Məhkəmə qərarları › İş №2(002)-1408/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1408/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1408/2022 06.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı «borc tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC-nin Cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən əsas borc üzrə 1748.88(min yeddi yüz qırx səkkiz manat 88 qəpik) manat olmaqla,cəmi 1748.88(min yeddi yüz qırx səkkiz manat 88 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 37.49 dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Maraqlı şəxs ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə Maraqlı şəxs ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC Tərəfindən Maraqlı şəxs ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdehə dair sənədlər S-FK-İB-45 saylı, 09 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir.Maraqlı şəxs ASC-in İslam Bnakçılıq Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 149/14 saylı “Vakala” Borc müqvailəsi bağlanılmış, həmin müqvailəyə əsasən cavabdehə illik 20% olmaqla 24 ay müddətin 3151 manat məbləğində pul vəsaiti verilmişdir. “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 20 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdehin banka hazırda olan əsas borc üzrə 1748.88 manat əsas borcu, cəmi 1748.88 manat məbləği təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin kredit borc müqaviləsini özü bağlayıb, lakin o krediti əşyanın alınması üçün bağlayıb, əşyanı alsa da, pul firmaya ödənilib, sonra həmin əşyanın pulunu ödəyə bilmədiyindən əşyanı geri qayatrdığını, lakin bununla bağlı banka mürcaiət etmədiyini, həmin firma tərəfindən ona əşyanın təhvil verilməsi ilə bağlı sənəd verildiyini, lakin pulun öədnilməsi ilə bağlı heç bir sənəd verilmədiyini, ona görə də hazırda həmin borcun ondan tutulmasına etiraz etdiyini bildirdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 10 aprel 2014-cü il 149/14 №-li kredit müqaviləsinin məzmunundan görünür ki, Maraqlı şəxs ASC-dən illik 20 faizlə 24 ay müddətinə 3151 manat məbləğində məbləğində kredit verilmişdir. İş materiallarında olan kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh 3119,00 manat pulu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdehdən borcun ödənilməsini tələb edilmiş, 10 gün müddətində borcun ödənilmədiyi təqdirdə isə əmlaka tutmanın yönəldilməsi porosedurunun başlanılması barədə xəbərdar edilmişdir. İş materialalrında olan maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdehin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1748.88 manat əsas borcu olmaqla, cəmi borcun məbləği 1748.88 manat təşkil edir, müqavilə üzrə müvafiq Fərmana uyğun olaraq 729,95 manat kompensasiya ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Əlavənin məzmunundan aydın olur ki, Cavabdeh 3151 manat məbləğində kredit borcunu 24 ay müddətində hər ay 160.37 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı Maraqlı şəxs ASC arasında 10 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 20 faiz hesablanması şərtilə 24 ay müddətinə 3151 manat məbləğində istehlak krediti verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq kredit müqaviləsi üzrə iddiaçı tərəfindən öz öhdəliyini icra etdiyi halda, cavabdeh tərəfindən öz üzərinə götürüdyü öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmiş, bununla da onun iddiaçı qarşısında həmin kredit müqaviləsindən irəli gələn və onun mülki hüquqi məsuliyyətinin yaranmasının əsası qismində çıxış edən borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən eidlmişdir ki, qeyd eidlən kredit müqaviləsi üzrə müvafiq Fərmana uyğun tədbirlər çərçivəsində 729,95 manat kompensasiya öədnilmiş, qalıq borcun məbləği 1748,88 manat təşkil edir. Cavadeh qeyd edilən pul vəsaitinin ona təhvil verilmədiyini, həmin pulun əşyanın alınması üçün firmaya ödənildiyini, əşyanı qaytarsa da, firma tərəfindən ona pul qaytarılmadığını bildirsə də, həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iş materiallarında olan kassa məxaric orderindən görünür ki, pul vəsaitini cavabdeh özü təhvil almışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 37.49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsaəsn işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumun tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1748.88 manat məbləğində borc və ödənilmiş 37.49 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1748.88 manat məbləğində borc və ödənilmiş 37.49 manat məbləğində dövlət rüsumu tutularaq tutularaq iddiaçı "xxxx" QSC BOKT-un xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar