Məhkəmə qərarları › İş №2(002)-1401/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1401/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1401/2023 19.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan 1000 manat borcun və vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixində Cavabdeh 1000 manat nağd şəklində borc pul vermişdir. Cavabdeh pulu iddiaçıdan həyat yoldaşına kreditə avtomobil götürmək məqsədi ilə almış, öz aralarında borc müqaviləsi əsasında pulun verilməsinə dair yazılı razılığa gəlmişlər. O, cavabdehin səmimiyyətinə inanaraq ona həmin pulu vermişdir. Müqaviləyə əsasən o, almış olduğu pulu hissə-hissə, yəni xx.xx.2022-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüş, müqaviləni imzalamışdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq alınan borc məbləği geri qaytarılmamış, bununla da ona cavabdeh tərəfindən əna əlavə olaraq maddi və mənəvi ziyan da vurulmuşdur. Cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmış, etibarından sui-istifadə edərək onu aldatmiş və yalan vədlər verərək vaxtı uzatmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23 oktyabr 2021-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində 1000 manat məbləğində pulu İddiaçı borc almış, həmin pulun qaytarılmasına dair üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-də Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o xx.xx.2021-ci il tarixdə İddiaçı nağd şəkildə 1000 manat pul almış, həmin pulun 10 ay müddətində hər ay 150 manat olmaqla, qaytaracağına dair ikisinin arasında sadə yazılı formada müqavilə imzalanmış, qeyd edilən pul məbləğinin 150 manatını qaytarmış, 850 manatını isə maddi vəziyyəti ilə əlaqədar qaytara bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. Başqa şəxsə zərər vurulması. Əsassız varlanma. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında 23 oktyabr 2021-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin borc müqaviləsi üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməyi üzərinə götürmüş, lakin cavabdeh həmin müqavilə üzrə iddiaçıdan götürdüyü 1.000 manat məbləğində borc puldan cəmi 150 manatını qaytarmış, qalan 850 manatını isə maddi vəziyyəti ilə əlaqədar qaytara bilməmişdir. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 850 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, Cavabdeh Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-də verdiyi izahatdan görünür ki, Cavabdeh aldığı pulun 150 manatını iddiaçıya qaytarmış, qalan borcunun 850 manat təşkil etdiyini izahatında etiraf etmiş, lakin iddiaçı ona cavabdeh tərəfindən hər hansı maddi və mənəvi zərərin vurulması ilə bağlı sübutları məhkəməyə təqdim etməmiş, həmçinin vurulmuş maddi və mənəvi zərərin nədən ibarət olmasını və ziyanın nədə ifadə olunmasını iddia tələbində əsaslandırmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 850 (səkkiz yüz əlli manat) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar