Məhkəmə qərarları › İş №2(002)-1434/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1434/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1434/2021 06.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi ilə, iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 105,58 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında 28.12.2019-cu il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bu müqaviləyə görə bank müştəriyə cari hesab (bundan sonra hesab) açmağı və hesab üzrə plastik kart(lar) (bundan sonra kart adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək, texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Cavabdeh bank tərəfindən açılmış hesab üzrə 29.03.2020-ci il tarixdə 6 manat və 100,31 manat məbləğində texniki overdrafta yol verilmiş, həmin overdraft məbləğindən cəmi 0,73 manat məbləğində qismən ödəniş edilsə də sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bu günə cavabdehin iddiaçı qarşısında 105,58 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bu səbəbdən də iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.12.2019-cu il tarixli, ******* saylı ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə bank müştəriyə cari hesab (bundan sonra hesab) açmağı və hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdehnın “xxxx” KB ASC-nə olan borcu ilə əlaqədar 02.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 02.03.2021-ci il tarixinə plastik kart üzrə ümumi overdraft borcu 105,58 manat təşkil edir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparmaqla müqavilə üzrə öhdəliyini pozmuş və iddiaçı təşkilat qarşısında buna görə yaranmış pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də pul tələbi barədə iddia əsaslı hesab olunmalıdır. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 105,58 manat məbləğində pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar