Məhkəmə qərarları › İş №2(002)-1438/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1438/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1438/2020 11.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-183/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq əmək haqqına yönəldilməklə hər ay qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi miqdarında aliment tutulub xx xxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh dən sabit pul məbləğində aliment tutulmasını, uşaq üçün yaşayış minimumu artdığından eləcə də uşağın tələbatı çoxaldığından cavabdehdən 170 manat miqdarında alimentin tutulmasını istəyir. Həmçinin cavabdehin kifayət qədər imkan olsa da uşağa heç bir maddi yardım göstərmir. AR Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-183/2018 saylı qətnaməsində göstərilən alimentin məbləği dəyişdirilərək Cavabdehxx xxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Həmin ərizənin nəzərə alınmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Onda olan məlumata əsasən cavabdeh tikintidə işləyir və müntəzəm qazancı olmadığına görə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-183/2018 saylı qətnaməsi icra edilməmiş və ona heç bir aliment ödənilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-183/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq əmək haqqına yönəldilməklə hər ay qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi miqdarında aliment tutulub xx xxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 və İddiaçı xx xxxx 2008-ci il təvəllüdlü X2 adlı 1 uşağı var. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflərin bir övladları var. Məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə bir uşaq üçün aliment tutulmuşdur, hazırda iddiaçı alimentin miqdarının artırılmasını, həmçinin sabit pul məbləğində tutulmasını tələb edir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment məbləğinin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment məbləğinin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment məbləğinin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məbləğinin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-183/2018 saylı qətnaməsi ilə aliment qazancın və başqa gəlirlərinin müəyyən hissəsi şəklində təyin edildiyindən, hazırki iş üzrə cavabdehin müntəzəm gəlirləri olmaması səəbəbindən alimentin ödənilməsi mümkün olmadığından, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-183/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 150 (yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-183/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 150 (yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar