Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1461/2025 18.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alğı-satqı müqaviləsinin etibarsmız hesab edilməklə ləğv olunması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və buna əsas olmuş qeydlərin ləğv olunması, qanunsuz zəbt olunmuş torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «mülkiyyət hüququnun müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 2 torpaq sahəsinin üzərində olan tikilidən və torpaq sahəsindən çıxarılması; Cavabdeh1 26.100 manat zərərin əvəzi – əldən çıxmış fayda və ödənilmiş 168 manat dövlət rüsumu olmaqla, cəmi 26.268 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış, ona məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsinin alğısatqı müqaviləsinin etibarsız sayılmaqla ləğv edilməsi; həmin alğı-satqı müqaviləsi əsasında torpaq sahəsinin və üzərində olan tikiliyə dair Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış və ona əsas olmuş qeydlərin ləğv olunması; əvvəl verilmiş iddia tələbi nəzərə alınmaqla Cavabdeh1 qanunsuz zəbt olunmuş, ona məxsus torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda yerləşən 5 sot torpağın və üzərində yerləşən tikililərin mülkiyyətçisidir. Mülkiyyətində olan tikililərinin bir hissəsini Cavabdeh1 zəbt etmişdir. Dəfələrlə çıxmasını vəd etsə də, hazırda könüllü olaraq tikilini tərk etməkdən imtina edir. Beləliklə, Cavabdeh1 onun mülkiyyət hüququnu və Azərbaycan Respublikası CM-nin 180.1, 180.2.3, 180.2.5-ci maddələrini pozmuşdur. Polis orqanları tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 2018-ci ildən bu günədək 7 il 3 ay müddətində o, həmin tikilini hüququ pozulmasaydı 300 manat ayda götürməklə kirayəyə versəydi, 87 ay üçün 26.100 manat gəlir əldə edərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdeh1 tələbi nəzərə alınmaqla, mülki işə iddiaçının və iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, heç kimin torpaq sahəsini və evini zəbt etməmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin özünə məxsus olmasını, yaşadığı evin və istifadəsində olan torpaq sahəsinin iddia predmetini təşkil edən daşınmaz əmlakla eynilik təşkil etdiyini və onun istifadəsində olan torpaq sahəsinin özünə məxsus olmasını sübut etmək yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı bunu sübuta yetirməlidir. Bu səbəbdən hesab edir ki, iddiaçının iddia tələbi tam əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Bildirir ki, istifadəsində olan torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə hüquqları DƏDK və Reyestri PHŞ-nın müvafiq ərazi idarəsi tərəfindən qeydiyyata alınmış və ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış və texniki pasportun surətlərini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, şahid X3 ifadəsində bildirdi ki, İddiaçı onun anasıdır. Anası hal-hazırda X1 birlikdə yaşayır. 1980-ci illərdə ünvan 1 ünvanda yaşamışdır. Orada məktəbə getmişdir. Bakıda texnikumda oxumuşdur. Sonradan ərə getdiyinə görə oradan köçmüşdür. Anasının sağlam olması ilə bağlı videogörüntünü də məhkəməyə təqdim edə bilər. Məhkəmə yuxarıda qeyd edilən şahid ifadəsinə münasibətdə qeyd edir ki, şahid ifadəsi iddia tələbində qeyd edilən ünvanda yerləşən torpaq sahəsi və onun üzərində olan tikilinin (tikililərin, evin və s.) cavabdehin istifadəsində olan torpaq sahəsi və onun üzərində olan tikili (ev) ilə eynilik təşkil etməsini təsdiq edən mötəbər sübut hesab oluna bilməz. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 30/5415 reyestr saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4-cü massiv ünvanda yerləşən 7 saylı ev şəxsi mülkiyyət hüququ ilə İddiaçı adına 04 saylı reyestr kitabının 597 saylı səhifəsində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4-cü massiv ünvanda yerləşən 3C saylı ev və 0,02528 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı hazırda iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə tərəfindən verilmiş sorğulara alınan cavab məktublarından göründüyü kimi, cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, qeydə almada qeyri-dəqiqliyə yol verilməmiş, bu hüquqlar qeydiyyata alınarkən hər hansı saxtakarlığa və s. hallara yol verilməmişdir. Cavabdehin qeyd olunan əmlak üzərində mülkiyyət hüququ barədə qeydə münasibətdə dövlət reyestrinin məzmunu həqiqidir və tamamdır. Bundan başqa, məhkəmənin sorğusuna əsasən daşınmaz əmlakın dövlət reyestrini aparan orqan, həmçinin notariat hərəkətləri aparan orqan tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən (daşınmaz əmlakın təsvirinə və s. dair dövlət reyestrindən 1 saylı forma üzrə arayış, alğı-satqı zamanı keçmiş mülkiyyətçinin ailə üzvlərinin verdiyi razılıq ərizələri, alğı-satqı müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən öncəki mülkiyyətçi Cavabdeh2 və hazırki mülkiyyətçi Cavabdeh1 adına verilmiş çıxarışlar, texniki pasport və s.) göründüyü kimi, alğı-satqı aparılarkən, müvafiq qeydiyyat aparılarkən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara diqqəti cəlb edərək vurğulayır ki, Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. İddiaçı iddia ərizəsində müqavilə tərəfləri arasında bağlanmış əqdin etibarsız olduğunu, iddiaçının nümayəndəsi isə bütün sənədləşmə işləri zamanı saxtakarlığa yol verildiyini bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hala dair mötəbər sübut təqdim etməmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hazırki iş üzrə heç bir qanuni əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddianın əsası kimi əqdin etibarsızlığı tələbi çıxış edir. Yuxarıda vurğulandığı kimi, iddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Belə olduğu təqdirdə, əqdin etibarsızlığı tələbindən (əsas tələb) doğan digər tələblər (əlavə tələblər) olan – daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydlərin ləğv edilməsi, torpaq sahəsindən və üzərindəki tikilidən çıxarılma tələbləri də təmin edilə bilməz. Göründüyü kimi, iddia əsaslı deyil və təmin olunmamalıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 168 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alğı-satqı müqaviləsinin etibarsmız hesab edilməklə ləğv olunması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və buna əsas olmuş qeydlərin ləğv olunması, qanunsuz zəbt olunmuş torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 168 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alğı-satqı müqaviləsinin etibarsmız hesab edilməklə ləğv olunması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və buna əsas olmuş qeydlərin ləğv olunması, qanunsuz zəbt olunmuş torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 168 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1461/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1461/2025
18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver