Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1462/2025 08.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 35000 (otuz beş min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, müharibə veteranı və əlilidir. 2023-cü ilin yanvar ayının əvvəlində tanışı ona Qarabağ əlillərinə və şəhid ailələrinə “Jurnalistlər binası”nda Novruz Bayramına kimi ev veriləcəyini və əgər istəyirsə onu bu işlərlə məşğul olan Rafiq adlı şəxslə tanış edə biləcəyini bildirmişdir. Bu barədə Cavabdehla razılığa gəlmiş, cavabdehə sözügedən yerdən ona 3 (üç) otaqlı mənzilin verilməsi üçün 11000 manat pul vermiş, daha sonra ailəsi üçün ayrıca 11000 manat olmaqla, cəmi 22000 manat məbləğində pul vermişdir. Eyni zamanda bildirir ki, yerdə qalan 13000 manat məbləğindəki pulu həmin məqsədlə şəhid ailəsi üzvü olan tanışından alıb Rafiqə vermişdir ki, Rafiq həmin şəhid ailəsi üzvünü də “Jurnalistlər binası” adlanan yerdən evlə təmin eləsin. Lakin cavabdeh vədinə əməl etməmiş, nə də pulu geri qaytarmamışdır. Cavabdehin bu əməllərinə görə polisə müraciət etmiş, lakin cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan şəhid ailəsi üzvü olan tanışına pulu özü qaytarmalı olmuşdur. Lakin Rafiqə verdiyi pul bu günə qədər geri qaytarılmamış, Rafiq tərəfdən ona hər hansı məbləğdə pul ödənilməmişdir. Hesab edir ki, cavabdeh onu aldatması nəticəsində vurduğu zərəri tam şəkildə ödəməlidir. Hazırda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh onun atasıdır. Cavabdeh iddia tələbinə etiraz edir. Belə ki, həqiqətən tərəflər arasında evlə bağlı pul söhbəti olmuş, iddiaçı cavabdehə cəmi 22000 manat məbləğində pul vermişdir. Lakin ev məsələsi alınmadığına görə həmin puldan 8500 manat atası tərəfindən şəxsən iddiaçıya nağd qaydada verilmiş, sonradan atasının xahişi ilə Həsrət adlı şəxs tərəfindən iddiaçıya nağd qaydada 5000 manat, köçürmə yolu ilə 8500 manat pul ödənilmişdir. İddiaçının 13000 manat məbləğindəki pul barədə izahatı isə həqiqətə uyğun deyildir. İddiaçı cavabdehə cəmi 22000 manat pul vermiş, cavabdeh də həmin pulu ona qaytarmışdır. Təəssüf ki, cavabdeh pulu qaytarında iddiaçıya inanmış, hər hansı qəbz almamışdır, ona görə də pulun cavabdeh tərəfindən qaytarılması barədə sübut təqdim edə bilmir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, iddiaçını 2018-ci il tarixdən tanıyır. Həqiqətən iddiaçını evlə təmin etmək üçün cavabdeh iddiaçıdan 22000 manat məbləğində pul almışdır. Taksi sürücüsü kimi həmin pulu iddiaçı ilə birlikdə aparıb Cavabdeh vermişlər. Cavabdeh tərəfindən həmin pulun qaytarıldığını görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, iddiaçının döyüş yoldaşı olub, həm də qonşusudur. Onun bildiyinə görə, cavabdeh iddiaçını evlə təmin etmək üçün iddiaçıdan 22000 manat məbləğində pul almışdır, lakin indiyə kimi qaytarmamışdır. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh öz imzaları ilə təsdiq etdikləri “tərəflərin razılığına əsasən görüləcək iş üçün götürüləcək məbləğə dair” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 11000 manat məbləğindəki pulu Cavabdeh vermiş, Cavabdeh göstərilən məbləği İddiaçı almışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh öz imzaları ilə təsdiq etdikləri qəbzdən görünür ki, İddiaçı dostu Cavabdeh görəcəkləri işlə bağlı 11000 manat məbləğində pulu təhvil vermişdir. İş materiallarında olan 042545 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli ərizələrin surətlərindən görünür ki, iddiaçı cavabdehin onun 22 min manat pulunu mənimsədiyini qeyd edərək bu barədə dövlət orqanlarına şikayət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, araşdırma nəticəsində toplanmış materiala əsasən iddiaçının cavabdehə 22 min manat pul verdiyi, lakin sonuncunun pulu qaytarmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin ifadələrinə, yazılı qəbzlərə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən müəyyən edildi ki, cavabdeh iddiaçıdan onu evlə təmin etmək adı altında 22000 manat məbləğində pul almış, sonradan nə ev məsələsi həll olunmuş, nə də pul qaytarılmış, bununla da iddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində həmin məbləğdə maddi ziyana məruz qalmışdır. Cavabdeh tərəf həmin məbləği qaytardığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı 22 min manat puldan əlavə cavabdehə 13 min manat pul verdiyi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, iddia tələbi qismən, 22000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1462/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1462/2025
08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver