üçün 30 manat olmaqla, cəmi 191.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh ilə bağlanmış 10.04.2020-ci il tarixli, 20217450 №-li olan alğı-satqı müqaviləsinə əsasən, ona ümumi qiyməti 399 manat (12 ay x 30 manat + 39 manat ilkin ödəniş) dəyərində olan Canon markalı printer satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin ödəniş 39 manat etməklə, məbləği hissə-hissə ödəmək şərti ilə 6 aya, hər ay üçün 30 manat olmaqla, cəmi 396 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 595 manat borcu ödəməmiş, bununla da alğı-satqı müqaviləsinin tələblərini pozmuşdur. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09.04.2020-ci il tarixli, 20216677 №-li alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.04.2020-ci il tarixli, 20216677 №-li müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh hissə-hissə ödəniş etmək şərti ilə, 191.5 manat məbləğində DS4 aksesuar, modemi 6 ay müddətinə, aylıq 30 manat ödəniş etməklə satmışdır. İş materiallarında olan 10.04.2020-ci il tarixli, 20217450 №-li alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.04.2020-ci il tarixli, 20217450 №-li müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh hissə-hissə ödəniş etmək şərti ilə, 399 manat məbləğində Canon markalı printer 12 ay müddətinə, aylıq 30 manat ödəniş etməklə satmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09.04.2020-ci il tarixli, 20216677 №-li müqavilə üzrə 180.5 manat ödənilməmiş məbləğ və 18.5 manat cərimə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10.04.2020-ci il tarixli, 20217450 №-li müqavilə üzrə 360 manat ödənilməmiş məbləğ və 36 manat cərimə borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.04.2020-ci il tarixli, 20216677 №-li və 10.04.2020-ci il tarixli, 20217450 №-li alğı-satqı müqaviləsi mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan müqavilə üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin iddiaçı qarşısında pul öhdəliyini icra etməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMCnin əşyanın dəyərindən ödənilməmiş məbləği tələb etməsi əsaslıdır. Bundan əlavə, Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə geçikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya məbləği tələb etməsi əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 09.04.2020-ci tarixli müqaviləyə əsasən DS4 aksesuar, modem üçün 180.5 manat məbləğində ödənilməmiş hissə, 18.5 manat cərimə borcu, 10.04.2020-ci il tarixli müqaviləsinə əsasən Canon markalı printer üçün 360 manat məbləğində ödənilməmiş hissə, 36 manat cərimə, cəmi 595 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 625 manat tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar