Məhkəmə qərarları › İş №2(002)-1429/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1429/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1429/2022 01.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.205 manat əsas borc, 3.102,50 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2011-ci il tarixli, 2(002)- 146/2011 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh 24 noyabr 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək verilən tələbə qarşı etiraz etmiş, etiraz əsaslı olduğundan məhkəmənin 19 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qiyabi qətnamə ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi təyin edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixli borc müqaviləsinə əsasən cavabdehə 1 ay müddətinə 6.205 manat məbləğində borc vermişdir. Cavabdeh müqavilənin 3.1-ci bəndinin tələbinə uyğun olaraq borcu xx.xx.2009-cu il tarixədək qaytarmalı olmasına, həmin müddətdən 7 aydan çox vaxt keçməsinə və dəfələrlə onun tərəfindən borcun qaytarılması ilə bağlı cavabdehə xəbərdarlıqlar etməsinə baxmayaraq, bu günədək borcunu qaytarmamışdır. xx.xx.2009-cu il tarixli borc müqaviləsinin 2.4.3-cü bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ümumi borc məbləğinin 50 % miqdarında cərimə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin qeyd olunan bəndinə əsasən cavabdeh ona əlavə olaraq 3.102,50 manat cərimə ödəməlidir. İddiaçı məhkəməyə həm ərizə, həm də elektron qaydada ərizə göndərərək, Cavabdeh qarşı heç bir iddiasının və şikayətinin olmadığını bildirmiş, işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər . Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia tələbinin əsası kimi 23 oktyabr 2009-cu il tarixdə bağlanması qeyd olunan borc müqaviləsinə istinad edir. Həmin müqavilə nəzərdən keçirilərkən açıq şəkildə müşahidə olunur ki, müqavilənin tarixində səhvə yol verilmiş, müqavilənin 1.3-cü bəndində borc məbləği kimi əl yazması ilə qeyd edilən məbləğdə düzəliş edilmiş, məbləğ dəyişdirilmiş, lakin müqavilənin heç bir yerində edilmiş düzəlişə inanılması barədə qeyd aparılmamışdır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi müqavilə mötəbər sübut kimi qəbul edilə bilməz. İkinci bir tərəfdən, iddiaçı məhkəməyə rəsmi şəkildə müraciət edərək göstərmişdir ki, onun məhkəməlik heç bir işi yoxdur. Məhkəməyə gəlməsi barədə ona SMS gəlmişdir. İddiaçı sonradan belə bir qənaətə gəlmişdir ki, onun cavabdehə qarşı iddiası əsaslı deyil. Bu səbəbdən şəxs iddia ərizəsini müdafiə etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar