Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1435/2020 27.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X12 iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat alimentin tutulması, xx.xx.2012-ci il təvəllüdlü X3 müalicəsi üçün aylıq 100 manat məbləğində alimentin tutulması, habelə xx.xx.2012-ci il təvəllüdlü X3 müalicəsi üçün indiyə qədər çəkilmiş 545 manatın yarısının 272,50 manat məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə arasında bağlanmış nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(002)-4435/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X10 olmuşdur. Sözügedən qətnamə ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 136,60 manat, iki uşağa görə hər ay cəmi 273,20 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. O, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tərəflərin brgə nikahdan olan uşaqlarından birinin əməliyyat olunduğunu, əməliyyatla bağlı bütün xərclərin iddiaçının özü tərəfindən ödənildiyini, iddiaçının özünün heç bir yerdə işləmədiyinialdığı alimentin məbləğinin isə uşaqların saxlanması üçün kifayət etmədiyini, onların zəruri xərclərini ödəmədiyini, habelə uşağın müalicəsi üçün zəruri xərc tələb olunduğunu, uşaqlarının özlərinin ataları ilə görüşmək istəmədiyini, bunun icra məməru tərəfindən aktlaşdırıldığını, X3 əməliyyat olunduğunu və hər ay onun müalicəsi üçün pul xərcləndiyini, əməliyyat olunduqdan sonra heç bir müalicə müəssiəsində qeydiyyata alınmadığını, poliknikada qeydiyyata alınmadığını, rəsmi olaraq onun müalicəsinin davam etdirilməsinə dair heç bir sənədin olmadığını, ancaq uşağın müalicəsinin həkim nəzarəti altında davam etdirildiyini, lakin bununla bağlı sənəd təqdim edə bilməyəcəyini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının uşaqlarını ona göstərmədiyini, madi imkanının olmadığını, uşaqların saxlanmasından boyun qaçırmadğını, heç bir yerdə işləmədiyini, o qədərə vəsaiti hər ay ödəmək iqtidarında olmadığını, maddi imkanı yaxşı olduğu halda, ondan da artıq məbləğ ödəməyə razı olduğunu, lakin indiki halda həmin məbləğdə vəsaiti ödəməyə imkanının olmadığını, bundan əvvəl hətta elə ay olub ki, 300- 350 manat aylıq aliment ödədiyini, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(002)-4435/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2011-ci il tarixdə Bakı şəhəri, Qaradağ Rayon Qeydiyyat şöbəsndə 845 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanmasını, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 136,60 manat, iki uşağa görə hər ay cəmi 273,20 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, AZ-İ 288197 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah ləğv edilmişdir. İş materiallarında olan AZE seriyalı 12671471 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZE seriyalı 12671470 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Turan klinikasının çek fakturasından görünür ki, Cavabdeh adenotonzillektomiya əsasına görə xəstənin ödədiyi məbləğ 500 manat təşkil etmişdir. İş materiallarından görünür ki, X3 döş qəfəsi rentgenskopiyası əsasına görə 18 manat məbləğində pul vəsaiti ödənilib. İş materiallarından görünür ki, X3 dəmir və qanın ümümi analizinə görə 27 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarından görünür ki, X3 müalicəsi üçün 545 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllədə uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(002)-4435/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2011-ci il tarixdə Bakı şəhəri, Qaradağ Rayon Qeydiyyat şöbəsndə 845 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanmasını, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 136,60 manat, iki uşağa görə hər ay cəmi 273,20 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin övladının olması və yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalması, həmçinin onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iddia tələbinin alimentin artırılması hissəsi ilə bağlı hesab edir ki, 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə, habelə uşağın müalicə olunması üçün bir sıra yaranmış əlavə xərclərinin ödənilməsinə imkan vermir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə alimentin artırılan miqdarının məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə cavabdehin mövcud maddi vəziyyətini xarakterizə edən halların, habelə cavabdehin mövcud maddi vəziyyətində əsaslı dəyişikliyin baş verməsinə dair halların müəyyən edilməməsini, habelə uşaqların saxlanılması, böyüdülməsi ilə bağlı öhdəliklərin icrasının hər iki valideynin borcunun olması halının nəzərə alınması məqsədəmüvafiqdir. Ona görə də, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ahbelə uşaqların üstün mənafeyini, daim artan tələbatlarının, zəruri sağlamlıq, təhsil xərclərinin ödənilməsi zərurətinin olduğunu əsas götürərək, hesab edir ki, müvafiq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinın artıralaraq, hər ay hər bir uşaq üçün 150 manata sabit pul məbləğində müəyyən eidlməsi ağlabatan məbləğ kimi qəbul edilə bilər. Məhkəmə iddia tələbinin uşağın müalicəsi üçün çəkilmiş xərclərin yarısının cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan aydın olur ki, hər iki tərəf övladlarının tənəffüs çatışmazlığı (adenoid vegetasiyası) xəstəliyindən əziyyət çəkdiyini, habelə bununla əlaqədar əməliyyat olunduğu halını qəbul edir. Həmçinin, iş materiallarından görünür ki, tərəflərin birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə əməliyyat olunmuş, əməliyyatın aparılması ilə əlaqədar ümumilikdə 545 manat məbləğində pul vəsaiti ödənilərərk, həmin məbləğdə xərc çəkilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin izahatından aydın olur ki, o, uşağın əməliyyat olunması barədə məlumatlı olmuş, lakin çəkilmiş xərclərin ödənilməsində ümumiyyətlə iştirak etməmişdir. Ona görə də iddiaçı, uşağın əməliyyatolunmasına artıq çəkdiyin xərcin yarısının cavabdehdən tutulmasına dair tələb irəli sürmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar olaraq, məhkəmə hesab edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən hər iki valideyn həm uşaqla birlikdə yaşayan, həm uşaqla ayrı yaşayan valideyn uşağın sağlamlığının qorunmasının qayğısına qalmasında birgə məsuliyyət daşımaqla, hər iki valideynin bunun təmin edilməsi üçün müvafiq zəruri tədbirlərin görülməsində bərabər əsaslarla iştirak etmək öhdəliyi vardır. Həmçinin, həmin öhdəliyin icra olunmasında hər iki valideyn bərabər qaydada və əsaslarla iştirak etmək məcburiyyətindədir. Belə ki, qanunvericiliyin tələbinə əsasən uşağın normal inkişafının, əqli, fiziki, mənəvi cəhətdən sağlam böyüməsinin təmin olunması və buna yönələn tədbirlərin həyata kemirilməsi, habelə bununla bağlı müvafiq xərclərin çəkilməsində hər iki valideyn bərabər əsaslarla iştirak etməklə, birgə məsuliyyət daşıyırlar. Ona görə də, qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəflərin birgə övladı olan xx.xx.2012-ci il təvəllüdlü X4 əməliyyat olunmasına çəkilmiş xərclərə cavabdehin cəlb olunması tələb etməklə, həmin ödənilmiş xərclərin yarısının cavabdehdən tutulmasına dair tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə uşağın əməliyyat olunmasına çəkilən xərcin məbləği ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı uşağın əməliyyat olunmasına ümumilikdə 545 manat məbləğində xərc çəkilməsi halı iş üzrə mötəbər sübutlar əsasında öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəf uşağın əməliyyat olunması ilə bağlı ümumilikdə 545 manat məbləğində (500+18+27 manat) ödənişin həyata keçiriməsinə dair müvafiq ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə tərələrin birgə nikahdan olan övladı xx.xx.2012-ci il təvəllüdlü X3 əməliyyat olunması ilə bağlı çəkilmiş ümumi xərcin 545 manat olması faktı mötəbər sübutlarla təsdiq olunduğundan, cavabdeh məhzhəmin məbləğin yarisi miqdarında olan xərcin ödənilməsinə cəlb edilməli, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin uşağın müalicəsi üçün hər ay 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının vəkili və nümayəndəsi cavabdehdən tərəflərin birgə nikahdan olan övladı xx.xx.2012-ci il təvəllüdlü X6 müailicəsi üçün hər ay 100 manat məbləğində vəsaitin tutulması ilə bağlı iddia tələbi irəli sürərək, iddia tələbinin əsası kimi uşağın əməliyyatdan sonra daimi müalicəyə ehtiyacının oması, müalicəsi üçün mütəmadi dərmanlar almaq zərurəti olması kimi hallara istinad etsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının vəkili və nümayəndəsi uşağın mütəmadi olaraq həkim nəzarəti altında müalicə olunduğunu, bunun daimi xarakter daşıdığını bildirsə də, xx.xx.2012-ci il təvəllüdlü X3 yaşayış yeri üzrə müvafiq poliknikada və ya digər hər hansı müalicə müəssisəində həkim nəzarətinə götürülməsi ilə bağlı, ahbelə onun daimi müalicəyə ehtiyacının olması hallarına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamnaı tərəflərin birgə nikahdan olan övladı xx.xx.2012-ci il təvəllüdlü X3 daimi müalicəyə ehtiyacı olması halını müəyyən etmək mükün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsasız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X14 Məhkəməsi "X5rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-4435/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, X3 və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində aliment, X3 müalicə olunmasına çəkilmiş xərcin 272,50 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-4435/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, X3 və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manatt sabit məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 əməliyyat olunmasına çəkilmiş xərcin 272,50 (iki yüz yetmiş iki manat 50 qəpik) manat məbləğində olan hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1435/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1435/2020
27.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver