Məhkəmə qərarları › İş №2(002)-1422/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1422/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1422/2022 01.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 29.08.2009-cu İ təvəllüdlü X1 və 12 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 130 manat, cəmi iki uşağa görə 260 manat miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin bu qətnaməsi ilə razılaşmayaraq həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermis, Bakı Apellyasiya Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(103)-13879/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2037/2019 saylı qətnaməsi dəyişdirilərək hər uşağa 145 manat olmaqla, cəmi iki üşağa görə 290 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. O, yenidən alimentin artırılması üçün 6 saylı mediasiya mərkəzinə müraciət etmiş, Cavabdeh ilə 10.03.2022-ci il tarixdə bağladığı barışıq sazişinə əsasən cavabdeh hər bir uşağa görə ona 193 manat alimentin ödənilməsinə razılıq vermişdir. Həmin barışıq sazişinin imzalanmasından müəyyən müddət keçməsinə baxmayaraq cavabdeh indiyə kimi ona heç bir ödəniş etməmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh, 29.08.2009-cu il təvəllüdlü X1 və 12 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi iki uşağa görə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(103)-13879/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2037/2019 saylı iş üzrə 23 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh 29.08.2009-cu il təvəllüdlü X5 və 12.05.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilərək, alimentin məbləği hər ay bir uşaq üçün 145 manat olmaqla, cəmi iki uşağa görə 290 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 10 mart 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh birgə nikahdan anadan olmuş 29.08.2009-cu il təvəllüdlü X5 və 12.05.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 hər ay bir uşaq üçün 193 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, onların həmin nikahdan 2 uşaqlarının olması, həmin uşqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, onların normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 29.08.2009-cu il təvəllüdlü X5 və 12.05.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh iddiaçı X2 xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi iki uşağa görə 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh 41,30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilsin. 29.08.2009-cu il təvəllüdlü X5 və 12.05.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh iddiaçı X2 xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi iki uşağa görə 386 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 41,30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar