Məhkəmə qərarları › İş №2(002)-141/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-141/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-141/2023 31.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(002)-463/2018 saylı qətnaməsinin qəbul edildiyi 28 mart 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 29 sentyabr 2022-ci il tarixədək olan 4 il 6 ay müddətində hər il üçün 126,5 (yüz iyirmi altı manat əlli qəpik) manat olmaqla 581,9 (beş yüz səksən bir manat doxsan qəpik) manat (2530 AZN/100%=25,3 x 5%=126,5 AZN, 126,5 AZN 4 il 6 ay = 581,9 AZN) manat gecikməyə görə faiz borcunun və 30 manat məbləğində ödənilməmiş dövlət rüsumunun, cəmi 611,9 (altı yüz on bir manat doxsan qəpik) məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(002)- 463/2018 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəm təmin edilərək Cavabdeh cəmi 2530 (iki min beş yüz otuz) manat pulun alınaraq mənə ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə göndərilib. Lakin Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi borclu Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb.Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin 20 dekabr 2019-cu il tarixli məktubunda cavabdeh X2 barəsində Qaradağ rayon Polis İdarəsi tərəfindən 30 oktyabr 2018-ci il tarixində 30744 nömmrəli axtarış işinin açılması və Qaradağ rayon Məhkəməsinin 8(002)-1158/2018 saylı, 30 noyabr 2018- ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması bildirilmişdir.Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 22 yanvar 2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 3(002)-2842/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərardan çıxarışından Cavabdeh Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edildiyi məlum olmuşdur.Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin 03 avqust 2022-ci il tarixli məktubunda həbsdən çıxdıqdan sonra da icra sənədinin tələblərini yerinə yetirmədiyini, qaçaraq gizləndiyi üçün yerini müəyyən etmək mümkün olmadığından barəsində borclunun axtarılmasına haqqında 04 iyul 2022-ci il tarixli qərar qəbul olunaraq icra edilməsi üçün Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə göndərildiyi bildirilmişdir.İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, mənə məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da məni pulumdan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur.Bununla əlaqədar olaraq 28 iyun 2022-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 543,95 (beş yüz qırx üç manat doxsan beş qəpik) pulun mənə ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışam. Lakin cavabdeh yenə də məndən aldığı pulu qaytarmamış, eyni zamanda ödənişin gecikdirilməsi üçün faiz ödəməkdən imtina etmişdir.Aşağıda göstərilənlərə əsasən Cavabdeh Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(002>-463 2018 saylı qətnaməsinin qəbul edildiyi 28 mart 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 29 sentyabr 2022-ci il tarixədək olan 4 il 6 ay müddətində beş yüz səksən bir manat doxsan qəpik) manat pulun alınaraq ona ödənilməsi çıxarılması zəruridir. İddiaçının nümayəndəsi İddiaçı məhkəməyə ərizə göndərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(002)- 463/2018 saylı qətnaməsindən görünür ki, “pul tələbinə dair” iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 2000 (iki min) manat əsas borc pulun, 500(beş yüz) manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumu olmaqla 2539(iki min beş yüz otuz) manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Məhkəməsinin 3(002)-2842/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərardan çıxarışından Cavabdeh Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edildiyi məlum olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı Qaradağ rayon icra və probasiya şöbəsinə ünvanlandırdığı müraciətlərinə cavab olaraq bildirlmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-463 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh 2530 manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, borcluya icraata başlmaq haqqında qərar və könüllü icra üçün bildiriş göndərilmişdir.Borclu tərəfindən tələb könüllü icra müddətində təmin edilmədiyindən ona məxsus pul vəsaitlərinin, qiymətli kağızların, mülkiyyətində olan daşınar və daşınmazəmlakların öyrənilməsi məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilsə də, heç bir nəticə verməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclunun yeri məlum olmadığından barəsində xx.xx.2018-ci il tarixdə axtarış qərarı qəbul olunaraq aidiyyəti üzrə Qaradağ rayon Polis İdarəsinə göndərilmiş və alınmış məlumata əsasən 30744 nömrəli xx.xx.2018-ci il tarixli axtarış işi açılmışdır. Qaradağ rayon məhkəməsinin 8(002)-1158 saylı xx.xx.2018-ci il tarixli qərardadi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı Qaradağ rayon icra şöbəsinə ünvanlandırdığı müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-463 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh 2530 manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, borciuya icraata başlamaq haqqında qərar və könüllü icra üçün bildiriş göndərilmişdir. Borclu tərəfindən tələb könüllü icra müddətində təmin edilmədiyindən ona məxsus pul vəsaitlərinin, qiymətli kağızların, mülkiyyətində olan daşınar və daşınmaz əmlakların öyrənilməsi məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilsə də, heç bir nəticə verməmişdir.Görülmüş icra tədbirləri nəticəsində borclu Cavabdeh Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bununla yanaşı Qaradağ rayon məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə borclu 10 gün müddətində inzibati qaydada həbs edilmişdir.Bundan sonra borclu icra sənədinin tələblərini yerinə yetirməmiş və qaçaraq gizlənmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2022-ci il tarixli qərar qəbul olunaraq icra olunması üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. İcra işi nəzarətdə saxlanılmaqla icra tədbirləri davam etdirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(002)-463/2018 saylı qətnaməsinin qəbul edildiyi 28 mart 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 29 sentyabr 2022-ci il tarixədək olan 4 il 6 ay müddətində hər il üçün 126,5 (yüz iyirmi altı manat əlli qəpik) manat olmaqla 581,9 (beş yüz səksən bir manat doxsan qəpik) manat (2530 AZN/100%=25,3 x 5%=126,5 AZN, 126,5 AZN 4 il 6 ay = 581,9 AZN) manat gecikməyə görə faiz borcunun və 30 manat məbləğində ödənilməmiş dövlət rüsumunun, cəmi 611,9 (altı yüz on bir manat doxsan qəpik) məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(002)-463/2018 saylı qətnaməsi əsasən Cavabdeh İddiaçı xeyrinə 2530 manat məbləğində pul vəsaiti tutulması qət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qətnamə üzrə ödənilməli olan borc artıq 4 il 6 aydır ki, icra edilmir.(28 mart 2018-ci il tarixdə iddiaçının xeyrinə 2530 manat tutulması qət edilmiş və iddiaçı gecikdirilmiş borc üzrə yaranmış faiz tələbi ilə isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir) Bu gecikdirmənin hər hansı üzrlü səbəblərdən baş verməsinə dair sübutlar mövcud deyil, əksinə bununla əlaqədar cavabdeh hətta inzibati məsuliyyətə də cəlb olunmuşdur. Bu səbədən İddiaçı cavabdehdən borc üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi -581,9 manat borcu və ərizənin məhkəmədə baxılması üçün ödənilmiş olduğu 30 manat olmaqla ümumilikdə 611,9 manat pul vəsaitinin ödənilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi tələbi qismən əsaslıdır, belə ki, qətnamə ilə tutulmalı olan borcun(2530 manat) 5%-i 2530x5%x4,5(4 il 6 ay)=569,25 manat olduğundan iddia tələbi həmin hissədə təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 569,25 manat pul tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569,25 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 483, 120-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569(beş yüz altmış doqquz) manat 25(iyirmi beş) qəpik borc və 30(otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar